Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Avropadakı radikallar Yunis Səfərovun terrorçuluğuna haqq qazandırır

Avropadakı radikallar Yunis Səfərovun terrorçuluğuna haqq qazandırır Fərəc Quliyev: “Həmin şəxslər barəsində də cinayət işi açılmalı və cəzalandırılmalıdırlar”

İyulun 4-də Gəncədə icra başçısı Elmar Vəliyevi qətlə yetirməyə cəhd edən və hazırda həbsdə olan Yunis Səfərovun bu günlərdə 35 yaşı tamam olub. Onun doğum günü ilə bağlı bəzi müxalifətçilər sosial şəbəkələrdə təmtəraqlı statuslar paylaşıblar. Bu statuslarda terrorçuluq kimi qiymətləndirilən cinayət törətmiş Y.Səfərov açıq şəkildə müdafiə olunub, hətta onu “qəhrəman” adlandıranlar belə var.

Ən çox diqqəti isə Meydan.TV-nin Almaniyada yaşayan rəhbəri Emin Millinin statusu cəlb edib. O, Y.Səfərovun cinayətinə açıq şəkildə haqq qazandırıb. Sitat: “Sənin etdiyini edə bilmərəm, bəlkə cəsarətim çatmaz, bəlkə də həyata baxışım fərqlidir. Amma sənin etdiklərini bunlar unutmaq istəyir. Mesaj deyəsən tam çatmayıb bunlara. Bunlara dərs olmur. Nə qədər sözlə, sivil yollarla izah edirik, amma xeyri hələ yoxdur. Anlamırlar”.

Bir canini özünü demokrat kimi qələmə verən adamların müdafiə etməsi təpki ilə qarşılanıb. Y.Səfərovun terror kimi tövsif olunan cinayət törətməsinə Avropadakı radikalların hansı səbəbdən haqq qazandırması suallar doğurur. Bir maraqlı məqam da ondan ibarətdir ki, Azərbaycanın bəzi müxalif partiya üzvləri də bu radikallarla eyni mövqe sərgiləyən açıqlamalarla çıxış edirlər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, kim tərəfindən törədilməsindən asılı olmayaraq cinayət pislənməlidir: “Bu, qanun pozuntusudur, cəmiyyətə hörmətsizlikdir. Digər tərəfdən burada sadə bir hadisə baş verməyib. Təsadüfən bir-birinə qarşı kobudluq, yaxud avtomobil qəzası olmayıb. Burada bir nəfər, özü də xarici kəşfiyyatla bağlı olan birisi Azərbaycanın dövlət məmuruna və onun yanındakı şəxslərə atəş açıb. Dövləti təmsil edən bir şəxsdən söhbət getmir. Bu atəş dövlətə, bir düşüncəyə atılıb. Azərbaycan dövlətçiliyinə qarşı olan bir qəsddir. Bu insanlar dövləti təmsil edirlər. Dövlət başında duran şəxs dövləti təmsil edir, onun adından danışır. O bölgədəki şəxs də icra başçıdır. Ona qarşı sui-qəsd olub. Sübut olundu ki, bu şəxs İrandakı müəyyən qruplar tərəfindən göndərilib. Ona görə də belə məsələlərdə o məsələnin ağırlığına uyğun olaraq ortaya münasibət qoymaq lazımdır. Biz dövlətimizi müdafiə edirik. İctimaiyyət, siyasi palitra belə məsələlərdə ortaya konkret şəkildə mövqe qoymalıdır. Belə hadisələri, hərəkətləri nəinki müdafiə etmək doğru deyil, bu həmin cinayətə dəstək verməkdir. Bu da dövlətə qarşı cinayət törətmək kimi təsvir olunmalıdır. Belə mövqe tutan şəxsləri birmənalı şəkildə qınayıram. İctimaiyyət buna ciddi şəkildə etiraz etməlidir. Belə adamlar cəmiyyəti əllərində olan imkanlarla yanlış istiqamətə sürükləyə cəhd edə bilərlər.
Cinayətə məruz qalan şəxs kim olursa olsun, günahı olsun və ya olmasın, heç kim kimisə təkbaşına mühakimə edə bilməz. Məmurdan söhbət gedirsə, lap o məmurun suçu olsun, heç kəs məhkəmə və ya onun icraçısı deyil ki. Kimin yanlışı varsa, məhkəməyə müraciət etmək olar, məhkəmə də onun haqqında ölçü götürə bilər. Cəzalandırmaq lazım gəlirsə, bunu dövlət qurumu edir. Hər kəs yerindən qalxıb, əlinə silahı alıb hökm icra edə bilməz. Onda xaotik bir cəmiyyət yaranar. O başqa bir məsələdir ki, yerini bilməyən məmurlar varsa, onlar dəyişilməlidir. İnsanlarla yola getməyən, korrupsiyaya qurşanmış şəxslər varsa, onlar cəzalandırılmalıdır. Özünü müxalif kimi adlandıranlardan birisi belə məqamlardan istifadə edib hakimiyyətdən xoşu gəlmədiyi üçün guya cinayətkarı müdafiə edirsə, bu da tamam absurd bir yanaşmadır. İstənilən halda belə hadisələrdə cinayət törətmiş, dövlət məmuruna və dövlətə qarşı silah işlətmiş şəxslər ağır şəkildə cəzalandırılmalıdır. Hər kəs bilməlidir ki, o məhkəmə deyil hökm versin. İcraçı da deyil ki, bunu icra etsin. Eyni zamanda, belə şəxslər başqa dövlətlərin xüsusi xidmət orqanlarına xidmət edib, gəlib ölkədə qarışıqlıq salmaq istəyirlərsə, həmin dövlətlərə qarşı notalar verilməli, o dövlətlər barəsində ölçü götürülməlidir. Ölkədə barışa söykənən bir sabitlik olmalıdır. Bunun da əsası ədalətə söykənməlidir. Bizim partiyanın mövqeyi budur ki, gecikən ədalət belə ədalətsizlikdir. Məmurlar insanların xidmətində durmalı, ağa kimi özlərini aparmalı deyillər. Qanunlara əməl etmək onların borcudur”.

Deputat hökumətin cinayətkarları dəstəkləyən şəxslərlə bağlı addımlar atmasının vacibliyini də vurğuladı: “İctimai qınaq öz yerindədir. Xaricdən maliyyələşdirilərək ölkənin üzərinə göndərilən bir cinayətkarın müdafiə olunması başqa dövlətin ölkəmizə bu formada olan basqısını müdafiə etməkdir. Bu da dövlətə qarşı getməkdir, eləcə də, terrora verilən dəstəkdir. Bu da Cinayət Məcəlləsi ilə təsdiq olunmalı, həmin şəxslər barəsində də cinayət işi açılmalı və cəzalandırılmalıdırlar. Əks halda hər kəs belə hərəkətlərdən, yəni cinayətkarın müdafiə olunmasından ruhlanar və nəticədə ölkədə özbaşınalıq baş alıb gedər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”