Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Regional təhlükəsizliyin qarantı - Azərbaycan- Türkiyə-Gürcüstan

Regional təhlükəsizliyin qarantı - Azərbaycan- Türkiyə-Gürcüstan
Millət vəkilinin fikrincə, üçtərəfli formatda əlaqələrin Azərbaycan, Türkiyə və Gürcüstana siyasi, iqtisadi və hərbi cəhətdən çox əhəmiyyətli təsiri olacaq

Regionda təhlükəsizliyi təmin etmək üçün Azərbaycanın təşəbbüsü ilə ikitərəfli, üçtərəfli formatlarda görüşlər keçirilir. Noyabrın 21-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında növbəti üçtərəfli görüş keçirilib. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.
Artıq üçüncü dəfədir Bakıda üç ölkənin hərbi rəhbərlərinin Bakıda baş tutan görüşü ilə bağlı ekspertlər münasibət bildiriblər.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, bölgədə hansısa hadisə baş verəndə, bu, bölgəyə təsir edir: "Digər yandan vəziyyət o yerdədir ki, Ermənistanın Azərbaycana, Gürcüstana və həm də Türkiyəyə qarşı davranışı eynidir. Gürcüstanın ərazisi təbii ki, ermənilərin ağaları tərəfdən işğal olunub. Eləcə də Ermənistanın Gürcüstan ərazisindəki Cavaxetiyaya iddiaları var. Hətta Saakaşvili dönəmində bu hərəkatın rəhbəri həbs edilmişdi. Qondarma "Dağlıq Qarabağ” rejimi də guya Osetiyanın müstəqilliyinin 25 illiyi ilə bağlı təbrik məktubu göndərib. Bütün bunlar onu göstərir ki, Ermənistanın Azərbaycana münasibətilə Gürcüstana olan münasibəti arasında fərq yoxdur”.

F.Quliyev əlavə etdi ki, Ermənistanın Türkiyəyə olan münasibəti də bəllidir: "Ermənistan Türkiyəyə ərazi iddiasındadır, hətta gerbində Ağrı dağ əks olunur və bu məsələni də heç gizlətmək istəmir. Eyni zamanda ermənilər qondarma "soyqırım” məsələsi ilə Türkiyənin üzərinə gedir. Demək istəyirəm ki, bölgədə destruktiv element kimi Ermənistanın üç ölkəyə münasibəti eyni olduğundan Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlıq etməkdə maraqlı olmağa məcburdurlar. Onu da qeyd edim ki, Azərbaycanla Türkiyə münasibətlərdə ən dərin inteqrasiya yolunu seçiblər, bütün sahələrdə əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, üçlü tərəfdaşlıq məsələsi Gürcüstana da xeyirdir. İki ölkə Gürcüstanı bu tərəfdaşlığa qoşmaqla hər üç dövlət bölgədə sabitliyin təmin olunmasında mühüm faktorlardan birinə çevrilə bilər. Düşünürəm ki, ikitərəfli münasibətlərdən başqa üçtərəfli formatda da əlaqələrin qurulması Azərbaycan, Türkiyə və Gürcüstana siyasi, iqtisadi və hərbi cəhətdən çox əhəmiyyətli təsiri olacaq”.

Bəxtiyar MƏMMƏDLİ