Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Rəsmi Bakı Gürcüstandan əməli addım gözləyir - VİDEO

Rəsmi Bakı Gürcüstandan əməli addım gözləyir - VİDEO
Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyanın büstünün Buqaşen kəndində qoyulmasına Gürcüstanın Xarici İşlər Nazirliyi münasibət bildirib.
Azərbaycan tərəfinin haqlı etirazına səbəb olmuş bu məsələ ilə bağlı Gürcüstan tərəfinin açıqlamsı qaneedici deyil və daha çox söz oyununa bənzəyir. Rəsmi Bakı bu məsələdə Gürcüstandan konkret münasibət və əməli addım gözləyir.
Xezerxeber.az-ın məlumatına görə, Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçiyə büstün qoyulması Gürcüstan və Azərbaycan arasında müzakirə olunub.
Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, qeyd olunan məsələ ilə bağlı səfirlər vasitəsilə informasiya mübadiləsi həyata keçirilib. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan mövzu mövcud deyil. Bu, normal ünsiyyət formasıdır və bu mövzu ətrafında ajiotaj gərəksizdir.
Gürcüstan Xarici İşlər Nazirliyinin məsələyə münasibət bildirərəkən belə deməklə kifayətlənib. Halbuki, bununla bağlı Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunmuşdu və iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılması tələb edilmişdi. Bundan əlavə, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov da Gürcüstan Xarici İşlər Nazirliyində görüş keçirərək etirazını bildirmişdi.
Millət vəkili, Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupun üzvü Fərəc Quliyev hesab edir ki, rəsmi Tbilisinin münasibəti etirazlara adekvat deyil.
Azərbaycan torpaqlarının işğalında fəal iştirak etmiş bir şəxsin abidəsinin ucaldılması nəinki iki ölkə arasındakı əlaqələrin ruhuna ziddir, bu, imzalanmış mövcud müqavilələrlə də ziddiyyət təşkil edir. Gürcüstan tərəfi bunu aradan qaldırmağa borcludur. Çünki iki ölkə arasında bir sıra tərəfdaşlıq müqavilələri var ki, orda da açıq-aydın separatizmin dəstəklənməməsi ilə bağlı müddəa var.
Xatırlatmaq yerinə düşər ki, Gürcüstanın özündə də separatçı rejimlərin dəstəklənməsində ermənilərin xüsusi rolu olub. Abxaziyada ermənilərin yaratdığı "Baqration" batalyonunun canfəşanlığı, onların yerli gürcü dinc əhaliyə qarşı xüsusi amansızlığı o qədər də uzaq keçmiş deyil. Elə Çavaxetiyanın özü də Gürcüstan üçün separatçılıq baxımından daim təhlükəli ərazi hesab olunub.
Fərəc Quliyev bildirib ki, Gürcüstan hökümətinin belə bir caniyə abidə ucaltmasına göz yumması öz xalqına qarşı da bir hörmətsizlikdir.
Millət vəkili deyir ki, rəsmi Tbilisi məsələ ilə bağlı "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan mövzu mövcud deyil" deməklə kifayətlənməməli, əməli tədbirlər görməlidir. Onu da vurğulamaq yerinə düşər ki, Gürcüstan ən çətin vəziyyətlərində Azərbaycanın etdiyi yardımlar hesabına ayaqda qalıb. Elə indinin özündə də Gürcüstanın dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli bir hissəsi məhz Azərbaycanın həyata keçirdiyi layihələrin hesabına formalaşır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: