Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Ermənilərin növbəti hədəfi: Azərbaycan-Gürcüstan dostluğu

Ermənilərin növbəti hədəfi: Azərbaycan-Gürcüstan dostluğu
Deputatların fikrincə, Gürcüstan hökuməti özünə hörmət edirsə, erməni qatilin büstünü yığışdırmalıdır

Azərbaycan həyata keçirdiyi bütün beynəlxalq və regional layihələrdə dost ölkə kimi Gürcüstana böyük etimad göstərib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz, həmçinin Bakı-Tbilisi-Qars dəmiryol layihələri dediklərimizə kiçik bir misaldır. Hətta Azərbaycan Gürcüstana böyük investisiyalar yatıran bir tərəfdaş kimi bu ölkədə ilk yerdədir.
Onu da qeyd edək ki, hər iki ölkənin əraziləri işğal altındadır. Azərbaycan və Gürcüstan arasındakı mövcud sazişə əsasən, hər iki dövlət separatizmə qarşı birgə mübarizə aparır və bu istiqamətdə beynəlxalq arenada bir-birilərini dəstəkləyirlər. Hətta Gürcüstanda yaşayan 600 minə yaxın azərbaycanlılara dəstək məqsədilə Azərbaycan dövləti mütəmadi olaraq öz köməyini əsirgəmir. Bütün bunlara baxmayaraq, zaman-zaman Gürcüstanda yaşayan ermənilər iki ölkə arasında münasibətlərin pozulmasına cəhd göstərirlər. Bu günlərdə Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büstün qoyulması bir daha bunu sübut etdi. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Bakının etirazını Gürcüstan tərəfinə çatdırıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə əlaqədar olaraq, Azərbaycan XİN-in təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb: "Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir”.
Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq olduğu bir vaxtda belə bir addımın atılması hansı məntiqə sığır?


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, bu məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın ölkəmizdəki səfirin dəvət edib və qeyd edilib ki, bu hadisə hazırkı Azərbaycan-Gürcüstan münasibətlərinə cavab vermir: "Yəni, bu hadisə tamamilə bizim çox sıx strateji partnyorluq münasibətlərimizə ziddir. Yada salmaq istərdim ki, Azərbaycan və Gürcüstan həm separatizmi, həm də ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyəti hər zaman pisləyib və biz bir-birimizə həmişə dəstək veririk. Belə olan halda, azərbaycanlıların qanını tökən bir qatilin büstünün Gürcüstanda qoyulması nə dərəcədə doğrudur? Özü də bu qatil ömrü boyu Ermənistanda yaşayıb, oradan gəlib Qarabağa, işğal edilmiş ərazilərə soxulub və orada ölüb. İndi bunun yaşamadığı bir kəndə heykəlini niyə gətirib qoyurlar? Bu, açıq-aşkar həm Gürcüstan hökumətinə, həm də Azərbaycana meydan oxumaqdır. Gürcüstan hökuməti özünə hörmət edirsə, bu məsələyə son qoymalıdır”.
R.Musabəyov vurğuladı ki, ermənilərin Gürcüstanın bu ərazisində kompakt yaşamasının heç bir fərqi yoxdur: "Gürcüstan ərazisidirsə, rəsmi Tbilisi qərar vermək və o büstü təxribat olaraq qiymətləndirib yerləşdiyi ərazidən rədd etmək səlahiyyətinə malikdir və buna hüququ çatır. Bunun üçün isə iradə tələb olunur. Ancaq təəssüflər olsun ki, İvanişvili və onun partiyası bu məsələlərdə heç də əvvəlki Saakaşvili hökuməti kimi prinsipial mövqe nümayiş etdirmir”.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, erməni qatilə Axalkalakidə büstün qoyulması Gürcüstan hökumətinə təhqir və təhlükədir: "Çünki vaxtilə Axalkalakidə, bunlar Cavaxetiya adlandırırlar, Gürcüstandan ayrılmaq üçün hərəkat başladılmışdı. Onun lideri Saakaşvili dönəmində həbs edildi. Belə bir zamanda separatçılıqla məşğul olan başqa bir bir terrorçunun, qatilin büstünün qəsəbədə qoyulması oradakı ermənilərə stimul verməkdir ki, baxın, bunlar qəhrəman olublar. Digər bir tərəfdən, Dağlıq Qarabağda indi mövcud olan qondarma rejim Suxuminin "azadlığı”nın 30 illiyini qeyd edirdi. O cümlədən də Gürcüstanın işğal olunmuş ərazilərini müstəqil dövlət kimi tanıyıblar. "Dağlıq Qarabağ” adlandırılan qondarma rejimə xidmət etmiş və Azərbaycana qarşı döyüşmüş separatçının büstünün orada qoyulması yenə də Gürcüstanın özünün ərazi bütövlüyünə hörmətsizlikdir”.
F.Quliyev əlavə etdi ki, Azərbaycanla bağlı məqama gəldikdə isə, çox böyük yanlışlıqlar içərisindədirlər: "Birincisi, Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq haqqında saziş var. Bu sənədin müddəalarından birində qeyd edilir ki, hər iki dövlət qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyır, separatçılara dəstək vermir və onlara qarşı birgə mübarizə aparır. Gürcüstan tərəfi bu müddəanı pozur. Digər tərəfdən, Gürcüstanda bizim 600 min soydaşımız yaşayır və rəsmi Tbilisi bunu nəzərə almalı idi. Onu da qeyd edim ki, Gürcüstanın enerji təhlükəsizliyində, ölkəyə investisiya qoyuluşunda və başqa məsələlərdə Azərbaycan qədər onlara qucaq açan ikinci bir ölkə yoxdur. Bütün bunlara görə hesab edirəm ki, Gürcüstan tərəfi dərhal ölçü götürməlidir və Azərbaycan Xarici İşlər Nazirliyinin haqlı bəyanatına dərhal müsbət cavab verməlidirlər. Fikrimcə, bu məsələyə yumşaq şəkildə yanaşmaq lazım deyil, onlara şərt qoymaq lazımdır. Əgər qısa zaman ərzində və dərhal ölçü götürülməzsə, biz bir çox müqavilələri pozmaq, o cümlədən mavi yanacağın qiyməti, neft kəmərləri və investisiyalarla bağlı məsələlərə yenidən baxmaq məcburiyyətində qalacağıq”.

BƏXTİYAR