Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Azərbaycan və çeçen xalqlarının dostluğu elə möhkəm təməl üzərində qurulub ki…

Azərbaycan və çeçen xalqlarının dostluğu elə möhkəm təməl üzərində qurulub ki…
Fərəc Quliyev:” Bəzi qüvvələrin təxribatı baş tutmayacaq və yenə də Azərbaycan və çeçen xalqları iki qardaş kimi bir yerdə olacaq”

Qafqazda sülh və əminamanlığın höküm sürməsi üçün tarixən bu məkanda yaşayan xalqların hamısı çalışır. Təbii ki, ermənilər bura yaxın əsrlərdə köçürüldüyündən, Qafqaz onların evi sayılmır.

Onu da deyək ki, Qafqaz xalqarı tarixən mehriban dostluq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün də yaşamaqda davam edirlər.

Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında incident baş verdiyi haqqında məlumat yayılıb. Bəzi qüvvələr adi məişət zəminində baş verən insidenti kriminal hadisə adlandırmaqla yanaşı, həm də millətlərarası nifaq kimi qələmə verməyə cəhdlər edir. Əslində isə buna o cür don geydirmək, başqa istiqamətə yozmaq, millətlərarası münaqişə kimi təqdim etmək sözün həqiqi mənasında təxribatçılığa xidmət edir.

Millət vəkili Aydın Mirzəzadə baki-xeber.com-a bildirdi ki, Moskvada baş verən adi bir məişət hadisəsinin başqa cür qələmə verilməsi təxribatdır. O qeyd etdi ki, yaşanan bu olay Azərbaycan və çeçen xalqları tərəfindən narahatlıqla qarşılanıb. Millət vəkilinin sözlərinə görə, heç bir təxribatçı fikir bu iki qədim və əbədi dost, qonşu olan xalqı düşmənə çevirə bilməz. “Azərbaycan və çeçen xalqı tarixən mehriban dostluq və qonşuluq əlaqələrində olub. Azərbaycan və çeçen xalqı bir mədəniyyətdən, bir dindən olan xalqlardır. Hesab edirəm ki, baş verənlər sadəcə təxribatdır. Artıq həm çeçen, həm də Azərbaycan rəsmiləri, ictimaiyyət nümayəndələri görüşüblər və heç bir halda qarşıdurmaya yol verməyəcəklərini bildirirlər. Qeyd edim ki, bu kiçik məsələ Azərbaycan və çecen cəmiyyətində çox böyük narazılıqla qarşılandı. Baş verənlər bir daha onu göstərdi ki, ceçenlərlə azərbaycanlıları toqquşdurmağa çalışmaq mümkün deyil. Bu təxribat baş tutmadı və yalnız qardaşlığımız, dostluğumuz bizim üçün həmişə əsas motiv olaraq qaldı və qalacaq da”- deyə A.Mirzəzadə bildirdi.

Millət vəkili Fərəc Quliyev də bizimlə söhbətində bildirdi ki, kiçik bir məişət hadisəsi nəticəsində baş verən insident iki xalqın möhkəm təməllər üzərində qurulan dostluğunu sarsıda bilməz. F.Quliyevin sözlərinə görə, tarixən mövcud olan çeçen - Azərbaycan dostluğu bir örnək olaraq qorunur. “Gənclər arasında kiçik insidentlərin baş verməsi təbiidir, bu istənilən ölkədə ola bilən bir hadisədir. Çeçen və Azərbaycan gəncləri arasında baş verənlərə gəlincə, deyim ki, burada söhbət heç bir vaxt milli zəmində yaşanan münaqişədən gedə bilməz. Çünki tarixən Azərbaycan və çeçen xalqları arasında münasibətlər həmişə yüksək səviyyədə olub və daim bir-birinin yanında olublar. Hətta Qarabağ münaqişəsində belə, çeçenlər gəlib bizimlə birgə döyüşüblər. Bizim dostluğumuz dostluqdan da yüksək bir münasibət səviyyəsindədir. Hətta xatırlayıram ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda çətinliklər olarkən çeçenlər birbaşa bizə dəstəklər göstərib. Mən hesab etmirəm ki, belə kiçik bir insidentdən xalqlararası intriqa yaratmaq mümkün olsun. Düzdür, bu niyyətdə olan adamlar, təşkilatlar, hətta dövlətlər də ola bilər, ancaq bunun heç bir mənası yoxdur. Bəzi qüvvələrin təxribatı baş tutmayacaq və yenə də Azərbaycan və çeçen xalqları iki qardaş kimi bir yerdə olacaqlar. Məndə olan məlumata görə, artıq Azərbaycan və çeçen icmalarının nümayəndələri görüşüblər və problem aradan qaldırmaq üçün tədbirlər görüblər. Bu baxımdan, narahatlığa heç bir əsas yoxdur”-deyə F.Quliyev vurğuladı.

İradə SARIYEVA