Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevdən hökumətə çağırış:- problemli kreditlərlə bağlı ortaya bir resept qoyulmalıdır

Fərəc Quliyevdən hökumətə çağırış:- problemli kreditlərlə bağlı ortaya bir resept qoyulmalıdır

Bugün, 31.05.2018-ci il tarixində Milli Məclisdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin etdiyi çıxışı təqdim edirik:
"Hörmətli sədr, hökumət üzvləri və kolleqalar!
2017-ci ilin dövlət büdcəsinin icrası haqqında danışanda təbii ki, ilk növbədə cənab prezidentin təqdim etdiyi Strateji Yol Xəritəsi ilə bağlı fikirlər bildirilməlidir. Bu çox unikal bir sənəddir və hesab edirəm ki, bu sənəd hətta müəyyən qədər həyata keçirilsəydi çox ciddi məsələlərin, problemlərin aradan qalxması da bugün reallaşardı. Mən niyə həyata keçsəydi deyirəm, çünki rəsmi strukturların verdiyi hesabatlardan da görünür ki, hətta bu sənədin ən yaxşı icra olunduğu aylarda belə 27-29% sənədin həyata keçməsi təmin olunubdu. Bu o deməkdir ki, bu konseptual sənəd ilə icra strukturları, müəyyən nazirliklər demək olar ki, ayaqlaşmır. Bunu bütün nazirliklərə şamil eləmək olmaz. Xüsusən, mən yeri gəlmişkən qeyd edim ki, son zamanlar cəmab prezidentin verdiyi təyinatlar, yeni baş nazirin təyin olunması, nazirlərin təyin olunması xalq tərəfindən də çox təqdirlə qarşılanıbdı. Baş nazir də daxil olmaqla bütün təyinatlarda olan adamların olduqca dürüst, savadlı işini bilməsi və artıq ilkin mərhələdə belə ciddi nəticələri ortaya qoyması ürək açan məsələdir. Vergilər nazirinin gəlişindən sonra sahibkarlara verilən dəstək, onlara olan süni maneələrin aradan qaldırılması xüsusi olaraq qeyd olunmalıdır. Yaxud da Kənd Təsərrüfatı nazirinin çox modern, yenilikçi bir kadr olduğunu hamımız bilirik və yeni yanaşmaları artıq tətbiq etməyə başlayıbdır. Amma hər halda bu sənədin tamamilə həyata keçirilməsi ilə bağlı olaraq addımlar kifayət qədər möhkəm atılmalıdır, çünki 2018-ci ilin dövlət büdcəsinin artımında ,yenə də artımın 97%-i neftlə bağlı gəlirlərə bağlanıbdır. Əgər biz yenə də neftə bağlı məsələlərə qayıtsaq köhnə problemlər yeni formada təzahür edəcək.
Burda qeyd olundu, büdcənin neftdən asılılığı artıq aşağı rəqəmlərlə ifadə olunmağa başayıb. Amma məncə, bu yetərli sayıla bilməz. Ümumiyyətlə bu çatışmamazlıqların aradan qaldırılması üçün imkanlar vardır və sadəcə olaraq ciddi şəkildə bu məsələlərin üzərinə getməyə ehtiyac qalıbdı.
Mən bəzi məsələlərə də toxunmaq istəyirəm. Məsələn, idxalın strukturunda ərzaq məhsullarının payı 11%-dən yuxarı olubdu. Məncə bu normal deyil və ən pisi də budur ki, bu məhsulların, ərzaqların böyük əksəriyyəti, bəlkə də hamısı Azərbaycan da istehsal oluna bilər yaxud da istehsal olunur. Belə olan halda bizim valyutanın kənara-xaricə çıxması və lazım olan, özümüzdə istehsal oluna bilən məhsulun kənardan alınması məntiqli deyil.
İkinci məsələ xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı ilə bağlıdır ki, bu da çox aşağı rəqəmlərlə, 10%-dən aşağı ifadə olunub. Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sektorun payı 75%-dən çox olubdu. Bu o deməkdir ki, qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərincə deyil. Amma bizim prezidentin də ortaya qoyduğu əsas məsələsə bizim ixrac hücumunu təşkil eləməyimiz, əsasən ixraca üstünlük verməyimizdi. Sahibkarlara daha çox istehsalla bağlı olaraq stimul verilməli və Azərbaycan brendlərini ortaya çıxarmaq təmin olunmalıdır.
Hesabat çıxışlarının birisində xarici borcla bağlı danışıldı. Bizim 10 milyarda qədər borcumuz vardır və borclanma siyasəti də bilirik ki, olmalıdır, normal məsələdir. Amma bu 2016-cı ildə bağlanmış müqavilə ilə götürülmüş borcda təkcə bayaq sadalanan layihələrə deyil, həm də bir neçə avantürist layihəyə də bu vəsaitdən ayrılıbdı. Mən dəfələrlə bu məsələni qaldırmışam və yenə də soruşmaq istəyirəm ki, o avantürist layihələrə ayrılan vəsaitin geri qaytarılması üçün tədbirlər görülübmü? Görülürmü? Bu il bir məsələ olacaqmı? Çünki 2017-ci ilin büdcəsi ilə bağlı hesabatda belə bir bənd nəzərə çarpmadı. Mən hesab edirəm ki, bu da öz əksini tapmalıdır. Həmin vəsaitlər geri qaytarılmalıdır. Bu avantürist layihələrlə bağlı olan kreditlərə toxunandan sonra mən həm də problemli kreditlərlə bağlı məsələyə də toxunmaq istəyirəm ki, dəfələrlə burda qeyd olunubdu və 2017-ci ildə hökumət tərəfindən bu problemli kreditlərlə bağlı ortaya bir resept qoyulmadı. Məncə zamanıdır ki , mütləq dövlət- kredit verən - kredit götürən arasında münasibətləri tənzimləyən və yükü kredit götürənin üzərindən müəyyən qədər götürmək üçün bir resept tapılsın, bunun vaxtıdır və vacibdir.
Bir daha sonda bildirmək istəyirəm ki, hökumətin yeni təşkil olunmuş üzvlərini yaxşı tanıyırıq. Yeni təyinatlar, ortaya qoyulan konseptual sənədlər, prezidentin iradəsi və bu dürüst kadrlar ilə hesab edirəm ki, tənqid etdiyim fikirlər də və digər bizim kolleqaların toxunduğu məsələlər də növbəti ildə inşallah ki ,səhmana salınacaqdır.
Təşəkkür edirəm. "

Həmin çıxışın səs yazısını təqdim edirik: