Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevdən radikallara mesaj: “İslahatlara sevinmək lazımdır”

Fərəc Quliyevdən radikallara mesaj: “İslahatlara sevinmək lazımdır”
“Azərbaycanda idarəetmədə optimallaşdırma, strukturlarda daha çevik idarəetmə üçün ixtisarların aparılması, qurumların birləşdirilməsi lazım olan islahatlardır. Bundan başqa həyatın müxtəlif sahələrində, sosial-iqtisadi sferada da bu addımlar atılır. Söhbət təkcə maaşların, təqaüdlərin, sosial müavinətlərin artırılmasından deyil, yanaşmalardan gedir. Bütün bunlar sosial proqramların həyata keçirilməsi üçün atılan addımlardır”.

Bu sözləri Missiya.Az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının lideri, millət vəkili Fərəc Quliyev deyib. Prezident İlham Əliyevin son inqilabi sərəncamlarını şərh edən millət vəkili bildirib ki, islahatlar daha yaxşı idarəetməyə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına, büdcə vəsaitlərinə qənaət olunmasına, yerlərdə məhsuliyyətin artmasına gətirib çıxaracaq. “Yerlərdə məhsuliyyət artdıqca, dotasiyalardan istifadə edən rayonların sayı azalır. İslahatlar paketinin icra olunmasının vacibliyini düşünürəm. Ola bilsin ki, hansısa sahələrdə çətinliklər yaşansın, amma ümumi nəticələr uğurlu olacaq”.

Millət vəkili son aylar illər əvvəldən planlaşdırılan islahatlar paketinin icrasını radikal müxalifətin öz adına çıxmasına da münasibət bildirib. Qeyd edək ki, radikal müxalifət prezidentin son sərəncamlarını 19 yanvar mitinqi ilə əlaqələndirməyə çalışır.

F.Quliyev məsələyə münasibət bildirərkən deyib ki, müxalifətin iddiaları absurddur: “İndiyə qədər bir neçə dirçəliş proqramı həyata keçilirib. Müəyyən addımlar atılıb. 2019-cu ildən regionların sosial-iqtisadi inkişafı üzrə 4-cü dövlət proqramına start verilib. Bunu heç kim öz adına çıxa bilməz. İslahatlar paketini hakimiyyət həyata keçirir. Prezident çıxışı zamanı problemli kreditlərdən danışdı. O, açıq şəkildə bildirdi ki, ictimaiyyətdə, parlamentdə müzakirələr gedir, təkliflər var, nəzərə alınacaq. Bu çox normal yanaşmadır. Problemli kreditlər məsələsi bir-iki günün içərisində həll olunacaq məsələ deyil. İllərlə aparılan bir proqramdır. Düzdür, çətin məqamlar olacaq, amma sonuc olaraq, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir edəcək”.

Millət vəkili bildirib ki, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün atılan addımları qısqancılıqla deyil, sevinclə qarşılamaq lazımdır.

Qeyd edək ki, prezident İlham Əliyev ötən gün sosial müavinətlərin artırılması və bir neçə yeni təqaüdün təsis edilməsi barədə sərəncam imzalayıb.


Elvin
Missiya.Az