Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Türkiyə-Azərbaycan münasibətlərində fərqli mənzərənin ortaya çıxması mümkünsüzdür”

“Türkiyə-Azərbaycan münasibətlərində fərqli mənzərənin ortaya çıxması mümkünsüzdür”

Ekspertlərin fikrincə, qardaş ölkədə keçiriləcək seçkilərin nəticələri münasibətlərin ruhuna xələl gətirməyəcək

Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) 24 iyunda keçiriləcək prezident və 27-ci parlament seçkiləri prosesinə başlayıb. Prezidentlik üçün lazım olan 100 min imzanın 4-9 may tarixlərində toplanması lazımdır. Siyasi partiyalar prezidentliyə namizədlik ərizələrini 5 may saat 17.00-a qədər verməlidir. İttifaq protokolu YSK-ya 6 maya qədər təslim edilməlidir. 14 mayda prezidentliyə, 20 mayda isə birlik və siyasi partiya namizədlərinin seçki məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi üçün YSK-da püşk atılacaq. Onu da əlavə edək ki, Türkiyənin Cümhuriyyət Xalq, İYİ, Səadət və Demokrat partiyaları arasında koalisiya yaradılması haqqında razılıq əldə olunub. Dörd partiya yalnız parlament seçkisində birgə hərəkət edəcək. Prezident seçkisində isə hər partiya öz namizədini ayrı-ayrılıqda dəstəkləyəcək. Yaranan koalisiyanın adının "Demokratiya üçün Milli Birlik” və ya "Demokratiya Birliyi” olacağı gözlənilir. Bundan öncə AKP ilə MHP "Cümhur Birliyi” yaradıb.

Qeyd olunanlardan da göründüyü kimi, Türkiyədə iyunun 24-də prezident və parlament seçkiləri keçiriləcək, ardınca yeni hökumət formalaşacaq. Bəs bu seçkilərin nəticəsi Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyinə hansısa formada təsir göstərəcəkmi? Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, 24 iyun seçkiləri heç şübhəsiz Türkiyə xalqının iradəsini nümayiş etdirəcək. Onun sözlərinə görə, Türkiyə xalqı hər zaman öz dövlətinin Azərbaycanla əməkdaşlığının, ittifaqının tərəfdarıdır: "Türkiyədə Azərbaycana xüsusi münasibət var. Xalqın iradəsi əsas götürüldüyündən, seçkilərdən sonra da bu münasibət dəyişməyəcək. Çünki, Azərbaycana münasibəti Türkiyədəki hansısa hakimiyyət formalaşdırmayıb. Bu münasibətlər hər iki xalqın arzusu, istəyi və tələbidir. Bu səbəbdən düşünürəm ki, Türkiyədə hakimiyyətə kim gəlirsə gəlsin, Azərbaycana olan münasibət dəyişməyəcək. Əksinə, zamanla bu münasibətlər daha da inkişaf etdiriləcək”.

Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da bildirdi ki, Türkiyədə həm iqtidarda, həm də müxalif düşərgədə təmsil olunan şəxslər Azərbaycana səmimi münasibət sərgiləyirlər. Onun fikrincə, bu münasibətlərdə prioritet olan ümumi maraqlarımızın qorunmasıdır: "Hər iki tərəfdəki insanlar buna cəhd edirlər. Ona görə də Türkiyədə siyasi hakimiyyətdə kimin təmsil olunması ilə bağlı narahatlığımız yoxdur. Əsas budur ki, Türkiyədə keçirilən seçkilərdə xalqın iradəsi qalib gələcək. Bu seçki nəticəsində etimad göstərilən şəxslər də ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına öz töhfələrini verəcəklər”.

Politoloq Qabil Hüseynli də hesab edir ki, Türkiyədə gözlənilən seçkilərin nəticəsində hətta ciddi dəyişikliklər olsa belə, bu, ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir etməyəcək: "Türkiyədəki seçkilərdən sonra hansısa dəyişikliklərin olacağı ehtimalı azdır. Ona görə də, seçkidən sonra Türkiyə-Azərbaycan münasibətlərində fərqli mənzərənin ortaya çıxması mümkünsüzdür. Seçkilərin nəticəsi hər necə olsa da, bu, münasibətlərimizə təsir edə bilməz. Türkiyə-Azərbaycan münasibətləri barədə qərarı Türkiyə siyasi elitasından, hakimiyyətindən daha çox türk xalqı verir. Hətta bu münasibətləri azacıq da olsa "korrektə” etmək fikrinə düşən hər hansı siyasi lider, Türkiyə xalqının böyük qəzəbi ilə üzləşə bilər. Ona görə də, qardaş ölkədə heç bir siyasətçi buna cəsarət etməz, xalqın iradəsinin əksinə çıxış etməz. Ümumiyyətlə, hazırda Türkiyənin siyasi palitrasında anti-Azərbaycan mövqedə dayanan şəxs yoxdur”.

Rufik İSMAYILOV