Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Seyidov “MM yenilənməlidir” deyəndə nəyi nəzərdə tutub?

Seyidov “MM yenilənməlidir” deyəndə nəyi nəzərdə tutub?
Azərbaycanın Avropa Şurası Parlament Assamblyesındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov İctimai Televiziyanın qonağı olub və bir sıra maraqlı fikirlər səsləndirib. Deputat bütün sahələr kimi Milli Məclisin də yenilənməsinə ehtiyacın olduğunu söyləyib.

Vəhdət Partiyasının sədri Tahir Kərimli Musavat.com-a açıqlamasında məsələni bu cür şərh edib:

“Onun qəlbində nələr tutduğunu, doğrusu, bilə bilmərəm. Düşüncəmə görə, yenilənməyə işarə vurulursa, müxalifətin parlamentdə fraksiya yaratması üçün sayları nəzərdə tutula bilər. Çünki fraksiya adından bir nəfər danışa bilər və hər kəs bununla həmfikir olar. Səməd Seyidov bilir ki, parlament seçkiləri gələn ilin noyabrında olacaq. Doğrudur, söz-söhbətlər gəzir ki, seçkilər vaxtından əvvəl olacaq. Amma seçki hələ ki gözlənilmir. Prinsipcə, Səməd Seyidov onu nəzərdə tuta bilər ki, gələnilki seçkilərdə çox yaşlaşmış deputatlar əvəzlənməlidir. Yaxud ola bilər ki, daha aktiv şəkildə müzakirələrdə iştirakı nəzərdə tutur. Bunlar özümün yozduğum mülahizələr də ola bilər. Suallar daha çox Səməd Seyidovun özünə ünvanlansaydı, daha yaxşı olardı. Parlamentin əsas funksiyalarından biri odur ki, hökumət üzvlərini Milli Məclisə dəvət edib, hesabatlarını dinləməlidir. Amma bizdə hökumət ümumi hesabat verir və ona qiymət verilir.

Hər bir hökumət üzvü azından komitələrə dəvət olunmalı, dinləmələr aparmalıdırlar. Bir sıra dövlətlərdə belə qaydalar var. Hökumət üzvlərinin parlament qarşısında məsuliyyətləri yaranmalıdır. Cənab prezident Binə yolunun açılışı zamanı dedi ki, bizə xalqın problemləri, istəkləri çatdırılmalıdır. Deputatın da əsas vəzifələrindən biri seçicilərin problemlərini hökumətə, dövlət başçısına çatdırmasıdır. Bu nöqteyi-nəzərdən yaxşı olardı ki, biz deputatlar bu məsələlərdə aktiv olaq. Bu baxımdan Səməd Seyidov yəqin onu nəzərdə tutur ki, həm daxili, həm də xarici siyasətdə aktiv şəkildə deputat vəzifələrimizi yerinə yetirək. Başqa nəyi nəzərdə tutduğunu deyə bilmərəm”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev dolayısı ilə həmkarının fikirləri ilə razıdır:

“Onun nəyi nəzərdə tutduğunu da söyləmək çətindir. Amma prinsipcə, şəxsimin parlamentlə bağlı fikirləri olub. Prezident seçkiləri zamanı da bunu elan etmişəm. Düşünürəm ki, parlament majoritar və proporsional sistemlə formalaşsa, daha yaxşı olar. Bu günləri bəzi müxalif qurumlar özlərini ana müxalifət kimi təqdim edirlər. Sonuc olaraq bu iki sistemlə parlament formalaşsa, partiyaların gücləri ortaya çıxar. Ən azından hansı düşüncənin daha çox cəmiyyəti tərəfindən qəbul olunduğu da Milli Məclisə daşınar. Deputatın bəzi funksiyaları var ki, onu yerinə yetirmək zərurəti var. Bəzi deputatlar bu funksiyaları layiqincə yerinə yetirirlər. Amma yerinə yetirməyənlər də var. Parlamentin bəzi ağırlıqları daşımağı bacarması, hər şeyi prezidentin və ya onun aparatının üzərinə buraxmadan prinsipial məsələlərdə ortaya mövqe qoyması vacibdir. Bu məsələlərdə fərqli yanaşma olmasının mən də tərəfdarıyam. Orada siyasi ritorikanın olmasının tərəfdarıyam. Dişli, müəyyən məsuliyyəti öz üzərinə götürüb bəzi siyasi addımlar ata biləcək parlamentin olması çox vacibdir. Burada parlamentarilərin kimliyindən də çox şey asılıdır”.


Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev mandat verməkdə söz sahibinin xalq olduğunu söyləyib:

“Səməd Seyidov mənim hörmət bəslədiyim və eyni zamanda işgüzarlığı, faydalılığı ilə seçilən parlamentarilərdəndir. Bütün deputatlar kimi də fərdi fikir bildirmə, mülahizə yürütmə hüququna malikdir. Hər kəsin proseslərə öz baxışı var. Səməd Seyidov da bu xüsusatda istisna deyil. Amma hörmətli Səməd müəllim bu ifadəni hansı kontekstdə deyib, nəyi nəzərdə tutub deyib, niyə deyib, bu sualların cavabını onun özündən soruşsanız daha yaxşı və daha dəqiq olar. Parlamentin gələcək kontingenti ilə bağlı isə mənim şəxsi fikrim budur: Milli Məclisə mandatı xalq verir, deputatları xalq seçir və dəyərli Azərbaycan xalqı regionlar üzrə öz vəkilliyini kimə etibar edəcəksə, kimə səs verəcəksə, kimə etimad göstərəcəksə, həmin şəxs də deputat olacaq. Yenilərini tərcih etsələr, yeniləri olacaq, köhnələri tərcih etsələr, köhnələri qalacaq”.