Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Ərazi bütövlüyümüzü tanıyanların ikili standartı və Bakının dəyişməz mövqeyi

Ərazi bütövlüyümüzü tanıyanların ikili standartı və Bakının dəyişməz mövqeyi
“Atamızın bizi atasız qoyub Aşağı Əbürrəhmanlıya qayıtmasından iki il keçdi. Ölümündən az öncə babamız Vəliyev Həsənin erməni vandalları tərəfindən güllələnmiş məzarı yanında dəfn olunmağını vəsiyyət etmişdi. Ötən gün biz dörd qardaş əsgərlərimizin dəstəyi ilə atamızı, babamızı, güllələnmiş Əbdürrəhmanlı məzarlığını ziyarət etdik...”

Bu, ürək ağrıdan sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev özünün feysbuk səhifəsində yazıb. Paylaşdığı fotolardan görünür ki, qəbiristanlıqda tək-tük salamat məzarlar, baş daşları qalıb. 21-ci əsrdə hətta məzar daşlarından qisas alan alçaq bir düşmənlə üz-üzəyik! Umud müəllim onunla təskinlik tapır ki, mərhum atasının vəsiyyətini icra edə bilib heç olmasa... Ötən illərdə nə qədər insanımız ürəyində Qarabağ həsrəti gözlərini dünyaya əbədi yumdu. İllərdir insanlarımız əzizlərini yurd yerlərinin qəbiristanlığında dəfn edə bilmirlər. Qarabağlılar var ki, Bakının qəbiristanlığında doğmalarını torpağa əmanət olaraq dəfn ediblər, Qarabağ azad olunandan sonra aparıb ata-baba yurdunda təkrar dəfn etmək intizarındadırlar!

Azərbaycanı illərdir hərbi yolla torpaqlarını azad etməkdən çəkindirmək üçün yüz oyundan çıxan paytaxtlar, beynəlxalq təşkilatlar çətin ki, bizim nə çəkdiyimizi anlasınlar...

Budur, Qarabağ Komitəsinin Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbəri” Bako Saakyanın noyabr ayında ABŞ-a “səfəri” ilə bağlı göndərilən etiraz məktubuna ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R.Qil cavab verib. Diplomat bildirib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı de-fakto rejimi və Dağlıq Qarabağı təmsil etdiyini iddia edən şəxslərin statusunu tanımır: “Birləşmiş Ştatlar tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və uzunmüddətli həllinə nail olmaqda kömək etmək üçün ATƏT-in Minsk Qrupu prosesini dəstəkləyir”.

Ənənəvi cavabdır, illərdir eşidirik: “tanımırıq”, “dəstəkləyirik”, “narahatıq”. İllərsə keçir, az qala nəsil dəyişir - Qarabağın azad olunacağı günü gözləyərək.

Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi ziyanın məbləği 818 milyard 880 milyon ABŞ dolları həcmindədir! Bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev deyib. Azərbaycana qarşı talançılığa göz yuman, ona dəstək verən ölkələrsə BMT TŞ-nin 4 qətnaməsinin yerinə yetirilməsi tələbini qoymaqdansa, Ermənistana sanksiyalar tətbiq etməkdənsə, üstəlik separatçılara da meydan tanıyırlar.

Düzdür, erməni icması rəsmi səviyyədə qəbul olunmur. Ancaq əgər Bako Saakyanın səfərləri təşkil olunursa, o halda Dağlıq Qarabağın Azərbaycan icması ilə də eyni təmaslar olmalıdır. Əgər vasitəçilər münaqişənin həllinə substantiv və köklü əsasda töhfə vermək istəyində olsaydı, o halda hər iki icmanın dialoqu təşkil edilməliydi.

Dağlıq Qarabağın Azərbaycanlı İcması dəfələrlə görüşə hazır olduğunu desə də, qarşı tərəf bundan imtina edib. İcmanın sədri Bayram Səfərov hesab edir ki, separatçıların liderinin xarici ölkələrə, o cümlədən həmsədr dövlətlərə səfərinə şərait yaradanlar erməni lobbisi, erməni diasporudur. Ancaq eyni zamanda onların ölkəyə girişinə imkan yaradan paytaxtların da burada məsuliyyəti var: “Bu səfərləri dövlətlər təşkil etmir, bunu mən də yaxşı bilirəm. Erməni diasporu həyasız, abırsız olduğu üçün bu əməllərdən əl çəkmir. Erməni separatçıları da ildə iki-üç dəfə ”torba"sını götürüb xaricdə dilənir. B.Səfərov artıq Qarabağın erməni icması ilə görüşmək niyyətində olmadığını da bildirdi: “Orada icma yoxdur, separatçı, terrorçu bir rejim var. Nə vaxt ki, Azərbaycan torpaqları işğaldan azad olunar, orada qanuni rəhbərlik qurular, o zaman icmalar arasında danışıqlar aparılar”. İcma rəhbəri də təsdiqləyir ki, son sözü Azərbaycan ordusu deməlidir: “Fakt budur ki, ermənini qudurdan beynəlxalq güclərdir. Ermənilərin himayədarları olmasa, bir ovuc erməni Azərbaycan ordusu qarşısında bir gün də duruş gətirə bilməzdi. Separatçıların xarici ölkələrə, o cümlədən həmsədr ölkələrə yolunu kəsməyin bir yolu var: ordumuz sözünü deməlidir! Azərbaycanın qanunlarına hörmət edənlər digər vətəndaşlarımız kimi Azərbaycanda yaşasınlar, hörmət etmək istəməyənlər çıxıb getsinlər! Vəssalam!”

İllərdir ki, ABŞ tərəfindən Abxaziya, Cənubi Osetiya, Krım separatçılarına münasibətdə sanksiya rejimi var. Həmçinin Avropa İttifaqında bu qondarma qurumlara sanksiya tətbiq edir. Həmin separatçı bölgələrdə istehsal olunan məhsulların Amerika və Avropa bazarına daxil olması qadağan olduğu halda, Qarabağın məhsulları qanunsuz yollarla “Artsax” adı altında dünya bazarına çıxarılır. Qarabağ separatçılarının lideri Bako Saakyan isə son ayda hər üç həmsədr ölkənin paytaxına səfər edib: Paris, Vaşinqton və Moskvaya. İşğal altındakı Azərbaycan ərazilərinə səfər edən əcnəbilərin siyahısında Rusiya, ABŞ və Fransa vətəndaşlarının çoxluq təşkil etməsi də faktdır. Azərbaycan XİN-in “qara siyahı”sında ilk üçlüyü həmsədrlər “bölüşdürür”. İşğal zonasında yeraltı, yerüstü sərvətlərimnizin talanmasında da aparıcı rolu xarici ölkələrin şirkətləri oynayır.

İkili standartlar təkcə bunlardan ibarət deyil. Azərbaycan vətəndaşları Tiflisdəki Fransa səfirliyinə viza üçün müraciət edərsə, səfirlik Azərbaycanda daimi qeydiyyatda olduğunu əsas gətirib viza verməkdən imtina edəcək və tövsiyə edəcək ki, Fransa səfirliyinə müraciət edilsin. Amma bu münasibət separatçı ermənilərə şamil edilmir. Bako Saakyan Azərbaycan ərazisində qeydiyyatdadır. Ancaq Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransa, yaxud ABŞ-a vizasını gedib İrəvanda alır. Deməli, Azərbaycanın ərazi bütövlüyünü “tanıyan” həmsədrlər əslində ərazi bütövlüyümüzü pozur. Bu da ikili standartların bariz nümunəsidir.

Separatçıların beynəlxalq aləmə çıxışını necə əngəlləmək olar? Xarici İşlər Nazirliyinin mətbuat katibi əvəzi Leyla Abdullayeva deyir ki, bu istiqamətdə işlər aparılır: “Hər bir halla əlaqədar rəsmi Bakının qəti etirazı ifadə olunur”. L.Abdullayeva hesab edir ki, həmsədr ölkələrin “separatçı qurumu tanımırıq” cavabı kifayət deyil: “Bu istiqamətdə effektiv tədbirlər görülməlidir. İlk növbədə separatçı qurumun nümayəndələri həmin ölkələrin ərazisinə buraxılmamalıdır. Viza tələb olunan zaman separatçılar Ermənistan pasportu təqdim edirlər. Bu da o deməkdir ki, separatçılar saxta məlumatlar verirlər”. XİN rəsmisi deyir ki, separatçıların səfərlərində rəsmi səviyyədə hər hansı qəbuldan söhbət gedə bilməz: “Separatçıların görüşləri əsasən erməni diasporunun üzvləri olur. Bu il Fransa və ABŞ-a səfər pulyığma kampaniyasına həsr olundu. Amma səfər əhəmiyyətsiz olsa belə, təbii ki, bizim əsas narahatlığımız separatçıların həmin ölkələrin ərazilərinə buraxılmasıdır. Dəymiş zərər, təbii ehtiyatlarımızın istismar olunması, orada infrastruktur dəyişdirilməsi, qanunsuz köçürülmənin həyata keçirilməsi kimi hallar davam edir. Biz bunu işğal olunmuş ərazilərimizdə aparılan qanunsuz fəaliyyət kimi dəyərləndiririk. Bu qanunsuz fəaliyyətin qarşısının alınması, eləcə də bu qanunsuz fəaliyyətdə üçüncü tərəfin hər hansı fiziki və hüquqi şəxslərinin iştirak etməsinin qarşısının alınması üçün tərəfimizdən davamlı tədbirlər görülür”.

