Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Merkel regiona səfərinə niyə Bakıdan yox, Tiflisdən başlayır?

Merkel regiona səfərinə niyə Bakıdan yox, Tiflisdən başlayır?
Fərəc Quliyev: “Məsələdə mütləq kilsənin, xristian təəssübkeşliyinin təsiri var”

Sabah Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri başlayır. İlk olaraq, xanım kansler Gürcüstana səfər edəcək, ardınca Ermənistana gedəcək. Avqustun 25-də Merkel Azərbaycanda olacaq və bununla da Cənubi Qafqaz səfərini başa vuracaq.

Alman kanslerin səfərinə Tiflisdən başlaması maraq doğurur. Görəsən, səfər qrafikində belə bir ardıcıllıq nə ilə bağlıdır? Məsələdə texniki, yoxsa siyasi amil rol oynayır?

Səslənən mövqelərdən biri son illərdə Avropa yolunda uğurla addımlayan Gürcüstana Almaniyanın Cənubi Qafqaz ölkəsi kimi daha çox önəm verdiyi yönündədir. Merkelin Tiflisdən İrəvana səfərini planlaşdırmasını “məxməri inqilab”dan sonra Ermənistanın Qərbə meyl etməsi ilə əlaqələndirənlər var. Səfərin son gününün Azərbaycana salınması isə rəsmi Bakının balanslı siyasətə üstünlük verməsi ilə izah edilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev siyasətdə texniki məsələnin olmadığını söylədi: “Bütün dövlətlərin maraqları var və hər bir dövlət də öz maraqlarından çıxış edir. Azərbaycanın yerləşdiyi bölgə də çox aktivdir. Bu bölgə uğrunda daim savaşlar gedib. Xanım kanslerin buraya gəlişi də bu savaşlardan qaynaqlanır. Zahirən nəyin görünməsindən asılı olmayaraq, aysberqin görünməyən tərəfləri olur. Azərbaycan, Gürcüstan və Ermənistanı qazanmaqla strateji müttəfiqlik etməkdə hər kəsin marağı var. Amma bunların içərisində mütləq kilsənin təsiri, xristian təəssübkeşliyi var. Bu, hər zaman da belə olacaq. Kanslerlər, prezidentlər böyüdükləri ailələrdə o tərbiyəni alırlar. Xaç suyuna salındıqdan ömürlərinin sonlarına qədər kilsəyə mötəbər bir yer kimi baxırlar. Son zamanlar Azərbaycanın mövqeyində Qərbə istiqamətlənmiş siyasi davranışlar müşahidə olunur. Rusiyanın asılılığından qurtulmaq üçün addımlar atılır. Buna görə hətta Azərbaycana qarşı təhdidlər də olur. Öz maraqlarına görə artıq ölkəmizlə bir yerdə olmaq üçün siyasət yürüdülür. Azərbaycanı dışlama siyasətindən əl çəkilməkdədir”.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a məsələni bu cür şərh etdi: “Əslində səfərin marşrutunun xüsusi əhəmiyyət kəsb etmədiyini düşünürəm. Merkelin səfərinin marşrutuna ən müxtəlif rakurslardan yanaşmaq və qiymətləndirmək olar. Mənim baxış bucağımdan Azərbaycanın Cənubi Qafqazda son məntəqə kimi seçilməsi təsadüfi deyil. Azərbaycan regionda həyata keçirilən enerji və nəqliyyat layihələrinin təşəbbüsü və əsas iştirakçısıdır. Regionun ən önəmli iqtisadi gücü kimi son söz sahibi də, düşünürəm ki, Azərbaycandır. Bu baxımdan Gürcüstanda və Ermənistanda aparılacaq müzakirələrə Azərbaycanda yekun vurulması təbii qəbul olunmalıdır. Müzakirələrin Dağlıq Qarabağla bağlı hissəsinə gəldikdə isə yenə Azərbaycanın son məntəqə kimi seçilməsi tamamilə məntiqlidir. Çünki ölkəmizin Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi aydındır. Avropa İttifaqının münaqişənin həlli ilə bağlı mövqeyi ilə Azərbaycanın mövqeyi arasında ciddi fərq yoxdur. Çünki rəsmi Bakı da, Brüssel də münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini vacib sayır. Ermənistanın yeni rəhbərliyinin münaqişənin həlli ilə bağlı mövqeyi isə hələlik tam aydın deyil. Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdə verdiyi bəyanatlarla indiki açıqlamalarının arasında ciddi fərq var. Məhz bu səbəbdən ilk növbədə mövqeyi aydın olmayan Ermənistan rəhbərliyinin fikirlərini almaq lazımdır ki, Azərbaycanda aparılacaq müzakirələrə hansı konrekstdən yanaşmanın mümkünlüyü nəzərə alınsın.

Doğrusu, bu səfərin marşrutunda hər hansı bir qıcıqlandırıcı amil görmürəm. Almaniya son dövrlərdə qlobal proseslərdə fəallıq nümayiş etdirməyə çalışır. Türkiyə ilə ABŞ arasında yaranmış gərginliyə rəsmi Berlinin münasibəti də buna sübutdur. Merkelin səfərinin marşrutu ilə bağlı ən çox qıcıqlandırıcı xəbərlər ermənilərin resurslarında yayımlanır. Bu marşrut daha çox Ermənistanda müzakirə mövzusudur. Bu da Avropa İttifaqından gözlədiyi dəstəyi ala və bununla bağlı vədlərinə əməl edə bilməyən Paşinyan üçün ucuz təbliğat vasitəsindən başqa bir şey deyil. Eyni zamanda unutmaq lazım deyil ki, Almaniya Rusiya ilə münasibətlərində də ehtiyatlı davranır və aqressiv ritorika sərgiləməməyə cəhd göstərir. Bu baxımdan Merkelin səfərinin, yaxud səfərin marşrutunun Rusiyanı qıcıqlandıracağı barədə danışmağa dəyməz”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”