Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

04 fevral 2019-cu il tarixdə Milli Məclisin Müdafiə,Təhlükəsizlik və Korrupsiyaya ilə mübarizə komitəsinin iclasında Fərəc Quliyevin çıxışı (audio)

04 fevral 2019-cu il tarixdə Milli Məclisin Müdafiə,Təhlükəsizlik və Korrupsiyaya ilə mübarizə komitəsinin iclasında Fərəc Quliyevin çıxışı (audio)
Fərəc Quliyev: "Mən birinci günahı hakimiyyətdə görürəm “.

"Xalq Hərəkatı olan AXC ilə indiki AXCP- yə münasibət fərqli olmalıdır.”

Təşəkkür edirəm, Ziyafət müəllim.
Bu, əslində məhz bizim komitədə müzakirə olunacaq bir məsələdir. Çünki təhlükəsizlik komitəsiyik və ölkəni təhdid edirlər. Ölkəni təhdid edən bir hal ortadadırsa, biz bu məsələlərə münasibəti hamıdan əvvəl ortaya qoymalıyıq. Ona görə mən müxalif partiyalardan birinin lideri olaraq hesab edirəm ki, bir çox məsələlərə aydınlıq gətirilməlidir.
Əvvəla mən birinci günahı hakimiyyətdə görürəm ki, Milli Şura adlı quruma mitinq keçirməyə icazə verdi. Yanlış bir davranış idi. Niyə? Bu mənim subyektiv fikrimdir.
Təsdiq olunub ki, bu Milli Şura Moskvada Cərrahiyyə institutunda Vyaçeslav Volodinin təşkilatçılığı və iştirakı ilə yaranıbdı. Bu xəyanətkar bir qurumdur. Başqa ölkədə formalaşdırılıb ölkəni dağıtmaq istəyən bir qurumun burdakı fəaliyyətinə demokratiya adı altında icazə verilməməlidir. Amerika demokratiyanın carçısı kimi özünü adlandırır. Tutaq ki, Əl-qaidənin və ya hər hansı bir terror təşkilatının,ölkəsinə qarşı olan bir qurumun onun ölkəsində bir piket, mitinq keçirməsinə icazə verərmi? Təbii ki verməz.
İkinci , münasibət bildirdikdə ,müxalifət adı altında ortaya çıxan bu qurumlarla- bugün Xalq Cəbhəsi adı altında fəaliyyət göstərən qurumla , əslində Xalq Hərəkatı olan AXC bir-birindən ayrılmalıdır. Bunlara eyni cür yanaşmaq olmaz.Mən bunu niyə xüsusi olaraq deyirəm? Mən keçən dəfə plenar iclasda da demək istəyirdim. Xalq Hərəkatında yüz minlərlə, milyonlarla insan iştirak edibdi. O insanlar indi bunların çağırışına cavab verirmi? Nə qədər adam gəlir o stadiona? İki min civarında adam gəlmir. Gəlsin lap on min. Bu o deməkdir ki, çağırış edənlər o insanları təmsil edən qurum deyil. Mən özüm Xalq Hərəkatı olan Xalq Cəbhəsində, hərəkat partiyaya çevrilənə qədər fəaliyyət göstərmişəm.AXC İcraiyyə komitəsinin sədri, Elçibəyin birinci muavini olmuşam.Xalq Hərəkatında AXC-ni təsis edən 64 nəfərdən biriyəm.Azərbaycan Xalq Cəbhəsini ilk rəsmi toplantısında 64 nəfər təsis edibdi. Bu gün Azərbaycan Xalq Cəbhəsi adı altında fəaliyyət göstərən təşkilatda 64 təsisçilərdən bir nəfər də olsun yoxdur.
Üçüncü bir tərəfdən AXC-Müsavat hakimiyyəti adlandırılan hakimiyyət Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti deyildi. Yəni hərəkatın hakimiyyəti deyildi.(xatırladım ki ,mən hakimiyyətdə təmsil olunmamışam) Bu da bilinməlidir. Əbülfəz Elçibəyin yanında az sayda - tutaq ki, Əli Mənsimov kimi, Sabit Bağırov kimi, rəhmətlik Nəcəf Nəcəfov və.s kimi adamlar var idi ki, və onlara da mən hesab edirəm ki, heç kimin bir iradı yoxdur, Elçibəyin kadrları kimi iş başında idilər onlar. Hakimiyyətdə olanların böyük əksəriyyəti o zaman Yurd Birliyi adlanan indiki Əli Kərimovun başçılıq etdiyi AXCP idi, bir də İsa Qənbərin başçılıq elədiyi qrup idi .İsa Qənbər prezidentin səlahiyyətlərini müvəqqəti icra edən dövrdə bütün icra başçılarına demişdi: ya Müsavata keçəcəksən, ya da işdən çıxacaqsan. Və beləliklə məmur və İcra başçılarının böyük əksəriyyətini Müsavata keçirmişdi.1992-ci ildə mövcud olmuş mərkəzi hakimiyyət və əksər yerli hakimiyyət faktiki olaraq Müsavat -Yurd Birliyi hakimiyyəti idi. Mən bu bölgünü niyə xüsusi olaraq qabardıram? Bəzən total olaraq hərəkat və hərəkatçılara neqativ münasibət bildirəndə hərəkatda iştirak etmiş insanları zorla Müsavat -Yurd Birliyinin yanına qoyurlar. Amma baxın, təkcə hələ parlamentdə olan 10 müxalif partiya var ki, hər birimiz o şinildən çıxmış, hərəkatdan gəlmiş adamlarıq. Parlamentdə olmayan və Hərəkatdan çıxmış xeyli təşkilatlar da var.Bizim təşkilatdan - Milli Dirçəliş Hərəkatının Qarabağ departamentindən 2016-cı ildə aprel hadisələri zamanı prezidentə 816 nəfər keçmiş döyüşçünün imzası ilə müraciət göndərdi ki, cənab prezident istənilən çağırışda savaşa getməyə hazırıq. Yəni biz milli məsələlərə hər zamanki kimi dəstək verdik. Parlamentdə olan və olmayan Xalq Hərəkatından çıxmış bir çox partiyaların üzvləri də o cür davrandılar. Yəni Hərəkatdan gələnlər hamısı Milli Şura kimi davranmırlar. Hərəkatçılar Hakimiyyətə deyil Dövlətə müxalif olanlara dəstək versə idilər Milli Şuranın çağırışı ilə o meydana gedərdilər. Biz Milli Şuranın mitinqi ilə bağlı olaraq bəyanat verən təşkilatıq. O mətbuatda yayılıb, yəqinki tanışsınız. Sərt və açıq şəkildə də ortaya mövqeyimizi qoymuşuq. Bu bəyanat təkcə siyasi mövqe deyil, bu həm də bir vətəndaş mövqeyidır.
Bu adamlar 5-ci kolon olaraq Milli Şura adı altında gəlirlər, bilirsən ki, bu xaricdə formalaşdırılıb, Milyarderlər ittifaqı da pulla dəstək verən tərəfdi, bu bilinir və mitinq keçirməyə də icazə verilir. Məntiq varmı?Kim necə qəbul edir etsin. Bunların mətbuatına uzun müddət hakimiyyət tərəfindən dəstək verildi, vəsait ayrıldı. Düzdü ,bəlkə də bu xoş məramla ayrılırdı ki, sivil müxalifətçilik göstərin. Amma bunların siyasi müxalifətçiliyi hakimiyyətə qarşı olmadı. Bunların dövlətə qarşı müxalifətçiliyi oldu. Bizlər bu dövlətin uğrunda savaşan adamlarıq, bu dövlət bizə balamız qədər əzizdir. Narahatlığımız başa düşülməlidir.
Başqa bir məsələyə də münasibət bildirmək istəyirəm.Mən bir neçə gün öncə ARB tv-də də iki saatlıq veriliş oldu, orda da bildirdim. Sosial şəbəkələrdə dövlətə qarşı olan adamlar vardır. Mən şəxsən hesab edirəm ki, onlara qarşı çox sərt tədbirlər görülməlidir. Həddən artıq ağır cəzalar tətbiq olunmalıdır. Prezidenti,ailəsini,özləri kimi düşünməyən İnsanları ağır təhqirlərə məruz qoyurlar . Bu siyasi mübarizədi? Təhqir edənlər arasında jurnalistlər də var.Yaxşı ,biri haqqında danışırsınız. Məhkəməyə də jurnalisti vermək olmaz. Niyə?Bu jurnalistdir. Elə şey olur? Onda təhqir olunan məcburdu ki, başqa formada gedib ölçü götürsün, cinayətkar olsun. Ona görə qanunlarda dəyişiklik etmək lazımdır. O təhqirə qarşı elektron informasiya vasitələrində də, çap mətbuatında da çox sərt tədbirlər görmək lazımdır. Biz örnək verməsək, bunların qarşısı alınmayacaq. Bir dəfə yol hərəkəti qaydası ilə bağlı iclas gedəndə bizim keçmiş deputatlardan biri dedi ki, bu cərimələr xalqın cibinə görə deyil. Mən dedim ki, cibə görə cərimə olar? Sən elə bir cərimə qoymalısan ki, onu ödəyə bilməsin və qanunu pozmasın. Biz də ən ağır cəzalar ortaya qoymasaq, bunların qarşısı alınmayacaq. Bunları ictimaiyyətin qınağına verməklə, Ziyafət müəllim, məsələ düzəlmiyəcək. Ona görə mən hesab edirəm ki, biz komitə olaraq bunu bir dəfə gündəlikdə plenar iclasa çıxaraq, bu məsələ ilə bağlı qanunlarda ciddi şəkildə dəyişiklik edək, ölkəni təhdidlərdən qurtaraq. Yoxsa biz dövlət qurmamışıq ki, 3-5 nəfər qrant alaraq, xarici dövlətlərin iradəsi ilə ölkənin təhlükəsizliyini təhdid etsin.Belə halları özləri etiraf elədilər . İqbal bəylə Arif Hacıyevin debatına baxın: kimdən nə qədər pul alırdılar, və .s. faktlar var ortada.
Mən prokraturaya üzümü tuturam. Cinayət işi açmışdılar o vaxtları Milli Şuranın yaranma səbəbləri,missiyası ilə bağlı olaraq, iş də gedirdi. Hər şey də ortaya çıxdı,aydın oldu. Heç kim cəzalanmadı. Qardaş, bu vətənə xəyanət edibdi, mütləq gərək ölkə dağıla sonra cəza verəsən.? Bu cəhd edib,öz iradəsindən asılı olmayaraq alınmayıb. Siz hüquqşünassınız. Ölümə cəhd eləməklə öldürməyin fərqi yoxdur. Özündən asılı olmayan səbəbdən bunu edə bilmirsə bu eləmiş kimi bir haldı . Hakimiyyətə deyil Dövlətə müxaliflik edənlər də məhz kənar dövlətlərin tapşırığı ilə bunu eləmək istəyirdi, millət dalınca getmədi.Yəni öz iradəsindən asılı olmayaraq dağıdıcılıq prosesin başa çatdıra bilmədi. Mən xahiş edirəm, bu məsələləri biz ciddi şəkildə müzakirə edək.
Sag olun.

Milli Dirçəliş Hərəkatı partiyasının mətbuat xidməti