Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Ölkənin mənafeyi və milli maraqları hər hansı partiya və fərdlərinkindən daha üstündür

Ölkənin mənafeyi və milli maraqları hər hansı partiya və fərdlərinkindən daha üstündür

Azərbaycanda vaxtından əvvəl növbədənkənar prezident seçkilərinin elan edilməsi milli maraqlar və dövlət mənafeyi baxımından düzgün qərardır. Qanuni baxımından seçkilərin vaxtını dəyişmək və onu irəli çəkərək növbədənkənar seçkilər təyin etmək isə dövlət başçısının konstitusion hüququdur.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı sərəncamının onun indiki səlahiyyət müddətinin 6 ay azalmasına gətirib çıxaracağına baxmayaraq, burada hansısa fərdlərin və partiyaların yox dövlətin maraq və mənafeyi nəzərə alındığından dövlət başçısının niyə belə qərar verdiyini anlamaq olar:
Yazda həm Ermənistanda, həm də Rusiyada seçkilər keçiriləcək. Eyni zamanda Türkiyədə müəyyən proseslər baş verir. Bütün bunların fonunda yay aylarının dünyada siyasi istirahət mövsümü olduğunu da nəzərə alsaq, payızadək yay dövrü itirilmiş vaxt olacaqdı. Yəni Ermənistan və Rusiya payıza hazırlıqlı çıxacaqdırlar, amma biz payızda hələ seçkilərə hazırlaşmalı və keçirməliydik ki, bu da bizim üçün siyasi baxımdan mühüm vaxt itkisi deməkdir.
Ermənistanda idarəetmə sistemində ümumi dəyişiklik baş verəcək. Təbii ki, bunun Qarabağ məsələsinə də birbaşa aidiyyatı var. Ermənilər həmişə hakimiyyət dəyişikliyindən sonra danışıqlara artıq yeni prizmadan baxırlar və çalışırlar ki, vaxt uzatmaq məqsədilə hər şeyi yenidən sıfırdan başlasınlar. Sistem dəyişikliyindən sonra isə indiki status-kvonu saxlamaq və manevr imkanları baxımından əllərinə daha yaxşı fürsət düşəcək və ona görə də Qarabağ probleminin həllini ləngitmək üçün müəyyən işlər görməyə çalışacaqlar. O zaman Azərbaycan tərəfi ya adekvat addımlar atmaq, yaxud da artıq gözləmə mərhələsi bitdiyi üçün çox sərt tədbirlər görmək məcburiyyətində qalacaq. Əgər seçkilər payıza qalsaydı, ermənilərin bu planlarının qarşısını almaq mümkün olmayacaqdı. Ona görə də prezident seçkilərinin oktyabrdan aprel ayına keçirilərək qabağa çəkilməsi doğru yanaşmadır".
F.Quliyev hesab edir ki, bu qərarın payızda, yaxud da yazda keçirilən seçkilərdə elektoratın, seçicilərin fəallığının dərəcəsinə ciddi təsiri olmayacaq. Sadəcə olaraq müddətin qısa olması partiyaların hazırlıq səviyyəsinə müəyyən qədər təsir edəcək ki, bunu da nəzərə alaraq partiya sədri təklif edir ki, namizədliyi qeydə alınmış namizədlərin seçki xərclərini, maliyyə tərəfini dövlət öz üzərinə götürsün: "Çünki indiki halda seçkilərə cəmi 2 ay qalmış maliyyə qaynaqları tapmaq asan olmayacaq. Amma digər məsələlərdə hansısa sıxıntının olacağını düşünmürəm. Bütün siyasi təsisatlar seçkilərə təkcə seçki kampaniyası dönəmində hazırlaşmırlar. Onların bütün fəaliyyəti elə seçkilər üçün hesablanıb. Seçkilər sadəcə sonda seçicinin səsini qazanmaq üçün olur. Ola bilər ki, bizimki də daxil olmaqla partiyalar bu qərara bir az hazırlıqsız olsunlar, çünki hazırlıq üçün 6 ayla 2 ay arasında böyük fərq var. Amma ölkənin mənafeyi və milli maraqları hər hansı partiya və fərdlərinkindən daha üstündür".

İlkin İzzət