Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev yenidən “Türkmənçay” müqaviləsini gündəmə gətirdi, Abbas Lisani və digər soydaşlarımıza azadlıq istədi

Fərəc Quliyev yenidən “Türkmənçay” müqaviləsini gündəmə gətirdi, Abbas Lisani və digər soydaşlarımıza azadlıq istədi
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin Milli Məclisin yaz sessiyasının bu gün- 12.02.2019 tarixində keçirilən plenar iclasında olan çıxışının tam mətnini təqdim edirik:

Hörmətli sədr,hörmətli həmkarlar!
Yəqin ki, Sizlərə də işğalçı Ermənistan hərbiçiləri tərəfindən girov götürülmüş Dilqəm bəy və Şahbaz bəylə bağlı ardıcıl müraciətlər olur.Doğrudur , belə müraciətlərin bizə ünvanlanmasına ehtiyac yoxdur. Çünki deputatlar bütün imkanlarla bu məsələni beynəlxalq trubinalara daşıyırlar. Amma Azərbaycandakı QHT-lər saxta siyahılarda korrupsionerləri ,cinəyatkarları siyasi məhbus kimi Avropa təsisatlarına göndərməkdənsə Dilqəm bəy və Şahbaz bəylə bağlı kompaniya aparsalar daha doğru olar, Güney Azərbaycanda 40 milyon soydaşımızın haqqı uğruna mübarizə aparan həbsə atılmış Abbas Lisani və daha onlarla siyasi məhbusun adını siyahılarda Avropa təsisatlarına göndərsələr yaxşı olar. Axı İran adlanan ölkədə Abbas Lisanillər Azərbaycan dili, mədəniyyəti, millətin doğal haqları uğruna mübarizə aparır və bu üzdən “EVİN”zindanına atılırlar. Yeri gəlmişkən bildirim ki,iki gün əvvəl hazırda heç bir hüquqi gücü olmayan “Türkmənçay” müqaviləsinin bağlanmasının 191-ci ili tamam oldu. Mən 2011-ci ildə də bu haqda parlamentdə təkliflə çıxış etdmişdim. Artıq bu müqaviləni bağlayan iki tərəfdən biri-Rusiya imperiyası mövcud deyil. Rusiyada Sovet hakimiyyəti qurulandan sonra 1921-ci ildə İranla sovet hökuməti arasında bağlanmış müqaviləyə görə İranla çar Rusiyası arasında imzalanmış müqavilələrə xitam verildi. Lenin hökuməti ilə Qacarlar hakimiyyəti arasında bağlanmış müqavilədə qeyd edilir ki, indiyə qədər bağlanmış müqavilələr qüvvədən düşdüyünü elan edir. İndiki Rusiya isə Azərbaycanla ikitərəfli müqavilə bağlayıb. Üstəlik Beynəlxalq Müqavilələrlə bağlı dövlətlərin varisliyi haqqında 1978-ci il Vyana Konvansiyası beynəlxalq-hüquqi leksikona yeni termin “yeni müstəqil dövlət” termini daxil etmişdir ki, “yeni müstəqil dövlət” dedikdə isə “ərazisi dövlətin varisliyi anından bilavasitə əvvəl asılı ərazi olmuş, beynəlxalq münasibətlərinə görə əvvəlki dövlətin məsuliyyət daşıdığı varis dövlət” başa düşülür. (2-ci maddə 1(f) bəndi). Yeni müstəqil dövlətlərə “tabula rasa” yəni “təmiz lövhə” prinsipi şamil olunur. Həmin prinsipə görə yeni müstəqil dövlət əvvəlki dövlətin (yəni əvvəl müstəmləkə asıllığında olduğu dövlətin) iştirakçısı olduğu beynəlxalq müqavilələrdən azaddır, onun üzərində bu müqavilələri qüvvədə saxlamaq vəzifəsi yoxdur. Həm İran həm də Rusiya çar İmperiyası işğalına verilmiş və indi İrəvan xanlığı ərazisi, Zəngəzur istisna olmaqla bu ərazilərdə qurulmuş Azərbaycan respublikasını BMT-dəki bütün dövlətlərlə birgə şəksiz rəsmən tanıyır. Təkcə bu fakt Türkmənçay müqaviləsinin artıq heç bir əhəmiyyətə malik olmadığını və hüquqi qüvvəsini itirdiyini göstərir. Biz bu müqavilənin qüvvədən düşdüyünü bilirik, ona görə də yaxşı olar ki ,Azərbaycanın bölünmüş xalq olduğunu, “Türkmənçay” müqaviləsinin qüvvədən düşdüyünü rəsmən bəyan edək. Biz Güney Azərbaycanda olan 40 milyon soydaşımızın taleyinə biganə qala bilmərik.Güney Azərbaycandan bizə xeyli müraciətlər var. Onlar haqlı olaraq deyirlər ki, Quzey Azərbaycan bizim güvəndiyimiz yerdir, ocağımızdır və mübarizələrində tək qalmamalarını arzulayırlar. Hesab edirəm ki,biz İran dövlətinin münasib strukturlarına parlament adından müraciət edərək həsdə olan soydaşlarımızın azad olmasına çağırış edə bilərik. Mən bir daha QHT və mətbuata da bu məsələlərə biganə qalmamaları çağırışını edirəm.
Təşəkkür edirəm.

MDHP Mətbuat Xidməti