Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

"Rus bura gələrək özünü çoxbilmiş göstərib Azərbaycan xalqını ələ salır"

"Rus bura gələrək özünü çoxbilmiş göstərib Azərbaycan xalqını ələ salır""Biz nə qədər özümüzü aldatsaq ki, bir qrup rusiyalı deputat, ekspert Azərbaycanla, digər qrupu isə Ermənistanla əlaqə saxlayır o zaman xarici siyasətdə gələcək qura bilmərik".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fərəc Quliyev rusiyalı deputatların, ekspertlərin Cocuq Mərcanlıya səfərini şərh edərkən deyib.

O xatırladıb ki, rusiyalı deputatlar mütəmadi olaraq Ermənistan üzərindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə gediblər: "Onların arasında Rusiya Dövlət Dumasının komitə sədrləri də olub. Mən dəfələrlə məsələ qaldırmışam ki, rus deputatların Ermənistandan Dağlıq Qarabağa getməsinə kəskin etiraz etmək, onların bura gəlmələrinə qadağa qoymaq, əlaqələri kəsmək lazımdır".
Millət vəkilinin sözlərinə görə, Rusiya ilə Ermənistan bir təşkilatda, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunublar, üstəlik də vahid ordu yaradıblar: "Moskva tərəfi əvəzsiz olaraq, guya da bəzən kreditlə Ermənistana silah verir. Bir çox ərazidən, o cümlədən Gürcüstandan çıxarılmış silahlar Ermənistan ərazisinə daşınır, Ermənistana ciddi şəkildə dəstək verilib".

F. Quliyev hesab edir ki, Qarabağ müharibəsini aparan Rusiyadır, Dağlıq Qarabağı işğal edən də Rusiyadır və Ermənistan Rusiyanın əyalətidir: "Biz nə qədər özümüzü aldatsaq ki, bir qrup rusiyalı deputat, ekspert Azərbaycanla, digər qrup isə Ermənistanla əlaqə saxlayır o zaman xarici siyasətdə gələcək qura bilmərik. Biz birmənalı şəkildə bilməliyik ki, Ermənistan Rusiya tərəfindən himayə olunur, Rusiya işğal olunmuş ərazilərimizin azad olunmasında maraqlı deyil. Münaqişədə status-kvonun saxlanılmasında birmənalı olaraq Rusiya günahkardır".

Deputatın fikrincə, Azərbaycan dövlət səviyyəsində də, əgər protokol qaydalarından kənar daha sərt mövqe lazımdırsa, bütün ictimai təşkilatlar, siyasi partiyalar, vətəndaşlar Rusiyaya münasibətdə çox sərt mövqe ortaya qoymalıdır:" Onlar bilməlidirlər ki, özlərini böyük dövlət kimi göstərib bizim suveren hüquqlarımızı hörmətsizlik etməməlidirlər. Onu da bilməlidirlər ki, biz günlərin birində Dağlıq Qarabağda hərbi əməliyyata başlasaq, orada Rusiya hərbçiləri görsək, ermənilərlə onlar arasında fərq qoymayacağıq. Ölkə Prezidenti də bəyan etmişdi ki, erməni əsgərinin bizim torpaqlarda nə işi var, əgər onlar ölmək istəmirlərsə, rədd olub getsinlər. İndi hər kəs məsələ ilə bağlı siyasi danışmaq istəyir. Ancaq bu, doğru nəticə verməyəcək".

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin "Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması barədə Serj Sarkisyanla razılığa gəlinməsi" barədə sözlərinə münasibət bildirən F. Quliyev vurğulayıb ki, bunların hamısı nağıldır, cəfəngiyatdır: "Serj Sarkisyan uzun müddət Ermənistanda hakimiyyətdə olub, o əgər işğal olunmuş beş rayonu həqiqətən qaytarmaq istəsəydi bunu çoxdan edərdi, bununa bağlı kifayət qədər imkanları olub. Nə Sarkisyan, nə Paşinyan, nə də ondan sonra gələcək şəxs Rusiyanın iradəsi və icazəsi, göstərişi, əmri olmadan sərbəst qərar verə bilməz. Ermənistanın taleyini erməni xalqı müəyyənləşdirmir, erməni xalqının istəyi heç nə həll etmir. Bunların hamısı Rusiyanın oyuncaqlarıdır. Ermənistan Rusiyanın idarəçiliyində olan əyalətdir".

Millət vəkili bu cür açıqlama verən şəxslərin özlərini ortada saxlamaq məqsədi güddüyünü bildirib: "Dolayısı yolla iplər bizim əlimizdədir deyirlər, biz bu işlə məşğul oluruq, bizim təsirimizdə qalın, biz istədimiyiz kimi olun deyirlər. Bunların hamısını cəmiyyət bilməlidir. Rus bura gələrək özünü çoxbilmiş göstərib Azərbaycan xalqını ələ salır. Biz beş rayonunmu davasını aparırıq? Sülhməramlılarını oraya yerləşdirmək üçün bu məsələni ortaya atıblar. Biz təkcə beş rayonu deyil, işğal olunmuş bütün ərazilərimizin azad olunmasını istəyirik. Prezident dəfələrlə deyib ki, bir millimetr torpaq da güzəşt olunmayacaq".

Xatırladaq ki, Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfrans keçirilib. Konfransda Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa iştirak ediblər.

Məftun Salmanov