Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Ermənistan Rusiya ilə hərbi sazişə tarixdə ən sərt münasibəti ortaya qoydu

Ermənistan Rusiya ilə hərbi sazişə tarixdə ən sərt münasibəti ortaya qoydu
“Hətta Rusiya özü oranı könüllü tərk etmək istəsə belə, ermənilər onların ayağına düşüb qalmalarını xahiş edəcəklər”

Fərəc Quliyev: “Güman edirəm ki, belə bir “cəsarətli” bəyanatı Ermənistanın müdafiə naziri Rusiya ilə razılaşdırandan sonra verib”

Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusu təkrar gözdən keçiriləcək. Belə sensasiyalı bəyanatla Ermənistanın yeni müdafiə naziri David Tonoyan çıxış edib: "Bunlar daşda yonulmuş sənədlər deyil və vaxt ötdükcə problemlər yaranır, hansılar ki, hüquqi və müqavilə dəyişiklikləri tələb edir. Və bu, əlbəttə, ediləcək".
Nazir Tonoyan Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna, hansı ki, 1992-ci ilin yanvarında, SSRİ-nin dağılmasından və Ermənistanın müstəqillik bəyannaməsi qəbul etməsindən sonra imzalanıb, konkret nə kimi dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib. Amma izah edib ki, Şirak əyalətinin Panik kəndində Rusiya hərbi qulluqçularının iştirakı ilə bu yaxınlardakı hadisə dəyişiklikləri sürətləndirə bilər. Xatırladaq ki, ötən həftə Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının hərbçiləri texnika və canlı qüvvə ilə Şirak bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açıb, qumbara atıb və s. hərbi hazırlıq əməliyyatları keçiriblər. Bu, yerli əhali arasında ciddi təşvişə səbəb olub və narazılıq doğurub. Rusiyanın “Kommersant” qəzeti qeyd edir ki, Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna yenidən baxılması haqda müdafiə naziri David Tonoyanın bəyanatı bu ölkənin müstəqilliyinin ilk illərindən bəri respublikada olan Rusiya hərbçilərinin ünvanına səslənən ən sərt fikirdir.
Hazırda Ermənistanda dislokasiya olunan rus qoşunlarının statusuna yenidən baxılması ilə bağlı rəsmi İrəvanın səsləndirdiyi bəyanatı necə şərh etmək olar?
Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu, Ermənistanın göstərmək istədiyi növbəti şoudur: “Ermənistan o gücdə deyil ki, Rusiyanın həmin ölkədə olan hansısa ordu birləşmələrini ölkədən çıxarsın. Yəni Rusiyanın iradəsinin əksinə olaraq belə məsələni hətta düşünmək onların gücü xaricindədir. Əsl həqiqətdə isə Ermənistan həmin ordunun qalmasını hamıdan çox istəyir. Sadəcə hansısa ordu növlərinin dislokasiya yerinin dəyişməsi ilə bağlı qərar verilə bilər. Bunun da edilməsi Rusiyaya edilən xahiş əsasında baş tuta bilər. Formal olaraq həmin ölkədə olan ordunun statusunu dəyişməklə ona aid silah-sursatın Ermənistana təhvil verilməsi mümkündür. Sizi əmin edirəm ki, hətta Rusiya özü oranı könüllü tərk etmək istəsə belə, ermənilər onların ayağına düşüb qalmalarını xahiş edəcəklər. Onlar bilirlər ki, mövcudluqları rus ordusuna görədir. Bura yalnız Dağlıq Qarabağ və ona bitişik rayonların işğal altında saxlanması faktorunu aid etmirəm. Onların bir millət və dövlət kimi mövcudluqları belə rus ordusuna bağlı olan məsələdir. Güman edirəm ki, belə bir “cəsarətli” bəyanatı Ermənistanın müdafiə naziri Rusiya ilə razılaşdırandan sonra verib. Ola bilər ki, Rusiya həmin hərbi hissələrə aid silahları Ermənistana verib, tərkibi dəyişərək erməniləşdirmək istəyir. Bütün hallarda, nə Ermənistanın Rusiyadan qırılması mümkündür, nə də onlar öz şəxsi istəkləri ilə bunu reallaşdıra bilərlər. Hər halda, biz belə məsələləri dəqiq hesablamaq gücündəyik”.

Məhəmmədəli QƏRİBLİ