Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fazil Mustafa kadr dəyişikliklərinə etiraz etdi - həmkarlarından reaksiya gəldi

Fazil Mustafa kadr dəyişikliklərinə etiraz etdi - həmkarlarından reaksiya gəldi
Azərbaycanda yeni formalaşan hökumətdə bəzi qurumların rəhbər şəxslərinin dəyişməsi bir sıra məsələləri aktual edib. Yüksək dövlət qurumlarına yeni təyin olunan şəxslərin həmin qurumların daxilində kadr islahatları aparmaları heç də birmənalı qarşılanmayıb. Təsadüfi deyil ki, rəhbəri dəyişən əksər qurumlar daxilində çoxsaylı şəxslər vəzifələrini itiriblər.

Milli Məclisin son iclasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu məsələyə sərt şəkildə etiraz edib. “Əgər bu gün abituriyentlərin 50 faizi 200-dən aşağı bal toplayırsa, təhsillə bağlı gələcəyimizin necə olduğu indidən görünməkdədir, bu, acı tablodur” - deyən F.Mustafa məmurların yetişdirilməsi ilə yanaşı, onların qorunmasını da vacib saydı: “Hara icra başçısı, nazir, idarə müdiri təyin olunursa, öz komandasını həmin quruma gətirir, orda çalışanları isə kütləvi şəkildə işdən azad edir. Buna etiraz edənlərə isə deyirlər ki, istəyirsən, get, ver məhkəməyə! Hesab edirəm ki, Azərbaycan məmurunu qoruyacaq mexanizmlər tapılmalıdır, bunları biz belə rahatlıqla xərcləməklə nəyə nail oluruq? Qanunvericiliklə müəyyən addımlar atmalıyıq ki, kimlərsə məmurların soyqırımını gerçəkləşdirməsin”

Vahid Əhmədov: “Bu kadrların hamısı pis ola bilməz”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov də bu şəkildə kadr dəyişiklərinin aparılmasını doğru saymır: “Bu heç də yaxşı tendensiya deyil. Bir nazir gedib yenisi gəlibsə, bu, o demək deyil ki, öz yaxınlarını, tanışlarını gətirib nazirliyə yerləşdirməlidir. Elə kadrlar var ki, onlar saxlanılmalıdır. Çünki dəyərli kadrlardır. Dəyişiklik olmalıdır, demirəm ki, hamısını vəzifədə saxlamaq lazımdır. Yeni nazirin strategiyası, taktikası var. Bunları və cənab prezidentin tapşırıqlarını yerinə yetirmək üçün müəyyən kadrlar lazımdır. Amma çatan kimi birini çıxarıb yerinə öz yaxınını təyin etmək doğru deyil. Fazil bəyin dedikləri tamamilə doğrudur. Ümumiyyətlə, bir nazir gedəndən sonra onun bütün kadrlarını hər yerdən çıxarmaq düzgün hal deyil. Çünki nazir 10-15 il işləyibsə, deməli, orada müəyyən fəaliyyət göstərib, işlər görüb. Bu kadrların hamısı pis ola bilməz. Gərək həmin kadrlarla 6 ay yaxud bir il işləyəsən ki, onları tanıyasan. Birdən-birə tanımaq olmaz axı. Təcrübəli kadrlar var ki, kadr siyasətində onlara önəm verilməlidir. Bir insanı gətirib harasa vəzifəyə təyin etmək o demək deyil ki, bütün problemlər həll olunacaq. Təsərrüfatdan xəbəri olan kadrlar lazımdır. Elə sahələr var ki, o sahələri bilən kadrlar yetişdirmək çox çətindir. Kadrlar çıxandan sonra nazirlər başlayırlar ki, filan nazir filan nazirin yerini dağıtdı, filan nazir bu qədər yığdı. O nazirlər işləyəndə orada yoxlamalar gedirdi, heç bir şey üzə çıxarılmırdı. Nə oldu, bir nazir çıxandan sonra rüşvətxor, korrupsioner oldu? Bunlar mentalitetimizə yaraşan hərəkətlər deyil. Əgər nazir çalışdığı vaxtlar müəyyən rüşvətxorluğa, korrupsiyaya yol veribsə, bunu cinayətə cəlb etmək lazımdır. Yoxsa çıxandan sonra bu cür fikirlər səsləndirmək qəbul olunan məsələ deyil. Dövlətin idarə olunmasında kadr islahatlarının düzgün olması mühüm rol oynayır. Onun üçün də bu mənim tanışımdır yaxud yaxın qohumumdur, onu vəzifəyə təyin edim kimi düşüncədən azad olmaq lazımdır”.

Fərəc Quliyev: “Onların işlərinə müdaxilə etmək doğru deyil”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev dəyişiklikləri normal sayır:
“Kadr dəyişikliklərini təqdir edirəm. Bacarıqlı, düzgün, karyerası təmiz olanlar son dəyişikliklərdə vəzifələrə təyin olundular. Buna görə çox sevinirəm. Parlamentdəki çıxışımda da buna toxundum. Baş nazir daxil olmaqla bütün təyinatlar çox uğurlu idi. Bir şəxs vəzifə başına gəlibsə, ondan demək iş tələb olunacaq. Bu şəxs istədiyi kadrlarla işləməyi düşünür. İstənilən qurumda hamını dəyişmək mümkün deyil. Əslində hamını dəyişdirmək üçün kadr da yetmir. Aparıcı kadrlar var, bu kadrlar üzərində iş qurulursa, buna müdaxilə etmək olmaz. Əgər onun üzərinə məsuliyyət qurulubsa, ona hüquqlar da verilməlidir. Bu məsələdə Fazil bəy kimi düşünmürəm. Yaxşı kadrlar varsa, nazirlər bu kadrları işdə saxlamaqda maraqlı olmalıdırlar və düşünürəm ki, bu belədir. Amma bir məsələ də var ki, prezident seçkiləri zaman platformamda bunu demişdim, adamların peşəkarlığından, bacarığından daha çox onların dürüstlüyü daha mühüm məsələdir. Araşdırmalar zamanı hər hansı bir kadrın əvvəlki işində korrupsiya, rüşvət halları üzə çıxırsa, adam da güvənməyib normal şəxs o vəzifəyə gətirmək istəyirsə, bunu süngü ilə qarşılamağa dəyməz. Nazirlər üçün də bir zaman tanımaq lazımdır ki, dəyişikliklərdən sonra ortaya hansı iş qoyulub. Bu şəxslərin işlərinə müdaxilə etmək doğru deyil. Onların etdikləri kadr dəyişikliklərinə normal yanaşmaq lazımdır. Heç bir yerdə məmurları total şəkildə dəyişmə halları baş verməyib. Bunu heç kim deyə bilməz”.

Cavanşir ABBASLI