Fərəc Quliyev Ombudsmanı gürcüstanlı soydaşlarımızın müdafiəsinə çağırdı (audio)
Martın 5-də Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2018-ci il üzrə illik hesabatının müzakirəsi zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev çıxış edərək ermənilərin Gürcüstanda yaşayan azərbaycanlılarla Azərbaycan Respublikası arasında bufer zonanın yaradılması məqsədiylə məkirli planlarının olması barədə açıqlama verib və bu planla bağlı soydaşlarımızın hüquqlarının gobud şəkildə pozulduğunu bildirib. Partiya sədri Ombudsmanı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində gürcüstanlı soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı müvafiq addımları atılmağa çağırıb.
F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:
"Sağ olun, cənab sədr! Hörmətli sədr, hörmətli kolleqalar, mən təbii ki, Elmira xanımın məruzəsində bütün məsələlər ilə bağlı təfsilatı ilə hərşeyə toxunduğunun fərqindəyəm.Bu yaxınlarda Asiya Ombudsmanlar Assosiasiyasının direktorlar şurasının 2018-ci il 30 oktyabr tarixində Bakı şəhərində keçirilən 21-ci iclasında həmin assosiasiyanın vitse prezidenti olan Elmira xanımın özünün təklifi ilə digər məsələlər ilə yanaşı dayanıqlı inkişaf məqsədlərində təsbit olunmuş onuncu məqsəd üzrə ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq mövzusunda müzakirə aparıldı və qərarlar qəbul olundu. Mən məhz buna istinad edərək bir məsələyə toxunmaq istəyirəm və toxunacağım məsələdən əvvəl Oqtay müəllimə xüsusi təşəkkür eləmək istəyirəm ki, biz bu yaxınlarda parlamentdə gürcüstandan gələn bir qrup sodaşımızı qəbul elədik. Gürcüstan-Azərbaycan dostluq qrupunun üzvləri olaraq onlarla görüş keçirdi, onlar dinlənildi. Bəlkə bu ilk bu formada görüş idi. Mən müşahidə elədiyim görüşlərdən birincisi idi. Çox da effektli bir məsələ oldu. Orda çox ciddi məsələlər qaldırıldı. O, məsələlərdən isə mən məhz birinin üzərində dayanmaq istəyirəm. Bu Bornisi rayonunda bizim əhalinin kompakt yaşadığı ərazidə əhalimizə qarşı olan münasibətdi. Bir müddət əvvəl 800-ə qədər azərbaycanlı ailəsi ordan çıxarılıbdı və sonradan ora 800-ə qədər erməni ailəsi yetləşdirilibdi. Bu əvvəl olub indiki hakimiyyətin dönəmində olmayıbdı. İndi isə orda bölgədə olan, ətraf kəndlərdə olan, soydaşlarımız Bornisidə rayon mərkəzində torpaq ala bilmirlər, ev tikə bilmirlər ,onların dağıdılmış mənzilləri vardır, gedib bərpa edə bilmirlər və açıq şəkildə bizim soydaşlarımızın ora qayıtmasına imkan vermirlər. Onlar türk əsilli, azərbaycanlı əsilli Gürcüstan vətəndaşlarıdır və onların hüquqları digər Gürcüstan vətəndaşları ilə eynidir. O insanlara, orda yaşamaq, orda məskunlaşmaq , ev tikmək və başqa hüquqlarını əllərindən almaq olmaz. Bornisi çox strateji bir yerdir. Təxminən Meğri rayonu daxil olmaqla Zəngəzur tipli bir yerdir. Bir vaxtları Meğri də daxil olmaqla Zəngəzuru bizim əlimizdən almaqla Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı və bütövlükdə türk dünyasını qırdılar. Coğrafi mənada əlaqə qırıldı. Bugün Bornisidə həmin siyasət yürüdülərsə və orda erməniləşdirilərsə Azərbaycanla gürcüstanlı soydaşlar arasında Borçalı arasında coğrafi bufer zonası yaradılacaqdı. Bu çox ciddi məsələdir və mən istəyirəm ki, xahiş edirəm ki, hörmətli Ombudsman Milli İnsan Hüquqları Təsisatların Qlobal Alyansına , BMT-nin insan hüquqları üzrə Cənubi Qafqaz ofisinə Durman bəyamnaməsi və fəaliyyət proqramının prinsiplərini əsas götürərək bir müraciət hazırlasın. Eyni zamanda Gürcüstanın Ombudsman İnstitutu ilə əlaqəyə girsin, onlara müraciət hazırlasın, bizim ordakı insanlarımızın hüquqlarını müdafiə eləsin. Bu sıradan bir məsələ deyil .Onlar bizim soydaşlarımızdır. Həm o mənada mənəvi cəhətdən bizim borcumuz və haqqımızdır o məsələnin üzərinə gedək, həm də bayaq qeyd etdiyim kimi bir forum keçirilmişdir və hörmətli Elmira xanımın da təklifi ilə orada müzakirələr olmuşdur,ona istinadən bizim soydaşların hüquqları ilə bağlı da orda müvafiq addımların atılması təmin olunsun. Mən çox xahiş edirəm ki, bu məsələ diqqətə alınsın. Təşəkkür edirəm."