Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

"Türmədən qaçmaq fikrinə düşübsüzmü?" - Məşhur məhbuslar danışdı

"Türmədən qaçmaq fikrinə düşübsüzmü?" - Məşhur məhbuslar danışdı
Məhbusların qaçış hekayələri hər zaman oxucunu maraqlandırıb. Onun detalları, sonluğu, eləcə də proses zamanı ortaya çıxan problemlər günlərlə, aylarla müzakirə mövzusu olub. Son günlər Qobustan həbsxanasından qaçan məhbuslar məsələsi də müzakirədən yan keçməyib.

“Yeni Müsavat” da mövzunun aktuallığını nəzərə alıb, yolu türmədən keçmiş məhbuslara aşağıdakı sualları ünvanladı: Türmədə olduğunuz zaman oradan qaçmağı düşündüzmü? Nə zamansa ağlınıza belə bir çılğın plan gəldimi? Belə bir cəhdiniz oldumu? Oldusa nəticəsi necə oldu?

Deputat, keçmiş məhbus Fərəc Quliyev bildirdi ki, belə bir arzusu olsaydı, heç türməyə də düşməzdi.

Müsahibimizin sözlərinə görə, hətta xarici ölkəyə getmək də onun üçün türmə ilə müqayisədə arzuolunmaz variantdır: “Vətənin məhbəsini xarici ölkələrin dəbdəbəsindən qat-qat üstün tuturam. Əgər türmənin üstündə Azərbaycan bayrağı varsa, mən o türməni də xarici ölkənin bayrağına tərcih edərəm”.
Buna baxmayaraq, müsahibimiz Bayıl türməsində cəza çəkdiyi zaman qaçış planı hazırlamaqda ittiham olunduğunu yada saldı. Dedi ki, Bayılda “generalların işi” adlandırılan məşhur məhkəmə işi olan vaxt türmədə ştaba bənzər bir yer düzəltmişdilər: “Orada Qarabağ müharibəsini necə udmaq, səngərləri necə hazırlamaq olar kimi plan düşünmüşdük. Amma biz gəzintiyə çıxanda həmin dəftər ələ keçmişdi. Türmə rəhbərliyi şübhələnmişdi ki, biz bu dəftərdə türmədən qaçış planını yazmışıq. Halbuki mən vaxtdan səmərəli səkildə istifadə etmək üçün Qarabağı necə azad etmək olar kimi bir plan düşünmüşdüm. Bunu da türmə rəhbərliyi yanlış yerə yozmuşdu”.
F.Quliyev vurğuladı ki, ona nə həbsdən qaçmaq təklif olunub, nə də özünün ürəyindən belə bir şey keçib.


İqbal Ağazadə: “Bu cür qaçışları kriminal aləmin üzvləri düşünürlər”
Ümid Partiyasının sədri İqbal Ağazadə isə məhbus olduğu zaman heç vaxt ağlının ucundan belə bir fikir keçirmədiyini dedi: “Günahsız olduğumu bilirdim. Tezliklə azadlığa çıxacağımıza da inanırdım. İnanmırdım ki, uzun müddət məhbus olacam. Proseslərə də o gözlə baxıram. Həyatım kriminal aləmdə keçmir və kriminal aləmin üzvü deyiləm”.
İ.Ağazadə vurğuladı ki, bu tipli qaçışları kriminal aləmin üzvləri gerçəkləşdirirlər. Onun sözlərinə görə, ölkələrində xaos olanlar, o xaos nəticəsində siyasi sistemin eybəcərliklərindən, həmin adamlara münasibətindən asılı olan şəxslər də türmədən qaçmağa meylli olur. Partiya sədri deyir ki, ölkəmizdə belə bir durum yoxdur. Yəni Azərbaycanda xüsusi xaos və siyasi hakimiyyət uğurunda mübarizənin qanundankənar üsulları aktual sayılmır: “Kriminal dünyanın adamı deyiləm ki, həbsdə 20 il qalım. Heç vaxt belə fikirləri əsas götürməmişəm. Amma filmlər, ssenarilər həyatdan götürülüb. Azərbaycanda isə belə hallar çox olmayıb deyə bizə qəribə gəlir”.
Müsahibimiz eyni zamanda vurğuladı ki, ona türmədən qaçmaq kimi bir təklif də gəlməyib: “Bizim dönəmimizdə türmədə bunt olmuşdu. Amma heç birimizin ağlına da gəlmirdi ki, qaçaq. Bu da nadir təsadüf olunan hadisələrdən idi”.

AĞ Partiya başqanı Tural Abbaslı dedi ki, məhbəsə düşən hər bir insanın ağlına gələn ilk ideya türmədən hansı yolla qaçmağın mümkünlüyü barədə olur: “Bu, psixoloji bir məqamdır. Ətrafa baxırsan ki, maşinların sayı nə qədərdir, hasarın hündürülüyü nə boydadır. Amma sonra düşünürsən ki, ictimai-siyasi xadimsənsə, ömür boyu gizlənə bilməzsən. Bu, sənin fəaliyyətinin üzərindən xətt çəkir. Üstəgəl, informasiya texnologiyaları bu qədər inkişaf edəndə məntiqlə sona qədər saxlanmaq olmur. Dediyim kimi, türmədən qaçmaq barədə düşünürsən, amma bu, romantik düşüncədir” .
T.Abbaslı dedi ki, onlara digər məhbuslar tərəfindən qaçmaq da təklif olunmayıb.

Pənah Hüseyn: “Prinsipcə belə fikirlər adamın ağlına gəlir”
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də etiraf edir ki, türmədə olanda vaxtın çoxluğuna görə insanlarda müxtəlif fikirlər yarana bilər. Müsahibimiz bunların üzərində dayanmaq istəmədiyini dedi: “Adam o vəziyyətdə çox şey fikirləşir. Xarakteriniz fərqlidir. Konkret motivlərin üzərindən keçəndən sonra üstündə dayanmaq istəmirəm. Prinsipcə, belə fikirlər adamın ağlına gəlir”.

Sevinc TELMANQIZI