Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Hərəkat milli maraqlara uyğun davranış nümayiş etdirəcəksə...”

Fərəc Quliyev: “Hərəkat milli maraqlara uyğun davranış nümayiş etdirəcəksə...”
Yanvarın 26-da ADP qərargahında Azərbaycan Xalq Hərəkatı təsis konfransı keçirib. Tədbirə 20-dən çox partiya sədri və 300-ə yaxın iştirakçı qatılıb. Artıq hərəkatın Gəncə, Mingəçevir və Gədəbəydə dayaq dəstələri yaradılıb, digər bölgələrdə isə bu istiqamətdə işlər görülür.

AXH-nin Azərbaycanda nələri dəyişə biləcəyi, nələrə nail olacağı yönündə fərqli fikirlər səslənir. Hərəkatın geniş çevrəni əhatə edəcəyini düşünənlər də var, bunun əksini deyənlər də.

Tədbirdə əsas diqqətçəkən məqamlardan biri o olub ki, hərəkatın yaradılmasında əsas qüvvələrdən olan Ümid, ADP və AXP kimi qurumlar konfransda aktiv iştirak etməyiblər. Hətta Ümid sədri İqbal Ağazadə və ADP sədri Sərdar Cəlaloğlu tədbir keçirilən zalda ən arxa sırada əyləşiblər, tədbirin ortasında isə zalı tərk ediblər. AXP sədri Pənah Hüseyn isə ümumiyyətlə, tədbirə qatılmayıb. Bütün bunlar geniş müzakirələr doğurmaqla yanaşı, hərəkatın fəaliyyətinə zərbə vuracağı yönündə mülahizələri artırıb.

AXH-də iştirak etməyən VHP sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında hərəkat barədə tam məlumatlı olmadığını söylədi: “Xalqın hüquqları tapdalansa, xalqa yuxarıdan aşağı baxılsa, gec-tez xalq hərəkatı olacaq. İstər bunu müxalifət etsin, istərsə də, öz-özünə formalaşsın. Yaxşı olar ki, bu xalq hərəkatı idarə olunsun, xaosa çevrilməsin”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hərəkata uğurlar arzuladı: “Hərəkatın mövqeyi, nizamnaməsi ilə tanış deyiləm. Amma onun tərəfdarıyam ki, Azərbaycanda siyasi palitrada nə qədər təşkilatlar olsa bir o qədər xeyirlidir. Əgər hərəkat milli maraqlara uyğun davranış nümayiş etdirəcəksə, cəmiyyətin toparlanması, problemlərin həlli üçün fəaliyyət göstərəcəksə, bu istənilən halda alqışlanmalıdır. Amma bundan sonrakı fəaliyyətə qiymət verilməsi daha çox məqsədəuyğundur. İndi bəyanatlara qiymət vermək bir az doğru olmaz. Ümid edirəm ki, deyilən niyyətlər gələcəkdə əmələ çevriləcək. Mən xeyirli-uğurlu olsun deyirəm”.

Hərəkatın əsas təmsilçilərindən sayılan AĞ Partiya başqanı Tural Abbaslı ümidlidir: “Hesab edirəm ki, təsis konfransı kifayət qədər izdihamlı və möhtəşəm keçdi. Tədbirdəki insanların da əhval-ruhiyyəsi çox pozitiv və bu hərəkatın gələcəyinə ümidli idi. Mən də bu hərəkatın gələcəyinə ümidlə baxıram və əminəm ki, əgər burada birləşən partiya və siyasilər prosesi doğru istiqamətə apara bilsək, tez bir zamanda məqsədimizə çatacağıq. Biz prosesi başlatdıq, prosesin necə inkişaf edəcəyi insanların da bu hərəkata dəstəyindən birbaşa asılı olacaq. Təbii ki, istənilən təşkilatlanmada çatışmayan yönlər olur. Əminəm ki, hərəkatın də hansısa çatışmayan yönləri mövcuddur. Bu barədə hər kəsin şəxsi mülahizəsi ola bilər. Ancaq əsas məsələ bu çatışmazlıqları zamanında kəşf edərək aradan qaldıra bilmək bacarığıdır. Əgər hərəkatın təşkilatlanmasında və ya siyasətində hansısa çatışmazlıqlar olacaqsa, bizlər tez bir zamanda o çatışmazlıqları təsbit edərək aradan qaldıracağıq. Hərəkatın yaradılması prosesi başlayanda burada olub sonradan bəzi texniki səbəblərdən rəhbərlikdə təmsil olunmayan partiyalara gəldikdə isə deyə bilərəm ki, onlar da bizimlədirlər. Hətta sonuncu tədbirin təşkilində də yaxından iştirak etdilər. Onların özləri də dəfələrlə bəyan ediblər ki, hələlik rəhbərlikdə təmsil olunmasalar da, üzərlərinə düşən öhdəlikləri canla-başla yerinə yetirəcəklər və hərəkatın uğuru üçün əllərindən gələn bütün fədakarlıqları edəcəklər. Yəni bir sözlə ifadə etsək . deyə bilərik ki, onlar da hərəkatla birlikdədirlər. İnanıram ki, çox yaxın gələcəkdə əsas məqsədləri demokratik, güclü, rifahlı və ərazi bütövlüyü təmin olunmuş Azərbaycan olan bütün partiya və təşkilatlar bu hərəkatın birləşdirici çətir altında toplaşacaq. Xalq bizlərdən fəaliyyət və qələbə gözləyir. Bizlərin isə bir daha xalqı xəyal qırıqlığına və ümidsizliyə düçar etməyə mənəvi haqqımız yoxdur. Hər kəs hər hansı bir addım atdıqda bu meyarı unutmamalıdır”.

AXH-nin daha bir təmsilçisi, VİP sədri Əli Əliyev bunları dedi: “Xalq hərəkatının formalaşmasının birinci mərhələsini yekunlaşmış saymaq olar. Təbii ki, istənilən başlanğıc ideal olmur. Lakin hadisənin pozitivi xeyli çoxdur. Bu hərəkat müxalifətin bir hissəsinin pərakəndəliyinə son verə bilər. Ümidvaram ki, verəcək də. Bir sıra partiyaların kənarda qalmasını texniki yanlışlıq sayıram. Çalışmaq lazımdır ki, hələlik gözləmək qərarı vermiş dostlarımız bu işə qoşulsunlar. Ola bilsin ki, diqqət və yaxud hansısa digər səbəbdən baş vermiş anlaşılmazlıq böyük işə xələl gətirməsin. Yeni mərhələ başlayır. Hərəkat təşkilatlanmağa başlamalıdır. Ölkədə, regionda, dünyada da bunlar baş verir. Cəmiyyətdə gözlənti var”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”