Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Azərbaycan polisinin 100 illiyi münasibətiylə polis əməkdaşlarını təbrik edib

Fərəc Quliyev Azərbaycan polisinin 100 illiyi münasibətiylə polis əməkdaşlarını təbrik edib

Bu gün Azərbaycan polisinin 100 illik yubileyidir. Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Daxili İşlər Naziri Ramil Usubovu və bütün polis əməkdaşlarını təbrik edib. Təbrikdə deyilir:

“Məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra, 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Həmin tarixdən bu gün 100 il ötür. Bu 1 əsr ərzində Azərbaycan xalqının bütün uğurları və yaşadığı faciələrdə polis əməkdaşlarının üzərində ağır bir yük, böyük bir məsuliyyət olmuşdur. AXC-nin ilk baş naziri və daxili işlər naziri vəzifəsini icra edən Fətəli xan Xoyski polisi xalqın güvənc yerinə çevirdi. Bu ənənə Sovet işğalına qədər davam etdi.
İşğal dönəmində daxili işlər orqanı əməkdaşları əmrləri Moskvadan alsalar da ən mühim məqamlarda xalqla milli həmrəylik nümayiş etdiriblər. Diqtə ilə, əmr ilə polis orqanlarını ləkəli proseslərə sürükləsələr də, təməl prinsipləri sağlam qurulan Azərbaycan polisi represiya illərində, Milli Azadlıq Hərəkatında, Ermənistan-Azərbaycan müharibəsində və s. kimi həlledici dönəmlərin sınaqlarından şərəflə çıxmışdır.
Ən yaxın tariximizdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda polisimizin böyük uğurları və çoxsaylı itgiləri olmuşdur.
Bu gün Azərbaycan polisi asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədəki uğurlu fəaliyyətinə görə dünyada ön sıralarda yer alır. Bir azərbaycanlı kimi biz bununla fəxr edirik və başa düşürük ki, bu uğuru əldə etmək olduqca çətin bir işdir. Əldə edilmiş nailiyyət daxili işlər orqanı əməksdaşlarının səriştəli və peşəkar əməklərinin nəticəsidir.
Qazanılmış bu uğurlar və Azərbaycan polisinin 100 illik yubileyi münasibətiylə daxili işlər naziri, cənab general-polkovnik Ramil Usubov başda olmaqla bütün xidmətdə və ehtiyatda olan polis əməkdaşlarımızı şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edir, Şəhidlik zirvəsinə ucalmış bütün polis əməkdaşlarımızı yad edirik! Polsilərimizə çətin, məsuliyyətli və şərəfli xidmətlərində uğurlar və yorulmamağı arzu edirik.”