Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Rus patriarxın Quba məzarlığını ziyarəti - soyqırımı tanıtmaq üçün nə etməli...

Rus patriarxın Quba məzarlığını ziyarəti - soyqırımı tanıtmaq üçün nə etməli...
Azərbaycanda rəsmi səfərdə olan bütün Rusiyanın patriarxı Kiril qeyri-rəsmi olaraq Qubaya səfər edib. Patriarx Quba şəhərində ermənilər tərəfindən vəhşicəsinə öldürülən dinc insanların uyuduğu kütləvi məzarlıqda - Soyqırım Memorial Kompleksində olub. Patriarx oradakı “Xatirə kitabına” ürək sözlərini yazıb: “Qətliam edilmiş günahsızların əbədi xatirəsinə. Qohumlarına, yaxınlarına və öz xalqının faciəsini yadda saxlayan yeni nəslə dərin hüznlə başsağlığı veririəm.+Patriarx Kiril 9.02.2019".

Rusiya dini liderinə məzarlıq barədə geniş məlumat verilib. Bildirilib ki, 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı ümumilikdə 16 mindən çox dinc əhali qətlə yetirilib, evlər dağıdılıb, məscidlər yandırılıb. Patriarx Kirilə məlumat verilib ki, bu kütləvi məzarlıq 2007-ci ildə təsadüfi qazıntı zamanı aşkar edilib, arxeoloji qazıntı zamanı burada cavan, yaşlı, uşaq, qadın və kişilərin vəhşicəsinə güllə-baran edildiyi məlum olub.

Eşitdiklərindən və görüntülərdən dəhşətə gələn rus patriarx dinc insanların xüsusi amansızlıqla öldürülməsindən çox sarsıldığını bildirib.

Bəs 31 mart hadisələrinin dünyada soyqırım kimi tanıdılması üçün hansı addımlar atılmalıdır?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bunu uğur kimi dəyərləndirdi:
“Qonşu dövlətlərin, xüsusilə Rusiyanın mövqeyində Azərbaycana qarşı münasibətdə yaxşıya doğru dəyişikliklərin olması bizim uğurumuzdur. Biz istəyirik ki, qonşularla yaxın münasibətlər yürüdək. Bizdən asılı olmayan səbəblərdən yaranan problemlərin də aradan qaldırılmasına çalışırıq. Ermənistan istisna olmaqla, heç bir qonşu ölkə ilə problemimiz yoxdur. Rusiya böyük dövlətdir və bu dövlətlə münasibətlərin məcraya düşməsi vacibdir. Bəzi Duma üzvlərinin Dağlıq Qarabağa səfərləri, verdikləri məsuliyyətsiz bəyanatlar münasibətlərə xeyli dərəcədə kölgə salır. Amma patriarxın bu səfəri və ortaya qoyduğu mövqe ictimaiyyət tərəfindən müsbət qarşılanır, iki ölkənin münasibətlərinə ciddi təsir edir. Kiril sıradan birisi deyil. Onun belə mövqeyi gələcəkdə də bizim üçün çox müsbətlər gətirə bilər. Hesab edirəm ki, Kirilin ölkə başçısı ilə görüşünün də məsələlərə xeyli təsiri oldu. Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında bu faktordan da istifadə etmək lazımdır. Düşünürəm ki, Rusiyanın içərisində erməni xislətini tanıtmaq daha mühümdür. Kirilin mövqeyini Azərbaycan siyasətinin uğuru kimi qiymətləndirirəm. Rus patriarxına təşəkkür edirik ki, məsələlərə obyektiv baxır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”