Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev pul qarşılığında hərbidən azad olmaq haqda qanuna qarşı çıxdı

Fərəc Quliyev pul qarşılığında hərbidən azad olmaq haqda qanuna qarşı çıxdı
“Azərbaycanda belə bir qanunun qəbul edilməsi...”
Türkiyədə hərbi xidmət yaşı çatmış vətəndaşlara dövlətə müəyyən miqdarda vəsait ödəməklə hərbi xidmətdən azad olma hüququnu verən qanun qəbul edilməsi gözlənilir. Bunun üçün hazırlanan qanun layihəsi Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq.

Qanun layihəsində qeyd edilir ki, hərbi xidmət yaşı çatmış vətəndaş 21 gün hərbi təlimdə iştirak etdikdən sonra 21 min türk lirəsi (təxminən 7 min manat) vəsaiti dövlətə ödəməklə hərbi xidmətdən azad oluna bilər. Qanun layihəsi Türkiyə cəmiyyətində birmənalı qarşılanmayıb.

Bəs Azərbaycanda belə bir qanunun qəbulu mümkündürmü?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın belə bir qanun qəbul etməsi gözlənilmir və belə bir addımın atılmasına ehtiyac da yoxdur: “Əvvəla, qardaş Türkiyənin hər hansı qanun qəbul etməsinə biz sayğı ilə yanaşırıq. Türk dövlətlərində sanki bir gözə görünməyən qüvvə millətin döyüşkənliyini, hərbiləşməsini, hərbi ruhunu zəiflətməyə çalışır. Mən demirəm ki, Türkiyədə sözügedən qanun layihəsini məhz bu baxımdan gündəmə gətiriblər. Mən ümumən deyirəm. Azərbaycan kimi dövlətlərdə nəinki müharibə vəziyyətində olduğu üçün, ümumiyyətlə, müharibə vəziyyətində olmasa belə, bu cür qanunlara zərurət yoxdur. Azərbaycanda belə bir qanunun qəbul edilməsi ehtimalı sıfıra bərabərdir.

70 illik sovet basqısında olduğumuz dönəmdə Azərbaycan türklərini, özbəkləri, qazaxları, qırğızları, türkmənləri daha çox inşaat batalyonlarına hərbi xidmətə yönəldirdilər, hərbi-strateji yerlərdə hərbi xidmətə yönləndirmirdilər. Məqsəd türklərin hərbidən heç bir anlayışının olmaması, adi silahla davranış bacarıqlarının belə olmamasının təmin edilməsi idi. Çar Rusiyası dövründə isə Azərbaycan türklərini, ümumiyyətlə, orduya xidmətə çağırmırdılar. Onlar bilirdilər ki, türkün gücü hərbi xarakterindədir, ona görə də türkləri hərbidən kənar qoymaqla zəiflətmək olar. İndi artıq nə Çar Rusiyası, nə də sovet imperiyası var. Biz müstəqil dövlətik və bu dövlətin vətəndaşları hərbi xidmətdən kənarda qalmamalıdır, hərb elmini, hərbçiliyi öyrənməlidir. Bu olmalıdır ki, savaş başlayan anda hər bir vətəndaş bir hərbçi kimi öz bacarığını ortaya qoya bilsin”.

Deputat onu da dedi ki, qanunda müəyyən məbləğdə vəsait ödəyib 2-3 həftə hərbidə olmaqla hərbi xidmətdən azad olmaq imkanının yaradılması sosial bərabərsizlik kimi əlavə problemlərə də yol açar: “Belə çıxır ki, zənginlər həmin vəsaiti ödəyər və övladları hərbi xidmətdən azad olunar, kasıbların isə övladları pulları olmadığı üçün hərbi xidmətə gedəcək. Bu zaman isə sosial problemlər, sinifləşmə, qütbləşmə, qarşıdurma kimi problemlər meydana gətirə bilər. Hətta halal yolla pul qazanmış və həmin puldan ödəyib övladını hərbi xidmətdən azad edən insanlara qarşı da ikrah, qəzəb yarana bilər. Bu, sadə, kasıb insanlarda sahibkarlığa, burjuaziyaya qarşı bir aqressiya yaradar ki, bunlar vətənə xidmət eləmirlər. Üstəlik, bunun bir mənəvi tərəfi də var. Ona görə də hesab edirəm ki, hətta müharibə şəraitində olmasaq belə, ölkənin bütün 18 yaşı tamam olmuş vətəndaşlarının hərbi xidmət keçməsi vacibdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”