Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Hökumət Qarabağ Komitəsinin mitinqlərinə niyə razılıq vermir?

Hökumət Qarabağ Komitəsinin mitinqlərinə niyə razılıq vermir?
Fərəc Quliyev: “İlk mitinq həm keyfiyyətcə, həm də kəmiyyətcə Qarabağ adına urvatdan salınmış bir aksiya oldu”

Xəbər verdiyimiz kimi, Qarabağ Komitəsinin 15 dekabra təyin etdiyi mitinqə də BŞİH icazə verməyib. Bu, komitənin mitinq keçirmək üçün aldığı ikinci rədd cavabıdır. Belə ki, qurumun 24 noyabr aksiyasına da mənfi cavab verilmişdi.

Bu, bir sıra müzakirələrə səbəb olub. Son beş ildə Milli Şura və Müsavat kimi müxalif qurumların siyasi şüarlarla keçirdikləri mitinqlərin əksərinə hakimiyyət icazə verib, aksiyaların keçirilməsinə heç bir maneə yaratmayıb. Amma Qarabağ Komitəsinin “Məhsul” stadionunda keçirilməsi planlaşdırılan mitinqə razılıq verilmir.

Hakimiyyətin bu quruma münasibətdə ehtiyatlı davranışı ilə bağlı fərqli fikirlər səslənir. Hökumətin komitənin fəaliyyətinin genişlənməsindən və sonda siyasi bir quruma çevrilə biləcəyindən ehtiyat etdiyi vurğulanır. Doğrudur, Qarabağ Komitəsinin bəyanatında, təsisçilərinin açıqlamalarında qurumun siyasi təşkilat olmadığı dəfələrlə bildirilib. Amma görünən odur ki, bu heç nəyi dəyişmir.

Hökumətin 30 il öncə Azərbaycanda başlayan məlum proseslərin birbaşa Qarabağ adına bağlı olduğunu nəzərə aldığı da iddia olunur. İki mitinqə icazə verilməməsinin səbəblərin sırasında bu nüans da nəzərə alınır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hakimiyyətin ehtiyatlı addımlarının başa düşülən olduğunu söylədi: “Qarabağla bağlı mövqeyim hər zaman ortada olub. Prezident seçkiləri vaxtı və parlamentin son iclaslarında bildirdim ki, Qarabağla bağlı yeni inteqrasiya qanunu qəbul olunmalı, torpaqların geri qaytarılması ilə bağlı bütün məsələlər nəzərə alınmalıdır. Hətta partizan hərəkatını da önə çəkib bildirmişəm ki, bu beynəlxalq konvensiyalara uyğundur. Gerçək olaraq proseslərin başladılması çox vacibdir. Dağlıq Qarabağla bağlı bütün addımların atılmasının tərəfdarıyam. Həbsdə olduğum vaxt - 1998-ci ildə bir təklif vermişdim ki, hakimiyyətlə müxalifət arasında Qarabağlı bağlı memorandum imzalansın. Düşünürəm ki, Qarabağla bağlı konkret bir çərçivə müəyyən edilməlidir. Belə olan halda müxalifət də biləcək ki, hakimiyyət yalnız bu çərçivə daxilində məsələni həll etmək istəyir. Hakimiyyət də bilsin ki, müxalifət Dağlıq Qarabağ məsələsindən istifadə edib hakimiyyətə gəlməyə çalışmayacaq. Bunu xüsusilə vurğulayıram. Bu çox ciddi şəkildə anlaşma ilə bağlı bir sənəd olası idi. Dağlıq Qarabağ məsələsi ilə bağlı 29 sentyabra təyin edilən mitinqə mən də çağırış etmişdim, yəni iştirakla bağlı. Amma siz də razılaşın ki, o mitinq həm keyfiyyətcə, həm də kəmiyyətcə Qarabağla bağlı urvatdan salınmış bir mitinq oldu. Təsəvvür edin ki, kənardan Ermənistan və ya beynəlxalq qurumlar o mitinqə baxıb Azərbaycan xalqının taleyüklü probleminə münasibətinin o cür olacağını müşayiət edəcək. Hakimiyyət öz strategiyasında Dağlıq Qarabağ məsələsinə zərər verə biləcək istənilən bir addımın olmamasını istəyir. Bunlar qorxudan yaranan bir şey deyil. Həmin mitinqdə Dağlıq Qarabağdan başqa hər şeydən danışıldı. Hamı söyüldü, birlik olan yerdə parçalanmaya yönəlik fikirlər səsləndi. Hesab edirəm ki, hakimiyyətin heç bir qorxusu yoxdur. Orada 3-5 min adamın olması heç nəyi dəyişməz. Beş milyonluq Bakıda 3-5 min adam o mitinqə çıxır. Hakimiyyət mitinqlərə heç bir məhdudiyyət qoymur. Sadəcə ortada beynəlxalq aləmin gözü qarşısında Qarabağla bağlı bu cür fəaliyyət var və hakimiyyət də bundan ehtiyatlanır. Düşünürəm ki, düz də edir. Belə bir böyük prosesi beynəlxalq aləmə bu cür təqdim etmək olmaz. Kimsə Qarabağ adından ambisiyaları üçün istifadə etməli deyil. Mən də o çərçivədə, belə şəkildə mitinqlərin keçirilməsini doğru saymıram. Müxalifətli, iqtidarlı xalqla birlikdə Qarabağla bağlı fikirlərimizi çatdırmalıyıq. Torpaqlarımızı əməli tədbirlə azad etməliyik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”