Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Üç ölkənin erməni terroruna qarşı əməliyyatı başlana bilər

Üç ölkənin erməni terroruna qarşı əməliyyatı başlana bilər

Fərəc Quliyev: “ASALA-ya qarşı Türkiyə, Azərbayan və Gürcüstanın antiterror əməliyyatı keçirməsi üçün ortaq mövqedən çıxış etmələri mümkündür”

Elçin Mirzəbəyli: “Ermənistanın bölgədə yürütdüyü siyasətilə bağlı olaraq üç ölkə vahid mövqedən çıxış etməlidir”

1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

G.Göksel vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlıların həyatı təhlükədədir. “Bu gün Gürcüstanın Borçalı bölgəsində 600 mindən çox azərbaycanlı yaşayır. Xüsusilə Cavaxetiya bölgəsinə yaxın kənd və qəsəbələrdə yaşayan azərbaycanlılar təhlükə altındadır. Tarixdə ermənilərin türklərə qarşı soyqırımılarını nəzərə alaraq deyə bilərik ki, silahlı erməni terror təşkilatı Borçalıda ikinci Xocalı soyqırımını həyata keçirə bilər. Bunun baş verməməsi üçün Gürcüstan, Azərbaycan və Türkiyə rəsmiləri təcili şəkildə məsələyə müdaxilə etməlidir”, - deyə Göksel vurğulayıb. Ermənilərin terror siyasətinin durdurulması üçün hansı addımlar atılmalı və dünya miqyasında buna qarşı hansı tədbirlər görülməlidir?

Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, ermənilərin terror siyasətinə son qoymaq üçün Ankara, Bakı və Tiflisin ortaq mövqedən çıxış etmələri mümkündür. Həmsöhbətimiz onu da qeyd etdi ki, yaranan problemi GUAM çərçivəsində də həll etmək olar: “Parlamentin son iclasında çıxışım zamanı Gürcüstanın Abxaziya və Osetiya üzərindən Ermənistana dəhliz verməsilə bağlı olaraq ciddi etirazımı bildirdim. Deputatlar da bu məsələyə dəstək verdilər.
Çıxışımda bildirdim ki, Gürcüstan-Rusiya müharibəsi zamanı ermənilər birmənalı şəkildə Abxaziya və Cənubi Osetiya məsələsində Rusiyaya dəstək verdilər. Abxaziyada ermənilər “Baqramyan” adında batalyon yaradaraq Tiflisə qarşı separatçılıq və terrorçuluq fəaliyyətində iştirak ediblər. Çıxışımda göstərdim ki, Gürcüstandakı həmin erməni separatçılarının rəhbəri Mixail Saakaşvili dönəmində həbs olunsa da, indiki hökumət tərəfindən azadlığa buraxılıb. Ermənilər mütəmadi olaraq Gürcüstan ərazisində pozuculuq fəaliyyətlərini açıq şəkildə davam etdirirlər. Onlar Cavaxetiyanı ələ keçirməyə çalışır, Abxaziyaya isə “kiçik Ermənistan” kimi baxırlar.
ASALA terror təşkilatı və onun tör-töküntüləri nəinki Gürcüstanda, eləcə də işğal etdikləri Dağlıq Qarabağda da məskunlaşaraq burada yaratdıqları düşərgələrdə məşqlər keçirirlər. Onların hazırladığı muzdululara Ermənistan ordusunda da rast gəlmək olar. Bu mənada Gürcüstanın Cavaxetiya bölgəsində terror təşkilatı ASALA-nın yenidən fəaliyyətə keçməsilə bağlı narahatçılığı bölüşür və hesab edirəm ki, ona qarşı Tiflis hökuməti tərəfindən mütləq ölçü götürülməlidir. ASALA-nın yenidən xortlanması Gürcüstanda yaşayan 500 mindən artıq soydaşımızın da təhdid altına düşməsi deməkdir. Ona görə də hesab edirəm ki, Ankara, Bakı və Tiflis hökumətləri məsələni müzakirə etməlidirlər. Terrorla mübarizədə ümumiyyətlə beynəlxalq birliklər əlbir davranır. Çünki onunla mübarizə təkcə bir ölkənin işi deyil. Ona görə ASALA-ya qarşı hər üç dövlətin antiterror əməliyyatı keçirməsi üçün ortaq mövqedən çıxış etməsi mümkündür. Bir müddət əvvəl parlamentdə məsələ qaldırdım ki, Türkiyə-Azərbaycan arasında asayişi birgə Mühafizə Qüvvələri yaradılaraq PKK-ya və Dağlıq Qarabağda yaradılan terror təşkilatlarına qarşı mübarizə aparmaq olar. Bu formata Tiflisi də əlavə etmək olar. Çünki ASALA-nın xortlanması indi Gürcüstan ərazisində baş verir. Bundan başqa, GUAM çərçivəsində mövcud olan əməkdaşlıq formasında da terrorun kökünü kəsmək üçün hüquqi əsas vardır. Fikrimcə, Gürcüstan-Azərbayan-Türkiyə formatı da ASALA terror təşkilatını yerində otuzdurmaq, bu işin öhdəsindən gəlmək üçün kifayət qədər hüquqi sənədlərə malikdir”.


