Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Bakıda Tehranı qəzəbləndirəcək Bütöv Azərbaycan müzakirəsi

Bakıda Tehranı qəzəbləndirəcək Bütöv Azərbaycan müzakirəsi
Fərəc Quliyev: “Siyasətdə ölkəmizə qarşı kiminsə qəzəblənməsi kimi məsələləri tamamən gözardı etmək lazımdır”

Aprelin 13-də saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə I Bütöv Azərbaycan Forumu keçiriləcək. Bu barədə BAO-nun yaydığı məlumatda deyilir ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyü məsələsini gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır. Qeyd olunur ki, bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcək.

Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatların nümayəndələrinin, Borçalıdan, Kərkükdən, Dərbənddən, Şimal-Qərbi Azərbaycandan olan fəalların, digər ictimai-siyasi təşkilatların nümayəndələrinin, ziyalılar və gənclərin iştirak edəcəkləri bildirilir.

Bəzi ekspertlər hesab edir ki, İranın Qərb tərəfindən get-gedə daha da sıxışdırıldığı bir vaxtda Azərbaycanda bütöv Azərbaycan məsələsinin gündəmə gətirilməsi Tehranı bizə qarşı qəzəbləndirə bilər.

Deputat Fərəc Quliyev isə “Yeni Müsavat”a bildirdi ki, Güney Azərbaycan məsələsi ilə bağlı tədbirlər həmişə keçirilib və bu cür forumların keçirilməsi lazımdır. Bizim strateji hədəfimiz olan Bütöv Azərbaycanla bağlı hər bir müsbət fəaliyyət dəstəklənməlidir. Bu forum da yəqin ki, Bütöv Azərbaycan məsələsi ilə bağlı fəaliyyətlərin koordinasiya edilməsinə yönəlib: “Hesab etmirəm ki, Güney Azərbaycan məsələsi ilə bağlı fəaliyyət günlük dünya siyasətində olan proseslərə rəğmən müəyyənləşməlidir. Çünki bu məsələ bizim bir xalq olaraq strateji hədəfimizdir. Hədəfsiz millət kompassız gəmi kimidir. Bizim millət üçün ədalətli status-kvo özünün tarixi coğrafi ərazisində Bütöv Azərbaycan qurmaqdır. Bu məsələ bizim gündəlik həyat tərzimiz olmalıdır, hər gün bu istiqamətdə iş görülməlidir. Bu gün Bütöv Azərbaycan Ocaqları da bu istiqamətdə tədbir keçirirsə, təqdirə layiqdir. Hesab edirəm ki, bu iş davamlı olaraq və təşkilatlandırılmış şəkildə davam elətdirilməlidir. Mənim özüm də o forumda iştirak eləyəcəyəm. Bütün azərbaycanlılar belə məsələlərdə bir yerdə olmağı bacarmalıdırlar.
Hesab edirəm ki, Bütöv Azərbaycan məsələsi ilə bağlı forum ölkəmizin xeyirinədir. Siyasətdə ölkəmizə qarşı kiminsə qəzəblənməsi kimi məsələləri tamamən gözardı etmək lazımdır. Çünki cidanı çuvalda gizlətmək olmaz, bizim millət, dövlət bölünüb və tarixi ədalət bərpa olunmalıdır. Bu istiqamətdə görülən tədbirlər strateji olaraq xeyirlidir. Tehran qəzəblənəcək deyə biz Bütöv Azərbaycan məsələsini kənara qoymalı deyilik. Tehran onsuz da elədiyini eləyib, bizi iki yerə bölüblər və həmişə də ermənilərə dəstək verir. Qaradan artıq rəng olmaz. İndiki status-kvo bizim millət üçün ədalətli deyil və biz kiminsə xoşuna gəlməsə də bu mübarizəni aparmalıyıq".

“ABŞ-İran qarşıdurması get-gedə kəskinləşir. Güney Azərbaycan məsələsində azərbaycanlılar fəallaşsa, bu prosesə Qərbdən dəstək gələ bilərmi” sualına F.Quliyev belə cavab verdi: “Biz heç kimin projesində yer almırıq. Biz öz mübarizəmizi aparırıq. Bəzi məqamlarda isə əməkdaşlıq eləmək mümkündür. İrana qarşı ABŞ-ın və digərlərinin mübarizəsinin güclənməsi bizim işimizi yüngülləşdirə bilər”.

Etibar SEYİDAĞA,/“Yeni Müsavat”