Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Biz indi yumşaq mövqe tutsaq, bu vaxta qədər diplomatik sahədə qazandığımız bütün uğurlara kölgə salmış olacağıq”

Fərəc Quliyev: “Biz indi yumşaq mövqe tutsaq, bu vaxta qədər diplomatik sahədə qazandığımız bütün uğurlara kölgə salmış olacağıq”
Milli Məclisin sonuncu plenar iclasında səslənən müharibə çağırışlarına parlament rəhbərliyinin etirazı müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə məsələyə münasibət bildirən ayrı-ayrı istifadəçilər, yaxud ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər hesab edirlər ki, düşməni yerində oturtmağın yeganə yolu hərbi əməliyyatlar olduğu halda, sədarətin sülh mesajları verməsi düzgün deyil.

Qeyd edək ki, spiker Oqtay Əsədov bəzi deputatların müharibə çağırışları etməsini düzgün saymayıb. “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər görürük. Münaqişə ilə bağlı müzakirədə müharibəyə çağırsaq, nə əldə edə biləcəyik? Münaqişəni sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?!”-spiker deyib. Bir sıra müşahidəçilər hesab edir ki, Azərbaycanın dövlət başçısı müharibənin bitmədiyini deyirsə, müdafiə naziri düşmənə sərt xəbərdarlıq edirsə, belə olan halda parlamentdə sülh mesajlarının verilməsi başadüşülən deyil.

Deputat Fərəc Quliyev isə həmkarından fərqli olaraq hesab edir ki, bu qədər ehtiyatlı mövqe sərgiləməyə dəyməz: “Çünki Azərbaycan tərəfinin ciddi diplomatik uğurları 2016-cı ildə erməniyə vurduğu şillədən sonra yaranıb. Ermənistan tərəf təzyiq görməsəydi, masaya oturmazdı. Artıq dünya da öz mövqeyində xeyli dəyişikliklər etmişdi ki, günün birində bizim təkid və tələbimizlə Azərbaycan geri çəkilməz və bir neçə günə məsələni bitirə bilər. Ona görə də Azərbaycanın mövqeyi ilə hesablaşmağa başladılar”. F.Quliyev parlamentdə səsləndirdiyi fikirlərin üzərində israrlı olduğunu vurğuladı: “Əgər biz yumşaq mövqe nümayiş etdirsək, jurnalistlərin, ziyalıların gediş-gəlişinə razılıq versək, telekörpülərlə bağlı anlaşmaya getsək, ermənilər belə düşünəcək ki, bunların dedikləri sadəcə olaraq qorxutmaq üçün bəhanələr idi, heç bir gücləri, savaş istəkləri yoxdur. Biz bütün mənalarda, ciddi şəkildə həm diplomatik sahədə təpki göstərməliyik, həm də hərbi sahədə addımlar atmalıyıq. Mən elə düşünürəm ki, bu gün ən münbit şərait yaranıb. Həm Rusiya ilə Azərbaycan arasında indiki şərtlər onu deyir ki, biz indikindən yaxşı şərait əldə edə bilmərik. Türkiyə-Rusiya münasibətləri elədir ki, biz bundan da istifadə etməliyik. Rusiyanın daxilində, xüsusilə də cənubunda baş verənlər və onun özünün separatizmə qarşı mübarizə aparması fonunda bizim davranışımız mühümdür. Həmçinin İrana qarşı sanksiyaların tətbiq olması və cənub qonşumuzun susqun olması faktdır. Yəni bütün şərtlər xeyrimizə işləyir”.

F.Quliyev qeyd etdi ki, biz indi yumşaq mövqe tutsaq, bu vaxta qədər diplomatik sahədə qazandığımız bütün uğurlara kölgə salmış olacağıq: “Hesab edirəm ki, sərt mövqe nümayiş etdirmək lazımdır”. Deputat parlament sədrinin müharibə çağırışlarına qarşı çıxmasına da toxundu:

“Yumşaq mövqe onunla izah olunur ki, biz hazırkı danışıqlar zamanı hərbi ritorikadan istifadə etməyək, bu, danışıqlara xələl gətirər. Amma biz belə danışıqları illərdir aparırıq. Hətta vaxtilə Ermənistan parlamentində müzakirə olunan 3 məsələ Madrid prinsiplərinə salınmışdı: Xankəndinin birbaşa Bakıya tabe olmaması, dəhlizin olması və təhlükəsizliyə təminat məsələsi. Bəzi addımlar atmağa razılıq vermişdilər.

Amma biz get-gəl etməklə, yumşaq mövqe nümayiş etdirməklə o vəziyyəti yaratdıq ki, ermənilər artıq işğal olunmuş ərazilər haqqında danışmağa, ərazilərdən çıxmamaqla bağlı bəyanatlar verməyə başladılar. Bu gün də real addımlar atırlar, məskunlaşma işləri görürlər və s. Ona görə də Azərbaycan tərəfi, həm müxalifət, həm iqtidar səviyyəsində çəkinmədən bu məsələdə dişli siyasət yürütməlidir”. Deputat qeyd etdi ki, humanitar davranış adı altında “xalq diplomatiyası”ndan imtina olunmalıdır: “Ermənilərə işğal olunmuş ərazilərimizdən çıxamaqla bağlı vaxt verilməlidir. Həmçinin hərbi əməliyyatların başlanmasının anonsunu vermək lazımdır. Əgər o zaman ərzində bir ölçü götürülməzsə, BMT özü müəyyən addımlar atmazsa, onda işlər görmək lazımdır. Mən dəfələrlə BMT ilə bağlı məsələlər qaldırmışdım, amma siz təsəvvür edin, elə vəziyyət yarandı ki, ermənilər BMT-nin rəsmi saytında Dağlıq Qarabağla bağlı sənədlər yerləşdiməyə qədə irəli gediblər. Düzdür, Azərbaycan XİN bununla bağlı fərqli açıqlama yayıb. Amma istənilən halda, o hesabat BMT-nin rəsmi saytına qoyulmamalı idi. Ona görə də heç kimdən heç nə gözləmədən bütün beynəlxalq konvensiyalara, Azərbaycanın əlində olan sənədlərə, qəbul olunmuş qətnamələrə və Konstitusuyaya uyğun olaraq qısa zaman verməli və “hərbi əməliyyatlara başlayacağıq” tezisini ortaya qoymaq lazımdır”.

Deputat danışıqlarda heç bir müsbət yeniliyin olmadığını da vurğuladı: “Yalnız ona nail olunub ki, “xalq diplomatiyası” ilə tərəflər sülhə hazırlansın. Əgər deyilsəydi ki, Ermənistan işğal olunmuş ərazilərdən çıxmağa hazırlaşır, o halda bəlkə də hərbi ritorikadan imtina etmək olardı. Məndə olan məlumata görə, danışıqlarda belə ciddi detallar müzakirə olunmayıb”.

Cavid TURAN,
Musavat.com