Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Ekspert: "Azərbaycan "vur komandir, vur" taktikasını yada salmalıdır"

Ekspert: "Azərbaycan "vur komandir, vur" taktikasını yada salmalıdır" Ermənistan ordusunun işğal altında olan Qarabağ dislokasiya olunan qanunsuz hərbi birləşməsi Qarabağda hərbi təyyarələrin və helikopterlərin iştirakı ilə təlim uçuşları keçirir.

Yerli mediada və sosial şəbəkələrdə yayılan məlumatlarda göstərilir ki, artıq sentyabrın 25-dən Ermənistana məxsus SU-25 hərbi döyüş təyyarələri Xocalı hava limanına eniş ediblər.
Təlim uçuşlarının 25-dən etibarən sabaha qədər davam edəcəyi gözlənilir.

Məsələyə Azərbaycan Müdafiə Nazirliyi öz münasibətini bildirib.

Müdafiə nazirliyinin bəyanatında deyilir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır: "İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə qarşı tərəfin yaydığı məlumat bunun əyani sübutudur”.

Müdafiə Nazirliyi bəyan edib ki, ön xətdə yerləşən bölmələrin mövqelərinə yaxınlaşmağa cəhd göstərən qarşı tərəfin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq.

"Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, - deyə bəyanatda bildirilib.

Bəs bu təlimləri keçirməklə Ermənistan nə deməyə çalışır? Dağlıq Qarabağa uçuşların həyata keçirilməsinin məqsədi nədir?

Hərbi ekspert Əvəz Həsənov Toplum TV-yə bildirib ki, onların əsas güc nümayiş etdirmək istədiyi ölkə hələ ki Azərbaycan olduğundan çalışırlar ki, bütün hərbi təlimləri Azərbaycanda əks-səda doğursun.

"Erməni ordusunun hər il keçirdiyi hərbi təlimlərinin Dağlıq Qarabağda etməsinin şahidi oluruq. O üzdən də bizim işğal altında olan ərazilərimizdə keçirdikləri təlimləri xüsusi olaraq reklam edirlər. Hərbi uçuşlar da bu təlimlərin tərkib hissəsidir. Onlara hələ Xankəndi aeroportunu vətəndaş daşımaları üçün işə salmaq nəsib olmasa da hərbi təlimlər üçün aviasiyadan istifadəyə nail olurlar", - ekspert bildirib.

Hərbi ekspert Şahin Rzayev isə deyir ki, burada yeni heç nə yoxdur. Ekspert bildirir ki, 25 ildir ki, Ermənistanın hərbi təyyarələri və helikopterləri Azərbaycanın hava sərhədini pozaraq Qarabağa uçuşlar edir:

"Hətta mən bir dəfə Sarkisyanın uçduğu helikopterin niyə vurulmadığını soruşmuşdum və buna görə erməni həmkarlarım məndən inciyib redaktorlara və donorlara şikayət etmişdilər. Yeni olan odur ki, onlar bunu Putin Bakıda olan vaxt edirlər. Bu da Paşinyanın populist təbiətindən irəli gəlir. Bilirsiniz ki, Paşinyan ilə Koçaryan arasında ciddi qarşıdurma var. Növbədənkənar parlament seçkilərində Qarabağ ermənilərin dəstəyini qazanmaq üçün Paşinyan hər cür populist vasitələrə əl atır. Bu isə ona baha başa gələ bilər, Putin zarafat-zad başa düşmür. Azərbaycan isə yenə də dünya ictimaiyyətinə müraciətlər etməkdənsə, "vur komandir, vur" taktikasını yada salmalıdır".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev isə deyir ki, Ermənistanın bu hərəkətləri, Paşinyanın verdiyi bəyanatlar onu göstərir ki, Azərbaycan-Ermənistan arasındakı münaqişələr sülh danışıqları yolu ilə həll edilməsi qeyri-mümkündür: "Ermənistanın nə demək istədiyi aydındır. Bildiyiniz kimi, torpaqlarımız işğal altındadır. Paşinyan BMTdəki çıxışında da bildirib ki, Dağlıq Qarabağı Azərbaycana qaytarmaq fikrində deyillər. Bu ərəfədə də düşünürlər ki, ağaları Putin Bakıya gəlib və onlar düşünürlər ki, belə məqamda helikopterləri, təyyarələri vurulmayacaq".

Deputat Ermənistana cavab olaraq daha sərt tədbirlərin görülməli olduğunu vurğulayır.

"Məncə, ermənilərə qarşı çox sərt tədbirlər görülməlidir. Ermənilər başa düşməlidilər ki, arxalarında kim olursa olsun, nəyə güvənirlərsə güvənsinlər, Azərbaycan öz torpaqlarını azad edəcək", - deputat belə deyir.

Samirə Əliyeva
Toplum TV