Bəzi ekspertlərin fikrincə, Saakyana cinayət işinin açılması və onun İnterpol axtarışına verilməsi separatçının xaricə çıxışını məhdudlaşdırardı. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Bako Saakyanın əməllərinə görə çoxdan cinayət işi qaldırılmalı idi. “Onun ərazi bütövlüyümüzə qarşı hərəkətləri, bəyanatları, qanunsuz silahlı birləşmələrin yaradılması və sairlə bağlı həddindən artıq ittihamlar verilə bilər. Amma bu da yoxdur. Əgər bu adam bizim tərəfimizdən ittiham olunsaydı, həmsədrlərə deyəcəkdik ki, bizdə ittiham olunmuş adamı siz qəbul edirsiniz”. Eks-nazir Saakyanın “separatçıların lideri” kimi təqdimatına da etiraz edir. “Orada separatizm yoxdur. Saakyan Ermənistandan gələn birisidir. Təhlükəsizlik nazirinin köməkçisi olan, Ermənistanın təhlükəsizik xidmətinin təmsilçisi kimi Moskvada işləyib, FTX-də əlaqələndirici şəxs olub. Qondarma, işğalçı qurumun başçısı Bako Saakyan Ermənistan vətəndaşıdır və şübhəsiz, xarici səfərlərə də Ermənistan diplomatik pasportu ilə gedib. Biz onun səfər etdiyi ölkələrdə heç bir şəkildə qəbul edilməməsi üçün hüquqi addımlar atmalıyıq. Hüquqi addım isə ona cinayət açıb, beynəlxalq axtarışa verməkdir. Qanunun gücünü tətbiq eləməliyik”.

Ancaq digər yanaşma bundan ibarətdir ki, de-fakto Dağlıq Qarabağdakı erməni icmasının rəhbəri ona qarşı cinayət işinin açılması halında bu faktdan sui-istifadə edib erməni icmasının Azərbaycanın tərkibində yaşamasının “mümkünsüzlüyü” iddiasını beynəlxalq miqyasda tirajlamaq imkanı qazanar. Hesab olunur ki, bu halda Qarabağ erməniləri “tərəf” olduqları barədə rəy yaratmaq fürsəti qazana bilərlər.

Milli Məclisin deputatı Fərəc Quliyev isə hesab edir ki, Reinteqrasiya haqqında qanun qəbul olunmalıdır: “Bu qanunda da ərazilərin geri qaytarılması mexanizmi göstərilməli və qanunlardakı boşluqlar doldurulmalıdır. Biz cinayət törətmiş separatçıların bu gün də xarici ölkələrə, xüsusən ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrə getməsinin şahidi oluruq. Bu səfərlərin qarşısını almaq üçün onların barəsində mütləq cinayət işi qaldırılmalıdır, məhkəmə olmalıdır və separatçıların qarşısını kəsmək üçün hüquqi əsas yaradılmalıdır. Təkcə bəyanatla, ”qara siyahı"ya salmaqla bu kimi hərəkətlərin qarşısını almaq olmaz. Məhkəmə qərarı çıxardıqdan sonra biz onların İnterpol vasitəsilə zərərsizləşdirilməsinə nail ola bilərik".

Reallıq budur ki, separatçı rejim Dağlıq Qarabağdakı dinc erməniləri də girov saxlayır. Bu yaxınlarda məlum oldu ki, hətta Qarabağa köçürülən ermənilər belə bu ərazilərdən qaçırlar. Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğunu bəyan etmiş Xankəndi sakini Lusine Nersisyanın həbs edilməsi bir daha təsdiqləyir ki, separatçılar və işğalçı Ermənistan dövləti sülhün yaranmasında maraqlı deyil.

F.Quliyev təsdiqləyir ki, separatçı rejim Dağlıq Qarabağda yaşayan mülki əhalinin iradəsini ifadə etməyə imkan vermir: “Azərbaycan erməniləri nə seçkilərə qatıla, nə Azərbaycan büdcəsindən maliyyə yardımı ala, nə də parlamentinə seçilə bilirlər. Əslində Dalıq Qarabağdakı erməni əsilli azərbaycanlılar ordakı terrorçuların girovuna çevriliblər. Biz bunları əsas götürüb hüquqi tədbirlər görməliyik, başqa yol yoxdur”.


Zaman-zaman Qarabağ separatçılarının danışıqlarda “tərəf” kimi təqdim olunması cəhdləri olub və həmsədr ölkələrə son səfərlər də buna yönəlib. Ancaq Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə bir daha bəyan etdi ki, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. “İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq”. Azərbaycanın Ali Baş Komandanının, Azərbaycan dövlətinin mövqeyi dəyişməzdir. Bu, həm də Qarabağ ermənilərini “tərəf” kimi təqdim etmək istəyən Nikol Paşinyana tutarlı cavab oldu.

Bu gün Şuşa həbsxanasında 3 azərbaycanlı girov saxlanılır. Hətta separatçılar onların azad olunmasını mümkünsüz sayaraq iddialı danışırlar. Zaman işğalçının və separatçıların zərərinə işləyir. İkinci “aprel müharibəsi” işğalçı üçün fəlakətli olacaq, buna kimsənin şübhəsi olmasın. Gün gələcək Azərbaycan ordusu Qarabağdakı dinc erməniləri də zülmdən xilas edəcək. Danışıqlar sonsuza qədər davam edə bilməz! Danışıqlar fayda verməzsə, savaş qaçılmaz olacaq, başqa yol yoxdur! Əmanət məzarlarda uyuyan əzizlərimizin, minlərlə şəhidimizin ruhu bizi bağışlamaz...

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Elşad PAŞASOY,
“Yeni Müsavat”