Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Qarabağa gedən Türkiyə vətəndaşları və CHP-li deputatlar cəzalandırılacaqmı?

Qarabağa gedən Türkiyə vətəndaşları və CHP-li deputatlar cəzalandırılacaqmı?
Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun sentyabrın 22-də işğal edilmiş ərazilərimizə səfər etmələri, ardınca AŞ PA-da Cümhuriyyət Xalq Partiyasının sabiq lideri Dəniz Baykal başda olmaqla CHP-li deputatların ölkəmizin əleyhinə olan qətnaməyə səs vermələri Azərbaycan gündəminə “bomba” kimi düşüb. Hər iki məsələ ətrafında ciddi qınaqlar var.
Hətta qardaş ölkədən işğal altındakı ərazilərimizə səfər edənlərin, eləcə də, ölkəmizə əleyhinə səs verənlərin cəzalandırılması tələb olunur.

Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə dörd türk vətəndaşına qarşı cinayət işi başlansa da, hələ ki Türkiyə tərəfdən susqunluq nümayiş etdirilir. CHP-li deputatların mövqeyinə isə hələ də münasibət qardaş ölkədə bildirilməyib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycanın hazırda çox incə bir zamanda yaşadığını söylədi: “Belə məqamlarda hər şey ölçülüb-biçilməlidir. Azərbaycan cəmiyyətində türk vətəndaşların Dağlıq Qarabağa səfər etmələri və türk deputatların səsverməsi çox ciddi narazılıqla qarşılanıb. Uman yerdən küsərlər. Azərbaycan-Türkiyə son zamanlarda birgə hərbi təlimlər keçirirlər. Digər məsələlər yönündə də çox ciddi addımlar atılır. Belə məqamlarda qardaş ölkələri sevməyən qüvvələr Türkiyə daxilindəki maşalardan istifadə edirlər. Necə ki, Azərbaycanın özünə təsir etmək üçün ölkə daxilindəki “beşinci kolon”dan istifadə olunur. Mütəmadi olaraq bu halların şahidi oluruq. Eyni hadisələr də Türkiyədə baş verir. Bizim öz adamlarımız da Avropa Şurası və digər yerlərdə əleyhimizə danışırlar. Azərbaycan üzərində davada, Azərbaycan və Türkiyənin mane olması yönündəki fəaliyyətdə daxildən istifadə olunur. Nə Dağlıq Qarabağa gedən türk vətəndaşlarının, nə də AŞ PA-da Azərbaycan əleyhinə səs verən türk deputatların iradəsi Türkiyə dövlətinin və cəmiyyətinin iradəsi deyil.

Çünki orada müxtəlif partiyalar iştirak edir. Azərbaycan tərəfdən olan narazılıqların kifayət qədər əsasları var. Ən azından Dağlıq Qarabağa gedən türk vətəndaşları haqqında ölçü götürülməlidir. Gedib Avropada ölkəmiz əleyhinə səs verən türk deputatlarını dövlət cəzalandıra bilməz. Amma qanunsuz şəkildə işğal olunan Azərbaycan ərazilərinə gedən şəxslər cəzalandırıla bilərlər. Bunun tamamilə tərəfdarıyam. Azərbaycan cəmiyyətinə sözüm ondan ibarətdir ki, burada əsas məqsəd Türkiyə-Azərbaycan əlaqələrini soyutmaqdır. Burada qətiyyən ifrata varmaq olmaz. Çünki bu hadisələrlə yanaşı hər iki ölkə arasında çox mühüm dövləti əlaqələr var. Bunlar hər iki qardaş ölkənin inkişafında mühüm yer tutacaq. Baş verən hadisələr gərək əlaqələrimizə kölgə salmasın. Sonda bir daha deyirəm ki, Türkiyə tərəfi Dağlıq Qarabağa səfər edən vətəndaşlarını cəzalandırmalıdır”.


Politoloq Elçin Mirzəbəyli məsələyə iki konteksdən yanaşır: “Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmələri Azərbaycan sərhədlərinin pozulmasıdır və təbii ki, cinayət tərkibli davranışdır. Bu fakt təkcə Azərbaycan qanunvericiliyi çərçivəsində yox, həm də Türkiyə qanunlarının pozulması kimi dəyərləndirilməlidir. Yəni Türkiyə vətəndaşları başqa bir ölkənin ərazisinə qanunsuz səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qardaş ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presidentlər zamanı, məsələn PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağa qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirilməlidir. Bunun üçün Azərbaycanın müraciətini gözləməyə dəyməz. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. CHP-dən olan deputatların davranışlarına isə bir az fərqli yanaşmaq lazımdır. Onların addımları şübhəsiz ki, pislənilməlidir. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, CHP-dən olan deputatlar Azərbaycanın əleyhinə olan qətnamələrin lehinə səs verməklə həm də anti-Azərbaycan, anti-Türkiyə dairələrinə yarınmaq, onların dəstəyini qazanmaq niyyəti güdüblər.

Türkiyənin hakim partiyasının qərblə pisləşməkdə olan münasibətlərindən istifadə edən CHP təmsilçiləri siyasi konyuktura naminə yaranmış vəziyyətdən öz maraqları üçün istifadə edə bilərlər. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan-Türkiyə münasibətləri hər iki xalqın dünəni, bu günü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu münasibətləri heç bir halda partiya, yaxud hakimiyyət maraqlarına qurban vermək olmaz. Baş verənlərin Azərbaycanda ciddi narazılığa səbəb olmasının səbəblərindən bir də budur. Başqa bir səbəb isə hər iki faktın Türkiyədə sanki heç bir şey baş verməyibmiş kimi qəbul olunmasıdır. Azərbaycanda Türkiyə ilə bağlı bütün məsələlərə həssas yanaşırlar.
Türkiyəyə qarşı olan haqsızlıqlara münasibətdə bəzən Türkiyə vətəndaşları qədər, bəlkə daha çox etirazların baş qaldırdığını görürük. Bir faktı xatırladım: 2014-cü ildə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə Türkiyənin iştirak etməməsindən ruhlanan Ermənistan prezidenti qardaş ölkənin ünvanına sərt ittihamlar səsləndirdi. Azərbaycan prezidenti isə öz çıxışında “Türkiyə bu tədbirdə yoxdur, mən burdayam” deyib Serj Sarkisyanın ittihamlarını tutarlı arqumentlərlə alt-üst etdi. Amma təəssüf ki, biz Türkiyənin hakim partiyasının nümayəndələri tərəfindən Azərbaycana qarşı çıxış edən CHP-çilərə münasibətdə hətta qınayıcı bəyanatların da şahidi olmadıq. Bu mövzu hətta Türkiyə Böyük Millət Məclisinin gündəminə də daşınmadı. Təəssüf...”

Cavanşir