Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc QULİYEV: AXCP funksionerləri insanları aldadıb küçələrə çıxarmaqla gündəmdə qalmaq istəyirlər

Fərəc QULİYEV: AXCP funksionerləri insanları aldadıb küçələrə çıxarmaqla gündəmdə qalmaq istəyirlərXəbər verildiyi kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri, qondarma Milli Şuranın, həmçinin bəzi digər siyasi təşkilatların bir qrup fəalı Şəhidlər xiyabanında Milli Dirçəliş Günü ilə əlaqədar icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd göstərib.
Məlum olduğu kimi, hər hansı kütləvi tədbirin keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmamış mitinq, küçə yürüşü və piketlərin keçirilməsi qanuna ziddir. Lakin qanunla qadağan olunmasına və hüquq-mühafizə orqanlarının xəbərdarlığına baxmayaraq, yuxarıda qeyd olunan qurumların rəhbərlərinin təşkilatçılığı və bilavasitə iştirakı ilə Şəhidlər xiyabanı ərazisinə yaxınlaşmaqla siyasi aksiya keçirməyə cəhd göstərilib.

Qeyri-qanuni aksiyanın təşkilatçıları və iştirakçılarının ictimai-siyasi sabitliyi pozmaq cəhdi onların öz həmfikirləri tərəfindən də kəskin pislənilib. Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bizimlə söhbətində Milli Dirçəliş Günü ilə bağlı Şəhidlər xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvünün qanunazidd əməllərini pisləyərək dedi:

– AXCP sədri Əli Kərimli və tərəfdarlarının belə bir aksiya təşkil etmələri qanuna ziddir. Həmin gün Şəhidlər xiyabanına mütləq yürüş etməyə ehtiyac yox idi. Əli Kərimli partiya üzvləri ilə birlikdə Şəhidlər xiyabanına gedib çox rahat şəkildə, asayiş keşikçiləri ilə qarşıdurma yaratmadan ziyarət edə bilərdi. Bu zaman onlara heç kim mane olmazdı. Bu vaxta qədər Şəhidlər xiyabanını ziyarət edənlərdən kimə problem yaradılıb ki? Amma Əli Kərimli və tərəfdarları faktiki olaraq icazəsiz yürüş etməyə cəhd göstəriblər. Bu da bir daha təsdiqləyir ki, onların məqsədi şəhidləri ziyarət etmək yox, aksiya keçirmək olub. Hüquq –mühafizə orqanlarının əməkdaşları da qanunsuz aksiyanın qarşısını alıblar. Bu, onların vəzifə borcudur.
Partiya sədri əlavə etdi ki, AXCP sədri Əli Kərimlinin əsas məqsədi qarşıdurma yaratmaq, bununla da gündəmə qayıtmaqdır. İndiyə qədər hər hansı məsələ ilə bağlı konkret təkliflər verməyənlər, ortaya konsepsiya qoymayanlar qanunsuz aksiya keçirməklə gündəmə gəlmək istəyirlər: “Onlar yaxşı bilirlər ki, artıq yaddaşlardan silinirlər. Ona görə də belə qanunsuzluqlara əl atır, insanları aldatmaqla, yoldan çıxarmaqla özlərini xalqa canıyanan kimi göstərmək istəyirlər. Bu, birinci hal deyil. Bir neçə il bundan əvvəl də buna bənzər hadisələrlə qarşılaşmışdıq. Dəfələrlə AXCP sədrinin sadəlövh insanları aldatdığının, onları meydanda qoyub aradan çıxdığının şahidi olmuşuq. Görünür, xaricdən aldıqları qrantlarını artırmaq istəyirlər”.


Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”