Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Qarabağ müharibəsinin 31-ci ili

Qarabağ müharibəsinin 31-ci ili
Fərəc Quliyev: “Əslində problem həll olunmaq üzrə idi, biz Xankəndinin 7 kilometrliyinə qədər getmişdik, amma...”

2019-cu il Dağlıq Qarabağ münaqişəsinin başlanmasının 31-ci ilidir. 20 fevral 1988-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatlarının qeyri-legitim növbədənkənar sessiya çağıraraq “Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında” qərar qəbul etməsi və bu barədə SSRİ Ali Sovetinə müraciəti ilə başlanan hadisələr sonrakı illərdə müharibəyə çevrilərək Azərbaycan torpaqlarının 20%-nin işğalına, erməni silahlılarının Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi soyqırımı və qətliamlara gətirib çıxardı.

DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ münaqişəsinin rəsmi tarixinin başlanğıcı hesab olunur.

Tərəflər arasında 1994-cü ilin 12 mayında rəsmi atəşkəs elan edilməsinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalmaqdadır.

Xalq hərəkatının öncüllərindən deputat Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, 1988-ci ildə Qarabağ hadisələri fonunda xalq hərəkatı vüsət alanda Qarabağ məsələsinin 30 ildən artıq uzanacağını qətiyyən ağıllarına belə gətirmirdilər: “Biz hesab edirdik ki, məsələ qısa müddətdə həllini tapacaq. Düşünürdük ki, çox qısa zaman ərzində Dağlıq Qarabağ məsələsi bitəcək. Əslində problem həll olunmaq üzrə idi, biz Xankəndinin 7 kilomtelriyinə qədər getmişdik. Artıq separatçı erməniləri ərazidən tamamilə çıxarmaq və bayrağımızı orada ucaltmaq mümkün idi. Çox təəssüflər olsun ki, 1993-cü ilin 4 iyun qiyamı baş verdi. Bu qiyamda təbii ki, Rusiyanın əli var idi. Daxildə olan qüvvələrlə xarici güclərin iş birliyi ortadaydı.

Ondan sonrakı zamanlarda da Azərbaycan dövləti tərəfindən dəfələrlə şanslar var idi ki, biz hərbi əməliyyatlara başlayıb məsələni bitirək. Lakin bir sıra məsələlər bu şansların da həyata keçməsinə mane oldu. Beləliklə, Dağlıq Qarabağ problemi uzana-uzana 31 illik münaqişəyə gəlib çatdı".

Deputat bəyan etdi ki, beynəlxalq şərtlər nə qədər ağır olur-olsun ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır: “Bizim ölkəmizin 20 faizi işğal altındadır və bu işğala son qoymaq üçün hərbi əməliyyatlardan çəkinmək lazım deyil. Hərbi əməliyyatlardan çəkinsək, Dağlıq Qarabağ məsələsi yenə uzanacaq. Ola bilər ki, hansısa qonşu dövlətlər bizim hərbi əməliyyatlara başlamamıza müsbət yanaşmasınlar. Ancaq nəzərə almaq lazımdır ki, o dövlətlər onsuz da əllərindən gələn hər şeyi ediblər və qaradan artıq rəng olmaz. Məncə, Dağlıq Qarabağ məsələsini birdəfəlik bitirmək üçün ən kəskin addım atmaq lazımdır. Beynəlxalq şərtlər indi bizim xeyrimizə işləyir. Hər kəs özünün ərazi bütövlüyünü qoruyursa, biz niyə ərazi bütövlüyümüzü bərpa etmək üçün addım atmamalıyıq. Bu addıma görə bizi heç kim qınaya bilməz. Beynəlxalq şərtlər, hüquq bizim xeyrimizədir. Məsələyə artıq son vermək lazımdır. Artıq kiminsə vasitəçiliyinə bel bağlamalı deyilik”.

Bir sıra siyasi analitiklərin fikrincə, müşahidələr göstərir ki, Qarabağ münaqişəsinin bu qədər uzanması artıq bəzi beynəlxalq oyunçuların da siyasi-iqtisadi maraqlarına o qədər cavab vermir. Həmin dövlətlər hansı şərtlərlə olur-olsun Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını istəyirlər. Görüntü yaratmaq üçün danışıqların aparılması da artıq Rusiya istisna olmaqla, ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətlərinə sərfəli deyil.

Münaqişənin bu qədər uzanması və ədalətli həll variantının tapılmaması isə müharibəni qaçılmaz edir. Ancaq bu da bir reallıqdır ki, bütün müharibələrin sonu sülhlə bitir. Hələ ki Azərbaycanla Ermənistan arasında atəşkəs rejimidir. Lakin ermənilər öz iddialarından geri çəkilmədikdə, beynəlxalq hüquq Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə heç bir məhdudiyyət qoymur. Bu gün ən uğurlu variantlardan biri kimi Qarabağda və işğal olunan ətraf rayonlarda antiterror əməliyyatlarının aparılması təklifləri tez-tez səslənir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”