Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Azərbaycan polisinin 100 yaşı qeyd olundu

Azərbaycan polisinin 100 yaşı qeyd olundu
Prezident İlham Əliyev: “Polis güclü nizam-intizama, yüksək peşəkarlığa malikdir”; Nazir Ramil Usubov: “Cinayətlərin orta hesabla açılması 87 faiz təşkil edir”

İyulun 2-də Azərbaycan polisinin yaranmasının 100 illiyi qeyd olundu. Azərbaycanda polis orqanları 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılıb. Müstəqillik illərində isə mərhum prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur.

Bu münasibətlə ilk olaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin (DİN) kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri Xiyabana gedərək mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanına gedərək “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra DİN-in Polis Akademiyasında Azərbaycan polisinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ölkə başçısı İlham Əliyevin polisə təbrik məktubunu da oxuyub. Məktubda prezident Azərbaycan polisini yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Hörmətli polis əməkdaşları və veteranları! Sizi Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm. Bu tarix yalnız ölkəmizin daxili işlər orqanları üçün deyil, bütünlükdə müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk polis orqanları yaradılıb və bununla da Azərbaycan polisinin əsası qoyulub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi önəm verib. 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etmiş respublikamızda baş verən dağıdıcı proseslər, yaranmış hakimiyyət böhranı və idarəolunmaz vəziyyət dövlətçiliyin əsas sütunlarından olan polis orqanlarına da mənfi təsir göstərmişdi. Ölkədə cinayətkarlıq kəskin şəkildə artmış, kriminogen durum nəzarətdən çıxmışdı. Yalnız 1993-cü il iyunun 15-də xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə qayıtması dövlətçiliyimizi uçurumdan xilas edib. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıldı və onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirildi.
Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ulu Öndərin qoyduğu təməllər üzərində güclü dövlət qurulmuşdur. Ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi təmin edilir, insan hüquqları ədalətli şəkildə qorunur. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır. Dövlət tərəfindən daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim kompleks tədbirlər həyata keçirilir və bu sahədə dövlət qayğısı gələcəkdə də davam etdiriləcək. Öz növbəsində, Azərbaycan polisi fəaliyyətini müasir tələblərə uyğun təkmilləşdirməli, cinayətkarlığa qarşı mübarizəni daha böyük əzmlə və qətiyyətlə aparmalıdır. Əminəm ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da vəzifələrini şərəflə yerinə yetirəcək. Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətimiz və cəmiyyətimiz üçün önəmli fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

“Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan polisinin 100 illik yubileyi və 2 iyul - Polis Günü münasibətilə keçirilən mərasimdə daxili işlər naziri Ramil Usubov deyib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərə çarpacaq dərəcədə aşağı düşüb.

R.Usubov qeyd edib ki, son 15 ildə Azərbaycanda hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərərvurma, oğurluq, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır. Nazirin sözlərinə görə, son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə-istintaq orqanlarına təhvil verilib. R. Usubov cinayətlərin orta hesabla açılmasının 87 faiz təşkil etdiyini vurğulayıb: “Qeydə alınan cinayətlərin təxminən 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.

Baş redaktor: “Polis bizim həm hüquqlarımızı, həm cinayətkarlardan qoruyur”
“Yeni Müsavat”a danışan “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycan polisi də çox şərəfli inkişaf dövrü keçib: “Biz hər zaman polisə ehtiyac duyuruq. Doğrudur, bəzən haradansa müəyyən mənada qanundan yan keçməyə daha meylliyik. Bəzən polis qanunun gücünü bizə tətbiq etdiyi zaman xoşumuza gəlmir. Ancaq bütövlükdə həyatımızın ən ağır, ən təhlükəli anlarında müraciət etdiyimiz ünvan polis olur. Polis bizim həm hüquqlarımızın müdafiəçisidir, həm bizi cinayətkarlardan qoruyan bir qurumdur, həm də polis asayişi qoruyub saxlayandır. Azərbaycanda hazırkı sabitliyin qorunub-saxlanmasında polisimizin çox böyük rolu var. Polis öz borcunu zaman-zaman həmişə şərəf və fədakarlıqla yerinə yetirib. Bilirsiniz ki, ilk dəfə torpaqlarımıza qəsd olunan zaman məhz polis bizim dadımıza çatıb. Xüsusi təyinatlı polis dəstələri yaradıldı, hər kənddə polis postları quruldu. O dövrdə polislərimiz mərdliklə düşmənin qarşısına çıxıb, torpaqlarımızın müdafiəsinə qalxırdılar. Heç də təsadüfi deyil ki, bizim milli qəhrəmanlarımızın bir çoxu məhz polislər olub. Bu gün isə hər birimiz çox böyük sevinclə polisin yubileyini qeyd edirik. Çünki bu, bizim asayişimizin, sabitliyimizin, hüquqlarımızın qoruyucusu olan çox mühüm bir dövlət qurumunun yubileyidir. Azərbaycan polisini təbrik edir, onlara cansağlığı arzu edirəm”.

Deputat: “Ramin Usubov məktəb yarada bilib”

Deputat Fərəc Quliyev isə “Yeni Müsavat”a bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün dövlət qurumlarımız olub: “Müstəqillik qazandıqdan sonra isə həm parlamentdə ”Polis haqqında" Qanunun qəbul olunması, həm yenidən strukturların formalaşması və milli dəyərləri nəzərə almaqla bütün dəyişikliklər edildikdən sonra milli polis sistemimiz fəaliyyətə başlayıb. Müstəqil olduqdan bu günə qədər əlbəttə ki, polis sistemimizdə xeyli inkişaf var. Kəsirlərimiz də təbii ki, olub. Ancaq bütün bunlar aradan qaldırılıb, yeni yanaşmalar ortaya qoyulub. Azərbaycanda artıq polisimizlə fəxr etməyə dəyər. Daxili işlər naziri Ramin Usubovu da təbrik edirəm. Çünki o, bir məktəb yarada bilib. Kimin nə deməsindən asılı olmayaraq, bu sahə çox ağırdır və idarəsi də çətindir. Nəzərə alsaq ki, Eldar Mahmudovun dövründə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ölkənin təhlükəsizliyi ilə deyil, başqa məsələlərlə məşğul olurmuş. Deməli, elə o dövrdə də ölkənin təhlükəsizliyi polisin üzərinə düşürmüş. Qarabağ müharibəsi ərəfəsində polislərimiz həm də vətən uğrunda döyüşüblər. Düşünürəm ki, polisimiz hər zaman xalqın güvən yeri olacaq".

Əli RAİS