Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: Soyadlar milli sonluqla bitsin

Fərəc Quliyev: Soyadlar milli sonluqla bitsin Mən soyadların milli sonluqla bitməsi ilə bağlı qanunda dəyişiklik təklif edirəm. İndi nə 37-ci ildi, nə də Stalin var.

Milli Məclisin bugün- 05.10.2018-ci tarixində keçirilən plenar iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev çıxış edərək, soyadların milli sonluqla bitməsi ilə bağlı qanunda dəyişiklik olunmasını təklif edib.

Fərəc Quliyevin həmin çıxışın tam mətnini və səs yazısını təqdim edirik:

Hörmətli sədr, hörmətli kolleqalar!
Mən yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı olan qanunda dəyişikliyə təbii ki, səs verəcəyəm və həm də yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanmasında iştirak edən parlamentin əlaqədar şöbələri, icra orqanları, qanunda dəyişiklik edən hər kəsə təşəkkür edirəm. Bu çox mühim bir məsələdir. Mən başqa bir dəyişikliyi də zəruri hesab edirəm. Hesab edirəm ki, bu dəyişiklikdə yaxın zamanlarda olunsa yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı qanunumuz daha mükəmməl olar və çox ciddi bir nəticə əldə olunar. O nəticə nədən ibarət olacaqdı?
Mən soyadların milli sonluqla bitməsi ilə bağlı qanunda dəyişiklik təklif edirəm. İndi nə 37-ci ildi, nə də Stalin var. Hər şey bizim iradəmizdən asılıdır. Doğrudur soyadların dəyişdirilməsi məsələsində maneçilik yoxdur ,amma görünən də budur ki, bu prosesin könüllü baş tutması və biz istədiyimiz sonluqla da bitməsi də mümkünsüzdür. Ona görə də yeni nəsil şəxsiyyət vəsiqələrinin üzərində yeni soyadların görünməsi üçün, yeni soyadların təsbit olunması üçün mütləq biz milli soyadlarımızın təsbit olunması ilə bağlı olaraq qanunda dəyişiklik etməliyik. Bu dəyişikliyin mütləq həyata keçməsi üçün biraz məcbur xarakter almalıdır. Dəyişmə qaydası necə olmalıdır?
Tutaq ki, yeni nəsil şəxsiyyət vəsiqəsi verilirsə, hər bir müraciət edən adamın milli sonluqlu soyadını təqdim olunması tələb olunmalıdır. Əgər belə bir təklif müraciət edən tərəfindən yoxdursa, müvafiq icra hakimiyyəti tərəfindən bir milli sonluqlu soyad təklif oluna bilər və həmin soyadın da yeni nəsil şəxsiyyət vəsiqəsində təsbit olunması təmin oluna bilər.
İndi Azərbaycan Respublikası Parlamentinin 100 illik ərəfəsidir. Mən hesab edirəm ki, bu dönəmdə qanunda belə bir dəyişiklik etməyimiz həm də bir mənəvi məsələ olar və tarixi baxımdan da çox əhəmiyyət kəsb edər. Bütün həmkarlarımdan bu qanun layihəsində dediyim dəyişikliyin olunması üçün fikirlərimə dəstək verilməsini xahiş edirəm.
Təşəkkür edirəm.

Ps: Mənə soyadımın dəyişilməsi ilə bağlı irada cavab olaraq bildirim ki, 1998-ci ildən Ulusoy soyadı ilə kitablarım çap olunub.