Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Makronun uydurma “erməni genosidi”nə vurğunluğu Fransa dövlət elitasını parçaladı…

Makronun uydurma “erməni genosidi”nə vurğunluğu Fransa dövlət elitasını parçaladı…
Fərəc Quliyev: “Fransa parlamentinin deputatlarının Makronun qərarına etiraz etməsi o deməkdir ki, hələ də deputatlar arasında sağlam düşünənlər, hadisələrə real yanaşanlar var”

Bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron aprelin 24-nü ölkədə qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edib və bununla bağlı rəsmi qərar qəbul edib. Fransa Prezidentinin bu bədnam qərarı nəinki Azərbaycanda və Türkiyədə, eləcə də Fransanın özündə narazılıqla qarşılanmaqdadır.

Artıq fransalı deputatlar Makronun qondarma “erməni soyqırımı" ilə bağlı qərarına etiraz edirlər. Məlumatlara görə, bu ölkənin hakim və müxalifət partiyalarının deputatları Makronun qəbul etdiyi qərarı pisləyiblər.

Qeyd edilənə görə, Fransa 2001-ci ildə qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyıb.

Fransalı parlamentarilər Makronun bədnam qərarına qarşı…
Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun üzvü, hakim İrəliləyən Respublika (“La Republique en Marche”) Partiyasının deputatı Filip Folyo
Azərbaycan mətbuatına bildirib ki, qərar bir neçə il bundan əvvəl qəbul edilmiş qanunun məntiqi davamıdır: "Bu sərəncam Fransa-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək. Ötən həftə NATO Parlament Assambleyasının iclasında iştirak etmək üçün həmkarlarımla birlikdə Türkiyədə səfərdəydim. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri M.Şentop və xarici işlər naziri M.Çavuşoğlu Fransanın bu qərarına çox sərt formada etiraz etdilər".

F.Folyo "Fransa kiməsə dərs verə bilməz və bunun üçün əlverişli mövqeyə də malik deyil. Biz özümüz öz tariximizə fəxrlə yanaşırıq, halbuki, çox hadisələr baş verib. Artıq bir sıra məsələlərin davamı kimi bu qərarı vermişik, ancaq bunun üzərində dayanmamağı zəruri sayıram. Biz gələcəyə üzümüzü tutmalıyıq. Yəni Fransa ilə Türkiyə arasında yaxşı münasibətlər yaratmağa çalışmalıyıq" - deyə bildirib.

Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun üzvü, müxalif Sosialistlər Partiyasından olan deputat Jerom Lamber Makronun son qərarını mənasız adlandırıb: "Bu mənasız bir qərar idi. İnanmıram ki, bu addım Fransa-Türkiyə münasibətlərinə ciddi mənfi təsir göstərsin".

Onun sözlərinə görə, aprelin 24-nün qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edilməsinə ehtiyac yox idi: "Dünyada xeyli sayda soyqırım baş verib. Əlbəttə, ispanlar, asteklər, mayaların başına gələnlərdən xəbərdar olmaq yaxşıdır. Lakin xatirə günü kimi qeyd etməyin mənası yoxdur. Bu gün unudulan, tarixdən silinən soyqırımlar da çoxdur. Amerika hindularının məhv edilməsini yadımıza salaq. Bu faciə çox da uzaq tariximizdə yaşanmayıb. Hinduların, demək olar ki, hamısı yer üzündən silinib. Belə bir kontekstdə qondarma "erməni soyqırımı qurbanları"na xatirə günü təsis etmək tamamilə lazımsız idi", - deputat qeyd edib.

Deputat Jan-Lük Reitzer mövcud hakimiyyəti başqa ölkələrin tarixi ilə bağlı məsələlərə qarışmamağa çağırıb
Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun üzvü, Respublikaçılar Partiyasının deputatı Jan-Lük Reitzer vurğulayıb ki, bu qərar Türkiyə rəsmilərinin çox böyük qəzəbinə səbəb olub: "Mən sərəncamın rəsmi qəzetdə işıq üzü gördüyü günün səhərisi Türkiyədə səfərdəydim və NATO Parlament Assambleyasının iclasında iştirak edirdim. Doğrudan da gərginlik var idi. Türkiyə rəsmiləri çıxışları zamanı bununla bağlı Fransaya kəskin etirazlarını bildirdilər. Mən daim bu məsələdə əks mövqedə olmuşam və qanunun da vaxtilə əleyhinə səs vermişəm. Çünki hesab edirəm ki, Fransa başqa bir ölkənin tarixinə aid olan məsələyə qarışmamalıdır, hər ölkə öz tarixinə cavabdehlik daşımalıdır. Tarixi yazmaq tarixçilərin işidir. Fikrimcə, münaqişəli məsələlərə qarışmaq, tərəf saxlamaq xarici ölkələrin və siyasətçilərinin işi deyil. Biz heç bir ölkəyə dərs keçməməliyik. Emmanuel Makronun qərarı Fransa-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək" - deyə deputat qeyd edib.

