Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: Hərbi əməliyyatların formatı dəyişdirilsin

Fərəc Quliyev: Hərbi əməliyyatların formatı dəyişdirilsin
“Azərbaycanın suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında”bir qanun qəbul olunmalıdır”

Milli Məclisin payız sessiyasının bu gün- 01.10.2018-ci tarixində keçirilən ilk plenar iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev çıxış edərək, “Azərbaycanın suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” qanunun qəbul olunmasını təklif edib. Bundan əlavə partiya sədri bir daha Qarabağda partizan hərəkatının beynəlxalq konvensiyalara uyğun mexanizminin həyata keçməsi və əhalini fəal şəkildə iştirakın hüquqi əsaslarını hazırlanmasını , eləcə Milli Məclisdə Qarabağ komitəsinin yaradılmasını təklif edib.


Fərəc Quliyevin həmin çıxışın tam mətnini və səs yazısını təqdim edirik:

Təşəkkür edirəm, cənab sədr!
Hörmətli sədr, hörmətli kolleqalar, mən payız dönəmində işləyəcəyimiz məsələlərə baxdım. Təbii ki, çox zəngin bir gündəlik vardır və çox ciddi məsələlər var. Amma hesab edirəm ki, bizim hamımızın bütün hakimiyyət orqanlarının da, siyasi təşkilatların da, vətəndaşların da ən çox düşündüyü məsələ təbii ki, Dağlıq Qarabağ və işğal olunmuş ərazilərimizin məsələsidir. Xüsusən son zamanlar düşmən dövlətdə baş verən hadisələr, çağırışlar, Rusiya-Ermənistan tandeminin bəzi blefləri onu göstərir ki, biz bəzi məsələlərə yenidən baxmalıyıq. Və hesab edirəm ki, kimsə Paşinyanın guya ki, özbaşına işbaşına gəlməsini qəbul eləsə bu sadəlövlük olardı. Təbii ki, bu Rusiyanın razılığı ilə olubdu və son zamanlar Avropaya elədiyi bəzi çağırışlar da razılaşdırılmış məsələlərdir. Ən azından iki amil var ki, bu bizim üçün əhəmiyyətlidir.
Birinci onunla bağlıdır ki, Rusiya istəyirki, Ermənistanı guya Avropaya meyilli kimi göstərsin və Azərbaycanı öz orbitinə çıxarsın. Beləliklə həm Azərbaycanı qərbdən qırsın, həmdə ki öz orbitində saxlayıb müəyyən məsələləri diktə edə bilsin.
İkinci məsələ isə qərbdə olan dövlətlərin ,xüsusən vasitəçi dövlətlərin Rusiyanın Qarabağ siyasətinə mane olmasını neytrallaşdırmaq və müəyyən qədər dəstək almaqdır. Buna da ilk addımlarda qismən nail olubdur. Mən son zamanlar Dağlıq Qarabağdakı separatçı rejimlə Fransanın bir şəhərinin oturub bir müqavilə imzalamasını, orda danışıqlar aparmasını xüsusi qeyd etmək istəyirəm. Bu vasitəçi bir dövlətin tərəfindən belə bir addım atılması bu blefə uymaq kimi səsləndirilə bilər. Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı siyasətə kölgə salmadan təklifimi vermək istəyirəm . Məncə yeni siyasi- diplomatik- hərbi yol təklif olunmalıdır. Və bununla bağlı olaraq “Azərbaycanın suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” qanun qəbul olunmalıdır. Bunu reinteqrasiya haqqında qanun da adlandırmaq mümkündür. Bu qanun layihəsində filiasiya -yəni vətəndaşlığa yanaşma məsələsinə də baxılmalıdır. Bura sonradan Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilərə köçürülmüş əhalinin məsələsidə xüsusi qeyd olunmalıdır ki, müharibənin aktiv fazaya keçəcəyi dönəmdə bu adamlarınhərb nəticəsində itkisi ,yerli dinc sakinlərin itkisi kimi qəbul olunmasın. Bunlar miqrantlardır, qanunsuz miqrantlardırlar və ərazilərimizə işğalçı tərəfindən köçürülmüş adamlardırlar.
İkinci məsələ isə ictimaiyyətin son vaxtlar çağırışıdır, 2016-cı ildə aprel savaşından sonra Cənab prezidentə və bizlərə də olan minlərlə müraciətlərdən görünür ki, Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən qovulmuş əhali ərazilərin işğaldan azad olunmasında fəal şəkildə iştirak etmək istəyir.
Biz partizan hərəkatının məşru -yəni qanuni olmasını beynəlxalq konvensiyalarda nəzərə alaraq onun mexanizminin həyata keçməsi və əhalini fəal şəkildə iştirakının hüquqi əsaslarını hazırlamaq üçün də addımlar ata bilərik və bu hüquqi sənəddə onu hazırlayaraq gələcəkdə xüsusi yeni yanaşmaların, yeni hərbi əməliyyatların formatların dəyişdirilməsi ilə bağlı olaraq da addımlarımız üçün hüquqi zəmin yaratmış olarıq. Mən bir daha qeyd edirəm ki ,aparılmış siyasətə kölgə salmadan dinc yolla əgər məsələlər həll olacaqsa və bunu da alqışlayaq. Və bizim indiyə qədər apardığımız diplomatik ,hərbi siyasəti də nəzərə alaq .Amma o heç bir şey alınmazsa və ermənilərin də bugün dalbadal pozuculuq səylərini də nəzərə alaraq bu addımı atmağımızı-bu qanunu qəbul etməyimizi vacib sayıram. Çünki Ermənistan tərəf artıq nəinki Dağlıq Qarabağın, artıq bəzi yüksək tribunalardan da, hətta BMT tribunasından ətraf rayonların belə işğaldan azad olunmuyacağını bəyan edirlər. Xarici İşlər Nazirliyi səviyyəsində danışıqlarda ermənilərin at oynatması, Azərbaycan ərazilərində keçirdikləri təlimlər, uçuşlar ,çağırışlar və s. onu göstərir ki, biz də tamamən ən sərt yollara hazır olmağımızı göstərməliyik. Bu tribuna- Milli Məclis ciddi şəkildə prezidentə dəstək verməlidir. Hər kim danışırsa yalnız Ali Baş Komandanın əmri olandan sonra falan şey eləcəyik deməklə məşğul olmalı deyil. Biz ciddi şəkildə bütün beynəlxalq ictimaiyyətə göstərməliyik ki, bizim artıq çox sərt addım atacağımız üçün və əhalinin tam şəkildə toparlanması, fəal şəkildə ərazinin işğaldan qurtarması üçün hazırlanması üçün qanun layihələrimiz də hazırdır. Bir daha qeyd edim ki, aparılmış işlərə kölgə salmadan bu qanun layihəsinin də qəbul olunması bu payız sessiyasında təklif edirəm.
İkinci məsələ də yenə Dağlıq Qarabağla bağlıdır. Mən həmişə bu məsələni təklif etmişəm, bir daha təklif edirəm ki, əgər lüzum varsa, sizdə uyğun bilirsinizsə bir müzakirə aparıb Milli Məclisdə daimi Qarabağ komitəsinin təsis olunmasına da baxmağımız lazımdır. Elə bu arada bir daha bildirim ki, mümkün olarsa payız sesiyası dönəmində bu məsələləri ciddi şəkildə müzakirə eləmək üçün Dağlıq Qarabağa aid bir iclasın keçirilməsini də təklif edirəm və deputat həmkarlarımdan da dəstək istəyirəm. Təşəkkür edirəm.
Sağ olun