Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

"Legionerlərə, kənara daha çox pul xərcləməkdənsə..." - Deputat Kosova məğlubiyyətindən danışdı

"Legionerlərə, kənara daha çox pul xərcləməkdənsə..." - Deputat Kosova məğlubiyyətindən danışdı
"Bu istiqamətdə inkişafa nail olmaq və yüksək nəticələrə imza atmaq üçün ilk növbədə yerlərdə idman məktəbləri inkişaf etdirilməlidir”.

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda idman sahəsinə, xüsusən də onun şahı sayılan futbola ötən illər ərzində kifayət qədər yatırımlar edilsə də, hələ də həmin istiqamətdə ciddi irəliləyişlərə nail ola bilməməyimizin nədən qaynaqlandığına münasibət bildirərkən Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Həmsöhbətimizin fikrincə, idman sahəsində legionerlərə daha çox diqqət ayırmağa artıq son qoymalıyıq:


"Yerlərdə futbol və digər idman növləri üzrə məktəblərin inkişaf etdirilməsi üçün təcili tədbirlər görülməlidir. Komandalarımız, ölkə daxili çempionatlar güclü olmalıdır. Günlük idman siyasəti yürütməklə uğurlu nəticələr də qazanmaq mümkün olmaz. Bir vaxtlar güləş və boks idman növü üzrə idmançıları kənardan gətirirdilər. Yəni legionerlərə xüsusi önəm verilirdi. Amma indi sevindirici haldır ki, bu sahədə öz idmançılarımız daha çoxdur. Bu mənada legionerlərə, kənara daha çox pul xərcləməkdənsə, dövlətin idmana ayırdığı pulu məhz məktəbləşməyə sərf etməliyik. Yəni özümüzdə olan xammaldan normal istifadə etməli, yerli resursları faydalı çalışdırmalıyıq. Bunlar olmadan günlük idman siyasətilə ciddi nəticələr əldə etməyəcəyik. Prinsipcə davamlı inkişaf konsepsiyası həyata keçməsə ayrılan pullar da göyə sovrulacaq və nəticə verməyəcək”.

F. Quliyev düşünür ki, haqqında söhbət açdığımız sahə üzrə mühüm islahatlara ehtiyac var:

"Sözügedən sahədə ciddi islahatlar aparılmalıdır. Kənardan güclü məşqçi gətirsən də, onun əlində baza olmasa, uğur əldə etmək də çətin olacaq. Belə məktəblər yaradılmalı, aşağıdan yuxarıya doğru həmin piramida qurulmalıdır. Piramidanın yuxarı hissəsi şəffaf, parlaq olsa da, aşağı hissə tamamlayıcı olmasa, dərhal həmin piramida uçub dağılacaq. Ona görə idmanın bütün sahələrinə, o cümlədən futbola məhz dediyim yanaşmanı tətbiq etmək lazımdır”.

Qeyd edək ki, ötən günü Azərbaycanın fotbol yığması UEFA-nın Millətlər Liqası çərçivəsində keçirdiyi oyunda Kosova yığmasına sarsıdıcı şəkildə, 0-4 hesabı ilə məğlub olub. Hansı ki, Kosova yığması reytinqdə Azərbaycandan belə zəif komandadır. Bu ölkədə idmana, o cümlədən futbolun inkişafına Azərbaycanda yatırılan qədər böyük məbləğdə pullar xərclənmir. Azərbaycanda idmana qayğı fonunda qeyd etdiyimiz kimi, iri həcmli pullar xərclənib və xərclənməkdə davam edir. Xərclənən həmin pulların da böyük hissəsi yerli idmançıların yetişdirilməsinə deyil, xaricdən legionerlərin gətirilməsinə sərf edilir. Bütün bunların fonunda isə ölkə idmanında hələ də ciddi irəliləyişlərin baş verdiyini müşahidə edə bilməmişik.

ELÇİN
Sfera.az