Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Hökumət Əbülfəz Elçibəyə yubiley keçirəcəkmi?

Hökumət Əbülfəz Elçibəyə yubiley keçirəcəkmi?

Fərəc Quliyev: "Hesab edirəm ki, prezident Elçibəyin yubileyi ilə bağlı təkliflərimizi nəzərə alacaq"

Xəbər verdiyimiz kimi bu gün eks prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar olaraq yaradılan İctimai Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda ilkin müzakirələrin nəticəsində qərara alınıb ki, Əbülfəz Elçibəyin yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriəcəyi yer kimi Heydər Əliyev adına Respublika Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin. Bundan başqa, digər bir tədbirin, “Məhsul” stadionunda-açıq hava şəraitində kütləvi yubiley tədbirinin-mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.


Bəs hökumət rəsmi olaraq eks prezident Əbülfəz Elçibəyə yubiley keçirəcəkmi?

Mövzu ilə bağlı millət vəkili Fərəc Quliyev "Yeni Müsavat" a danışıb. Millət vəkili bildirib ki, parlamentdə çıxış edərək, həm mərhum prezidentin yubileyi, həm də Milli Azadlıq Hərəkatının 30 illiyi ilə bağlı da tədbirlərin keçirilməsini təklif etmişdim. bununla bağlı parlamentdə çıxış edərək, təkliflər irəli sürüb:

"Hesab edirəm ki, bu təkliflər nəzərə alınmalıdır. Çünki Əbülfəz Elçibəyin bu ilki yubileyi təkcə bir nəfərə aid məsələ deyil. O, Milli Azadlıq Hərəkatının lideridir. Bunun üçün də məqamdır, simvolik bir davranışdır. Hökumət tərəfindən hər hansı tədbir keçirilib-keçirilməcəyini deyə bilmərəm. Amma təmsil etdiyim partiyamız müəyyən tədbirlər nəzərdə tutub. Eyni zamanda, başqa partiyalar, ictimai təşkilatlar da bu cür təşəbbüslərlə çıxış ediblər. Bunu da təqdirəlayiq hal hesab edirəm. Nə qədər çox qurum, partiya, təşkilat və fərdlər bu işlə məşğul olsa, bir o qədər yaxşıdır. Əlbəttə ki, bu cür məsələdə təşkilatların bir-birinə dəstək verməyi vacibdir. Məncə Əbülfəz Elçibəy ən yaxşı səviyyədə yubiley keçirilməsinə layiqdir. Hesab edirəm ki, biz bu yubileyi yaxşı səviyyədə keçirəcəyik. Bu tip məsələlərdə son zamanlar ciddi irəliləyişlərin olduğunu görürük. Cumhuriyyətimizin 100 illiyi ilə bağlı verilən qərarlar da buna ən bariz nümunədir. Hesab edirəm ki, verdiyimiz təkliflər nəzərə alınacaq və bunun yaxşı nəticəsi olacaq"

Xalidə Gəray