Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Bakının paytaxt statusunun rəsmiləşdirilməsi mövzusu aktuallaşır

Bakının paytaxt statusunun rəsmiləşdirilməsi mövzusu aktuallaşır
Bakı az qala iki əsrdir Azərbaycanın paytaxt şəhəridir. Buna baxmayaraq, indiyə kimi Bakının paytaxt statusu daşıması haqqında müvafiq qanun qəbul edilməyib. Yeri gəlmişkən, Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi qazandıqdan sonra Bakının rəsmi statusu haqqında qanun qəbul edilməsi gündəmə gətirilsə də, hələ ki, bu qanun qəbul olunmayıb.

Bir neçə il əvvəl hətta Milli Məclisdə “Bakı şəhərinin statusu haqqında” qanun layihəsinin hazır olduğu bildirilsə də, parlament tərəfindən hələ də qəbul edilməyib.

Tarixçilər bildirirlər ki, bu haqda qanunun indiyə qədər qəbul edilməməsi müəyyən səbəblərlə bağlıdır. Onlar qeyd edirlər ki, Bakı bələdiyyəsi mövcud olsa da, şəhərin seçkili meri yoxdur. Bakının paytaxt statusu ilə bağlı qanun qəbul edilməsi üçün bir sıra məsələlərin həlli vacibdir.

Artıq dövlət səviyyəsində bu istiqamətdə addımlar atılır. Son zamanlar Bakı şəhərinin müxtəlif ərazilərinə status verilməsi məsələsi həll edildikdən sonra yenidən Bakının paytaxt statusu məsələsinə qayıdılacağını deyən tarixçilər ümid edirlər ki, gec-tez, bu məsələ öz həllini tapacaq.

Tarixçilər qeyd edirlər ki, 1859-cu il may ayının 29-30-da baş verən güclü zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağıntıya məruz qalıb və Çar II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb və adı dəyişdirilərək Bakı quberniyası adlandırılıb. Həmin fərmanla Bakı şəhəri quberniya mərkəzi statusu alıb. Həmin dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil edirdi.

10 aprel 1840-cı ildə təşkil edilən Kaspi vilayəti tərkibində mərkəzi Bakı şəhəri olmaqla Bakı qəzası yaradılıb. Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə daxil edilib.

Azərbaycan Milli Şurasının 1918-ci ildə qəbul etdiyi Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı haqqında maddə yox idi. Azərbaycan Sovet Sosialist Respublikasının 1921-ci ildə qəbul edilən Konstitusiyasına da paytaxt haqqında maddə daxil edilməyib. Azərbaycan SSR-in 1937-ci il və 1978-ci il konstitusiyalarında isə Bakı şəhərinin respublikanın paytaxtı olması təsbit edilib.


Fərəc Quliyev: “Ancaq hələ ki, Bakının paytaxt statusu ilə bağlı gündəlikdə məsələ yoxdur”

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki,
hələlik Milli Məclisdə Bakıya paytaxt statsu verilməsi ilə bağlı hər hansı bir məsələ müzakirə edilmir. Ancaq bu məsələnin aktual olduğunu deyən F.Quliyevin sözlərinə görə, Prezident İlham Əliyev ölkə ziyalıları, mədəniyyət xadimləri ilə görüşərkən bu təklif orada da səsləndirilib. “Bakının mədəni mərkəzlərinin formalaşdırılması ilə bağlı həmin görüşdə təkliflər səsləndirildi. Yəni Bakının ayrı-ayrı rayonlarına statusların verilməsi və onların qorunması diqqətdə olan məsələlərdən biridir. Yaxud da Milli Məclisdə başqa millət vəkilləri də, mən də təklif etmişik ki, Böyük Bakı Bələdiyyəsi yaradılsın. Bu kimi məsələlər müzakirə edilir. Hazırda başqa inzibati yanaşmalar var. Bir sıra müəssisələrin paytaxtdan bölgələrə köçürülməsi və s. məsələlər aktualdır. Hesab edirəm ki, bunlar dəyərli təkliflərdir. Bunun nəzərə alınacağını düşünürəm. Ancaq hələ ki, Bakının paytaxt statusu ilə bağlı gündəlikdə məsələ yoxdur”-deyə F.Qulieyv qeyd etdi.


Firdovsiyyə Əhmədova: “Milli Məclis tərəfindən Paytaxt günu və Bakının rəsmi statusu haqqında qanun qəbul edilərsə, bunun tam tarixi əsası var”

Tarixç üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova isə hesab edir ki, Bakının paytaxt statusu haqqında qanun qəbul edilməsi üçün kifayət qədər əsaslar var. Alimin qeyd etdiyinə görə, Bakının paytaxt olmasına dair xüsusi qanunun qəbul edilməsi zəruridir: “Bakının paytaxt statusu almağa tarixi zəmini də var. Bunun üçün müvafiq bir gün də var ki, həmin günü Paytaxt günü elan etmək tam mümkündür.
Bilirik ki, 1918-ci il sentyabrın 15-də Bakı azad elilib və müstəqil Azərbaycanın paytaxtı elan olunub. Həmin günün Paytaxt günü kimi qeyd edilməsi bizə tarixi mənəvi haqq verir. Bakı Azərbaycan Respublikasının paytaxtı olub və indi də paytaxtıdır. Bakının paytaxt statusu haqqında qanun qəbul edilməsi bir tarixi hadisə olardı. Onsuz da Bakı Azərbaycanın rəsmi paytaxtıdır. Əlbəttə, paytaxtı dəyişmək olur, ancaq Paytaxt gününü həmişə qeyd etmək mümkündür. Niyə məhz Bakının Azərbaycanın paytaxtı kimi tanınması məsələsi bizim mütəfəkkirlərimiz tərəfindən tarixən müzakirə olunub və o təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mədəni fikir mərkəzi kimi status alıb. Milli Məclis tərəfindən Paytaxt günu və Bakının rəsmi statusu haqqında qanun qəbul edilərsə, bunun tam tarixi əsası var. Bu imkan verir ki, məsələ reallaşsın”.

İradə SARIYEVA