Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Hakimiyyət mitinq keçirsin” təklifinə deputatlardan reaksiyalar

“Hakimiyyət mitinq keçirsin” təklifinə deputatlardan reaksiyalar
Fərəc Quliyev: “Hakimiyyət mitinq keçirsə, müxalifətdən on dəfələrlə çox insan qatılar”

Son olaraq, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov belə bir təşəbbüslə çıxış edib. O, sosial şəbəkədəki səhifəsində analoji status paylaşıb: “Ötən ilin dekabrından başlayaraq dövlətimiz növbəti qara PR kampaniyası ilə üz-üzədir. Bu kampaniyanın xaricdən, imperialist güclər tərəfindən idarə olunduğunu birmənalı olaraq deyə bilərik. Çünki xaricdə formalaşdırılmış söyüşcül vətənsizlər şəbəkəsi ilə daxildəki xaos müxalifəti eyni vaxtda hərəkətə gətirildi. Nəticədə xaos müxalifəti 19 yanvarda əvvəlkindən daha mütəşəkkil səviyyədə təşkil olunmuş mitinq keçirdi (Səbəb kimi radikallara xaricdən ötürülən maliyyənin artırılmasını göstərə bilərik). Bundan ruhlanan xaosçular 20 Yanvar hüzn günündə Şəhidlər Xiyabanında öz xislətlərinə uyğun olaraq qarşıdurma yaratmaq istədilər. Bu niyyətləri də baş tutmadı. Son olaraq 31 yanvarda, böyük Rəsulzadənin doğum günündə, Novxanı kəndində növbəti dəfə hay-küy salmaq istədilər. Bu da alınmadı. Göründüyü kimi, bunlar üçün müqəddəs (Dirçəliş günü, 20 Yanvar, Rəsulzadənin doğum günü və digər əlamətdar günlər) heç nə qalmayıb. Hər fürsətdə hakimiyyətin üzərinə getmək, bütün hallarda hakimiyyəti şər və böhtanlara məruz qoymaq istəyirlər.

Belə hallarda (xaricdən təzyiqlər artan zaman) adətən iqtidarda olanlar xalqı meydanlara səsləyərək imperialistlərə öz gücünü göstərir. Xalq mənim arxamdadır mesajını verir. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart hadisələrində xalqa müraciət edərək dövlətimizi növbəti kataklizmlərdən qorudu. Qardaş Türkiyədə 2015-ci il hadisələrində Rəcəb Tayyib Ərdoğan eyni cür davranaraq, xalqı meydanlara səslədi və dövlətini qorudu. Xarici havadarlarından güc və para alaraq, 5-10 min adamı meydanlara yığaraq, havalanan xaosçulara yerlərini göstərmək lazımdır. Bunun üçün dövləti və dövlətçiliyi və eyni zamanda iqtidarı dəstəkləyən (siyasi partiya, gənclər təşkilatları, QHT-lər) qüvvələrin birgə mitinqini təşkil etmək lazımdır. Biz hazır! Yaşasın Müstəqil Azərbaycan!”

Qeyd edək ki, bundan öncə Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bunabənzər fikirlər səsləndirib. O, “Yeni Müsavat”ın canlı yayımında qonaq olarkən hakimiyyətin bir milyon insanın iştirakı ilə mitinq keçirmək gücünün olduğunu bildirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev mitinq təkliflərinə bu cür mövqe sərgilədi: “Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında bu məsələlərlə bağlı geniş çıxış etdim. Hesab edirəm ki, müxalifət deyəndə əslində onun bir təsnifatı olmalıdır. Hakimiyyətə müxalif olmaqla dövlətə müxalif olmaq fərqli məsələlərdir. İqtidara müxalif olanlara söz və sərbəst toplaşmaq azadlığından istifadə etmək üçün hərtərəfli şərait yaradılıb. Qarabağ Komitəsinin və Milli Şuranın mitinq müraciətlərinə icazə verildi. Açığı, Milli Şuranın mitinq keçirməsinin tam əleyhinəyəm. Bu qurumun fəaliyyət göstərməsinin belə əleyhinəyəm. Açıq şəkildə Moskvada Cərrahiyə İnstitutunun akt zalında Dumanın spikerinin təşkilatçılığı ilə yaradılan bu qurumun missiyasının nə olduğu məlumdur. Milli Şura Azərbaycanda çevriliş etmək üçün yaradılıb.