BAXCP sədrinin müavini Elçin Mirzəbəyli düşünür ki, ASALA-ya qarşı mübarizədə 3 dövlət vahid mövqedən çıxış etməlidirlər: “Ermənistan Türkiyə, Gürcüstan və Azərbaycan olmaqla hər üç ölkə üçün təhlükədir. Əslində, İran üçün də bunu demək olar, çünki İrəvan bu ölkəyə qarşı da ərazi iddiaları ilə çıxış edir. Lakin bu gün İrana münasibətdə həmin iddialar dilə gətirilmir. Amma bildiyiniz kimi, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunub. Ermənilər həmçinin Gürcüstanın Cavaxetiya bölgəsinə iddia edir. Onlar Türkiyəyə qarşı da açıq şəkildə ərazi iddiaları ilə çıxış edirlər.
Ermənilər özlərinin tarix boyu bütün siyasətlərində, hətta dövlət kimi mövcud olmamışdan öncə də çirkin əməllərini gerçəkləşdirmək üçün hər zaman terrora əl atıblar. Terror ermənilərin genetik koduna oturuşmuş vəhşi bir davranış formasıdır. Bu aspektdən ASALA terror təşkilatının yenidən xortlanması ilə bağlı iddialar əslində, yeni deyil. ASALA fəaliyyətini heç zaman dayandırmayıb. Dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən ermənilərin kompakt yaşadığı Yaxın Şərq dövlətlərində mövcudluqlarını qoruyub saxlayıblar. Mütəmadi olaraq ASALA-nın PKK ilə əməkdaşlıq etdiyi barədə məlumatlar alırıq. Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilən PKK terroçuları arasında erməni cəsədlərinin olduğu barədə rəsmi məlumatlar da mətbuatda dəfələrlə öz əksini tapıb. ASALA-ya qarşı mübarizə məsələsində əslində Azərbaycanla Türkiyənin davranışları aydındır. Türkiyə açıq şəkildə, kəskin formada məsələnin üzərinə getməsə də, dövlət siyasətində bu məqamı hər zaman nəzərə alıb.
İndiki şəraitdə bu istiqamətdə Gürcütanın aktiv rol oynamasına ehtiyac var. Təəssüf ki, gürcü rəsmiləri bəzən erməni təhlükəsini ciddiyə almır. Saakaşvili dönəmində bu istiqamətdə müəyyən addımların atılmasına cəhd göstərildi və Cavaxetiya bölgəsində separatçıların əl-qolunun bağlanması ilə bağlı bir sıra addımlar atıldı. Lakin son dövrlər Ermənistan və Cavaxetiya bölgəsindəki ermənilər siyasətlərini dəyişiblər. Onlar indi çalışırlar ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə xələl gətirsinlər. Yürüdülən siyasətin mahiyyətində bu amillər dayanır. Bir sıra hallarda Tiflis hakimiyyətinin sərgilədiyi davranışlar da buna əsas verir. Təbii ki, ASALA-nın fəaliyyətə başlaması Gürcüstan ərazisində baş verirsə, ilk növbədə məhz Tiflis ona kəskin şəkildə reaksiya verməlidir. Çünki terror hadisələri Gürcüstan ərazisində baş verəcəksə, bundan ilk növbədə zərər çəkənlər də bu ölkənin vətəndaşları olacaq. Azərbaycanla Türkiyə isə bu məsələdə Tiflisə dəstək verə bilərlər. Hesab edirəm ki,bütövlükdə Ermənistanın bölgədə yürütdüyü siyasətilə bağlı olaraq üç ölkə vahid mövqedən çıxış etməlidir. Terrorçu erməni dəstələri beynəlxalq miqyasda da ifşa olunmalı, həmçinin tarix də unudulmamalıdır. Ermənilərin vaxtilə türk və fransız diplomatlarına, Ermənistanın mövqeyini müdafiə etməyən insanlara qarşı törətdikləri cinayət əməlləri beynəlxalq miqyasda açıqlanmalı və belə bir təhlükənin hər zaman olduğu xüsusi olaraq vurğulanmalıdır”.

Rüfət NADİROĞLU