Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Azərbaycanlılar farsdır” açıqlamasına sərt reaksiyalar

“Azərbaycanlılar farsdır” açıqlamasına sərt reaksiyalar

Fərəc Quliyev: “Bu cür açıqlamaların heç bir mənası yoxdur”

Bu günlərdə İran prezidenti Həsən Ruhaninin köməkçisi Əli Yunisi yenidən Azərbaycan türkləri haqqında sərsəm açıqlama verib. Belə ki, Əli Yunisi absurd fikirlər səsləndirərək qeyd edib ki, əslində azərbaycanlılar türkcə danışan farsdırlar: “Azərbaycanlılar 300 ildir ki, türkcə danışırlar, onlar farsdırlar və əvvəllər də fars dilində danışıblar”.

Onun bu açıqlaması Güney azərbaycanlılar tərəfindən etirazla qarşılanıb, tənqid edilib. O cümlədən Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur və Hadi Bahadır Ruhaniyə məktub ünvanlayıb. Məktuba 50 türk əsilli deputat imza atıb. Məktubda qeyd edilib ki, Əli Yunisin dedikləri azərbaycanlı, türkmən, qaşqay, xəzər kimi türk dilində danışan, ölkənin təxminən 40 faizini təşkil edən türk qövmünə böyük təhqirdir.

Xatırladaq ki, prezidenti Həsən Ruhaninin köməkçisi Əli Yunisi bundan əvvəl də dəfələrlə mətbuata açıqlamasında azərbaycanlılar haqqında sərsəm fikrilər səsləndirib. Bundan əvvəl qeyd etmişdi ki, məktəblərdə azərbaycanlı şagirdlərə türk dili öyrədilməsinin mənası yoxdur:

“Çünki onlar, öz ana dillərini yaxşı bilir və bu dildə sərbəst şəkildə danışa da bilirlər. Elə buna görə də düşünürəm ki, Azərbaycan dili tədris olunacaqsa, bu yalnız universitetlərdə olmalıdır”. Farsların qəzeti olan “Qanun” qəzetinə müsahibəsində Azərbaycan türklərinin varlığını inkar edərək, Azərbaycan türklərini fars və kürdlərin doğma qardaşı adlandırmışdı.

“İranda azərbaycanlılar qarşı bu cür davranış ilk dəfə deyil. Bunun son dəfə olacağına da inanmırıq. İranda tarix boyu türk-fars problemi olub və bu müzakirələr sanki Pars-Med-Manna dövlətlərinin çağından bu günədək davam edən bir problemdir”.

Bu sözləri hazırda Tehran şəhərində yaşayan tanınmış milli-mədəni fəal Əlirza Fərşi də “Yeni Müsavat”a açıqlamasında bildirib. O, qeyd edib ki, İranda Azərbaycan türkləri hər zaman bu cür məsələlərə yazılı surətdə öz reaksiyalarını bildirib:
O cümlədən Həsən Rəşidi, Sayid Məhəmməd Rza, Bağban Kərimi, Heydər Bayat, Eyvaz Taha, İbrahim Rəşidi, Həmid Əhmədzadə və digər ziyalılar öz etirazlarını yazılı surətdə bildirib. Lakin buna qarşı praktik və əməli olaraq hələ ki, mövqe bildirilməyib.

Azərbaycan türklərinə qarşı yönələn siyasətin nəticəsi olaraq, təxminən 10 milyon azərbaycanlı fars şəhərlərinə köçüb. Və bir zaman İran cəmiyyətinin yüzdə 40 faizini təşkil edən Azərbaycan indi yalnız 12 faizini təşkil edir.

Lakin buna baxmayaraq Azərbaycan türkləri artıq 20 ilə yaxındır ki, kütləvi şəkildə bu cür siyasətlərə qarşı çıxır, İran parlamentində türk olan deputatlar türk fraksiyası yaradıb, bu məsələlərə birgə həssaslıq göstərirlər. Hətta Əli Yunisin sonuncu açıqlamasına görə 50-dən çox türk nümayəndə Ruhaniyə etiraz məktubu yazıb”.

Əlirza Fərşi onu da qeyd edib ki, azərbaycanlılar aksiya keçirərək, Əli Yunisə etiraz əlaməti kimi qırımızı kart qaldırıblar.

Məsələ ilə bağlı millət vəkili Fərəc Quliyevin də mövqeyini öyrənməyə çalışdıq. Millət vəkili qeyd etdi ki, bu cür açıqlamaların heç bir mənası yoxdur:
“Çünki hər kəs bilir ki, İranda azərbaycanlılar 40 milyonluq çoxluqla yaşayır. Azərbaycan Rusiya və İran tərəfindən bölündükdən sonra ərazilərinin adları dəyişdirilib ki, Azərbaycan adı olmasın. Hətta Bakıdakı İran səfirlyinin önünə “İranın Bakıdakı səfirliyi” qeyd edilib. Bu dövlətin hökuməti Azərbaycanı “Aran” dövləti adlanıdırıb və sair. Güneydə bu məsələlərə qarşı həmişə etiraz mövqe olub. İranda nə zaman dəyişikliklər, inqilab olubsa, hər zaman Azərbaycan türklərinin əli ilə olub.
Güney Azərbaycanda azərbaycanlıların öz kimliklərini tanıması, ortaya qoyması, mədəniyyətinin, dil uğrunda savaşı onları çox narahat edir. Amma düşünürəm ki, bu cür basqılar, davranışlar gələcək prosesləri daha da alovlandıracaq”.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə məsələyə bu cür mövqe bildirdi:
“Bu, ilk sərsəmləmə açıqlama deyil. Onlar zaman-zaman bu cür açıqlamalar verir və bu açıqlamalarda Azərbaycana qarşı həmişə tam fars əxlaqına uyğun ortalığa mövqe qoyulur. İndi də azərbaycanlılara “türkcə danışan farsdırlar” deyib, millətimizin böyük türk kökünə mənsub olduğunu danırlar. Təəssüflə qeyd edim ki, Azərbaycanın içində onlara xidmət edən bir çox ünsürlər var ki, illərdir onların dediklərini həyata keçirir. Məsələn, bildirirlər ki, biz türk deyil, azərbaycanlıyıq və sairə. Bu səbəbdən Ruhaninin köməkçisinin bu cür davranışı məni heç təəccübləndirmədi. Çünki onlar öz fikirlərini zaman-zaman həyata keçirirlər.
Azərbaycan əhalisinin böyük qisminin türk olduğu heç kəsə sirr deyil. Böyük türk millətinin qolu olaraq Azərbaycanda yaşayırıq”.

Xalidə Gəray