"Milyarderlər İttifaqı" da bunların pulunu ödəmək üçün yaradılıb. Bu qədər ortada faktlar olduğu halda bu qurumun ölkədə fəaliyyət göstərməsinə, mitinq keçirməsinə hakimiyyət orqanlarının yanaşmaları mənim üçün çox təəccüblüdür. Kəskin şəkildə mövqeyi ortaya qoymuşam və bunun hakimiyyətin günahı olduğunu bildirirəm. Sui-istifadə halları narahatçılıq yaratmaya bilməz. Hər kəs bu ölkədə hüquqlarından layiqincə yararlana bilir. Açığı, hansısa bir fəaliyyətə görə hökumətin mütləq aksiya keçirməsini vacib saymıram. Reallıqdır ki, hakimiyyət mitinq keçirərsə, müxalifətdən on dəfələrlə çox insan qatılar. Ölkədə mitinq oyunları oynamaqdansa, daha vacib işlərlə məşğul olmaq lazımdır. Dağlıq Qarabağla bağlı ciddi uğurları qazanmaq zamanıdır. İqtidarın, müxalifətin, QHT-lərin, gənclər təşkilatlarının iştirakı ilə cəmiyyətlə görüş təşkil edib, izdihamlı bir mitinq keçirmək mümkündür".

Politoloq, deputat Elman Nəsirov mitinq təkliflərinə dəstək verdi: “Mitinq ideyaları, təklifləri getdikcə çoxalır. Radikal müxalifət 19 yanvar mitinqi ilə öyünür. Bunu özünün sosial bazası kimi təqdim etmək istəyir. Amma əslində reallıq başqa şeyi diktə edir. Reallıq odur ki, həmin mitinq baxıb görsün ki, cənab prezidentin iştirakı ilə keçirilən istənilən kütləvi tədbirə nə qədər insan qatılır yaxud həyata keçirilən layihələrə xalqın etimadı necədir. İki il öncə bilirsiniz ki, referendum keçirildi. Xalqımızın mütləq əksəriyyəti cənab prezidentin irəli sürdüyü təklifləri qəbul etdi. Ötən ilin aprelindəki seçkilərdə də xalqın mütləq əksəriyyəti cənab prezidenti dəstəklədi. Bu bir daha bütün dünyaya nümayiş etdirildi ki, xalq cənab prezidenti dəstəkləyir. Bütün bunlar da səbəbsiz deyil. Çünki ölkə başçısı daim milli maraqlara uyğun siyasət həyata keçirir. Müstəqil siyasət yürütdüyümüz isə göz önündədir.

Radikal müxalifət çox gözəl bilir ki, seçkilərdə milyonlarla insan dövlət başçısına tam dəstək verirsə, iqtidarın keçirəcəyi mitinqə nə qədər insan gələ bilər. Düşünürəm ki, Azərbaycanda belə bir mitinq keçirmək üçün yer yoxdur. Çünki milyonların bir araya gələcəyi yeri təşkil etmək mümkünsüz görünür. Bu nöqteyi-nəzərdən bir qrupun 19 yanvarda keçirdiyi mitinqlə xalqın cənab prezidentə olan etimadı arasında müqayisə aparmağın heç əhəmiyyəti belə yoxdur. Radikal müxalifət sosial bazasının güclü olduğunu bildirib, iqtidarınkını zəif göstərməyə çalışsa, bilməlidir ki, hakimiyyət mitinq keçirib xalqı ilə görüşmək istəsə, burada söhbət minlərdən deyil, yüz minlərdən, milyonlardan gedəcək. Hakimiyyətə dəstək mitinqlərinin keçirilməsi üçün ciddi müzakirələrə ehtiyac var. Bunun vacib olub-olmadığını dəqiqləşdirib qərar vermək olar. Bir həqiqət var ki, əgər prezident mitinq ideyasına dəstək versə, bu milyonların mitinqi olacaq. Bundan müxalifət dərs almalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”