Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Rusiyanın üçüncü adamından Bakıya “Krım tələsi”

Rusiyanın üçüncü adamından Bakıya “Krım tələsi”
Rusiyanın üçüncü adamından Bakıya “Krım tələsi” Valentina Matviyenko Milli Məclisin sədri ilə görüşdə azərbaycanlı həmkarını niyə Azərbaycanın Ukrayna ərazisi kimi tanıdığı bölgəyə dəvət edib?

Ötən həftə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, səlahiyyətlərinə görə Rusiyanın üçüncü şəxsi hesab olunan Valentina Matviyenko Bakıda Milli Məclisin sədri ilə görüşdə Sevastopolun alman faşistlərindən azad olunmasının 75 illiyi ilə bağlı azərbaycanlı həmkarını Krıma dəvət edib. Matviyenko hətta belə bir cümlə işlədib: “Özünüz gələ bilməsəniz, heç olmazsa Milli Məclisdən nümayəndə heyəti göndərin”.

Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü rəsmən tanıdığını bildiyi halda, V.Matviyenkonun Milli Məclis sədrinə belə bir təklif etməsi birmənalı qarşılanmır. Qeyd edək ki, hələlik Milli Məclis rəhbərliyi təklifə rəsmi mövqeyini elan etməyib. Siyasi ekspertlər isə Rusiya rəsmisinin Azərbaycanı məqsədli şəkildə çətin seçimlə üz-üzə qoymaq istədiyini düşünürlər.

Milli Məclisin deputatı Fərəc Quliyev də “Yeni Müsavat”a bildirdi ki, Rusiyadan olan dəvət əsasında Azərbaycandan nümayəndə heyətinin Krıma getməsi düzgün olmaz: “Başqa deputatlardan fərqli olaraq mən hələ Krım işğal olunanda parlamentdə fikrimi bildirmişəm. Bildirmişəm ki, bu, işğaldır. Biz bu işğalı tanımalı və öz adı ilə çağırmalıyıq. Çünki Azərbaycanın da ərazisi işğal olunub. Belə hallarda biz susa bilmərik. Üstəlik də fikirləşirəm ki, biz bu məsələdə açıq şəkildə beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqelərindən çıxış eləməliyik. Bunu eləmiriksə, heç olmasa, ən azından Rusiyanın mövqeyindən çıxış eləməli deyilik. Çünki bu bizim Qarabağ məsələmizlə də bağlı olaraq pis ənənə ola bilər. Mən Ukrayna-Azərbaycan münasibətlərindən də dolayı düşünürəm ki, Ukrayna ərazisi olan və işğal edilən Krıma Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Rusiyanın dəvəti ilə gedib iştirak eləməsi doğru olmaz”.

F.Quliyev xatırlatdı ki, dünya da Krımı Ukrayna ərazisi olaraq tanıyır. Azərbaycandan nümayəndə heyətinin getməsi dünya birliyi və bir sıra böyük dövlətlərlə də münasibətlərimizə təsir edə bilər: “Bu gün tutaq ki, işğal olunmuş Dağlıq Qarabağa hər hansı bir dövlətdən kimsə Azərbaycandan icazə almadan gəlirsə, Azərbaycan onları qara siyahıya daxil edir və arzuolunmaz şəxs kimi görür, etirazını bəyan edir. İndi Ukraynanın işğal olunmuş ərazisinə bizdən nümayəndə heyəti gedərsə, bu, çox anormal hal ola bilər. Ola bilsin müəyyən səbəblərdən Azərbaycan hökuməti bu məsələyə etiraz eləməsə də, ən azından yumşaq diplomatiya ilə davranaraq Krıma səfər məsələsindən vaz keçməlidir. Krıma nümayəndə heyətinin getməsi Azərbaycanın özünə ziyan vuran, mənfi presedent yaradan element effekti verər”.

Deputat Araz Əlizadə isə bu məsələ barədə fikir bildirmək istəmədiyini dedi. O qeyd etdi ki, məsələyə münasibəti Milli Məclisin rəhbərliyi, Beynəlxalq əlaqələr komitəsi rəsmi olaraq bildirsə daha uyğundur.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”