“Fransa tarixinə məxsus olmayan bir hadisəni rəsmiləşdirməyə ehtiyac yox idi”

Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü, müxalif Demokratlar, Radikallar və Liberalların Birliyi Partiyasının deputatı Andre Vilye ölkə tarixinə salınan bu hadisənin, əslində, Fransaya heç bir aidiyyəti olmadığını deyib: "Bu, Türkiyəyə aid bir məsələdir. Fransa ermənilərə sığınacaq verən bir ölkə olub. Düzdür, bu gün Fransada erməni icması çoxluq təşkil edir. Hətta ölkədə 500 min erməninin yaşadığı deyilir. Lakin Fransa tarixinə məxsus olmayan bir hadisəni rəsmiləşdirməyə ehtiyac yox idi. Hesab edirəm ki, Fransa gələcək üçün daha çox xeyir gətirə biləcək addımlar atmalıdır. Məsələn, türk və erməni xalqları arasında yaxınlaşmaya, əməkdaşlığa xidmət edəcək əməllərə imza atması daha faydalı olardı”.

Bu fransalı deputatların fikirləri Makronun Türk dünyasına qarşı təzyiq vasitəsi olaraq qəbul etdiyi qərarın Fransa cəmiyyətində də normal qəbul edilmədiyini deməyə əsas verir. Bəzi şərhçilərin fikrincə, Makronun son qərarı ölkənin erməni icmasının, diasporunun maraqlarını təmin etsə də, bütövlükdə, Fransa cəmiyyətinin iradəsini ifadə etmir.

“Fransa Prezidentinin qərarı Fransa cəmiyyətinin iradəsini ifadə etməsə də...”

Millət vəkili Fərəc Qulieyev “Bakı-Xəbər”ə bildirdi ki, özünü ermənilərin “böyük bacısı” adlandıran Fransada bu gün mütərəqqi qüvvələrin olması müsbət bir göstəricidir. Ancaq millət vəkili hesab etmir ki, deputatların etirazları Makronun verdiyi qərarın ləğvinə səbəb ola bilər. O qeyd etdi ki, bu qərar Fransa ictimaiyyətinin iradəsini ifadə etməsə də, Fransa hökumətinin ermənipərəst mövqeyini bir daha ortaya qoyub. “Təbii ki, heç bir hakimiyyət birqütblü deyil, orada müxalif qüvvələr təmsil olunur. Fransa Prezidentinin mövqeləri son zamanlar xeyli zəifləyib. Xüsuslə də son zamanlar “sarı jiletlilər”ə qarşı həyata keçirilən zorakılıqlar onun mövqeyini zədələyib. Ona görə də Fransanın müxalif qüvvələrinin onun son qərarına etiraz etməsi təbiidir. Məlumdur ki, Fransa hökuməti həmişə Azərbaycana, Türk dünyasına qarşı ədalətsiz davranıb. Fransa özünü ermənilərin “böyük bacısı” hesab edir və həmişə də onlara dəstək verir. Çox təəssüf ki, Fransa artıq Minsk Qrupunun üzvü olaraq bitərəf mövqe tutmalı olduğu halda, açıq şəkildə Ermənistanı müdafiə etdiyini ortaya qoyur. Fransanın Türkiyəyə də qarşı mövqeyi məlumdur. Sözün açığı, mən Fransadan başqa bir addım da gözləmirəm. Sadəcə olaraq bunu nəzərə alıb Türkiyə, Azərbaycan və digər türk respublikaları Fransa ilə münasibətlərə yenidən baxmalıdırlar. Yəni istər onların böyük layihələrdə iştirakı, istərsə də digər məsələlərdə olsun, bu məsələlərin mütləq bir siyasi ritorikası olmalıdır”.

O, həmçinin, hesab edir ki, deputatların Fransa Prezidentinin verdiyi qərara etiraz etməsi Fransanın ermənilərə bəslədiyi “sevgi”ni söndürə bilməyəcək, bu hökumət Ermənistanı dəstəkləməkdə davam edəcək. “Sözsüz ki, bu, qərəzli və zərərli siyasətdir. Əgər bu gün Fransa parlamentində hadisələrə ayıq baxan, prosesləri düzgün qiymətləndirən, mövcud beynəlxalq konvensiyalara, hüquqa söykənən davranış göstərən parlamentarilər ortaya çıxıbsa, belə qüvvələr ciddi bir nəticəyə nail ola bilərlərsə, əlbəttə, bu, ölkələrimiz arasındakı münasibətlərə müsbət təsir edər. Fransa parlamentinin deputatlarının Makronun qərarına etiraz etməsi o deməkdir ki, hələ də deputatlar arasında sağlam düşünənlər, hadisələrə real yanaşanlar var. Fransa Prezidentinin qərarı Fransa cəmiyyətinin iradəsini ifadə etməsə də, lakin bu gün siyasi elita, birmənalı olaraq, bu kursu götürüb. Açığı, burada Ermənistanın mövqelərini zəiflədəcək bir qərar qəbul edilməsinə və erməniləri dəstəkləyən qərarların ləğv olunmasına inanmıram” - deyə F.Quliyev qeyd etdi.

İradə SARIYEVA