Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Elmar Məmmədyarovun 15 ili - iki rəy

Elmar Məmmədyarovun 15 ili - iki rəy
Fərəc Quliyev: “XİN-in fəaliyyətindən razı deyiləm”;

Qabil Hüseynli: “Onun professionallığı, fəaliyyəti ilə bağlı nöqsan və tənqid söyləməkdə çətinlik çəkirəm”

Bu ilin aprelində Elmar Məmmədyarovun Azərbaycanın xarici işlər naziri postuna təyinatının 15 ili tam oldu. Özündən əvvəlki 5 XİN rəhbərinin toplamda vəzifədə olduqlarından daha çox nazir işləyən E.Məmmədyarovun fəaliyyətinə fərqli münasibətlər var.

Öncəliklə Məmmədyarovdan əvvəlki 5 naziri oxuculara təqdim edirik.

İlk xarici işlər nazirimiz Hüseynağa Sadıqov olub. O, 1991-ci il oktyabrın 18-dən növbəti il mayın 29-na qədər bu postda olub. Onu hazırda İsveçdə mühacir həyatı yaşayan Tofiq Qasımov əvəzləyib. O, 1993-cü il 26 iyunda bu vəzifə ilə vidalaşıb. Onun yerinə Həsən Həsənov gəlib. O da 5 il nazir işləyib. H.Həsənovun xələfi Tofiq Zülfüqarovdur. O, 1999-cu ilin oktyabrına qədər bu vəzifədə təmsil olunub. Onu isə Vilayət Quliyev əvəz edib.

Heç şübhəsiz ki, bu nazirlər içərisində əsas diqqət E.Məmmədyarov üzərində cəmlənir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev XİN-in fəaliyyətindən razı deyil: “Xarici işlər nazirlərinin manevr imkanları, bacarıqları, jestləri siyasətdə çox mühümdür. Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Xarici İşlər Nazirliyinin uğurundan danışmaq düzgün olmazdı. Hər halda, son illərdə, xüsusilə 2016-cı ilin aprel savaşından sonra Azərbaycan siyasətində fərqli davranışlar müşahidə olunmağa başlandı, ermənilər masada sıxışdırıldı. Müharibə aparan, yaxud müharibə vəziyyətində olan ölkədə hərbi siyasətlə xarici siyasət əslində paralel aparılmalıdır. Bunlar bir-birini tamamlamalıdır. Elmar Məmmədyarovla bağlı, açığı, yadımda yaxşı mənada qalan nəsə yoxdur. Sadəcə, son vaxtlar verdiyi bir bəyanat ki, ”siz mənimlə danışmasanız, o zaman Zakir Həsənovla danışmalı olacaqsınız", bu, müsbət bəyanat idi. XİN bir az dişsiz siyasət yürüdür. Dişli siyasət yürütmək lazımdır. Ermənilər BMT saytında Dağlıq Qarabağ məsələsi ilə bağlı məlumat yerləşdirmişdilər. XİN izah verməyə, bəraət almağa çalışdı ki, bunun çox ciddi əhəmiyyəti yoxdur. Amma hər halda, məlumat o sayta yerləşdirilmişdi. BMT ilə əlaqələr yaxşı qurulmayıb. Dəfələrlə təklif etmişəm ki, danışıqları BMT ilə aparmaq lazımdır. BMT 4 qətnamə qəbul edib və hamı elə düşünür ki, orada hər kəsin diqqəti Azərbaycandadır. Qətnamə qəbul etməklə iş bitmiş sayılmır. BMT-də minlərlə otaq, on minlərlə işçi var.

Bəlkə heç o sənədin tozunu silən də yoxdur. Məsələni qaldırıb, gündəmdə saxlamaq lazımdır. Bu işlə məşğul olan şəxsləri ölkəmizə gətirmək vacibdir. Mütəmadi olaraq BMT, Avropa Birliyi kimi beynəlxalq qurumların poçtlarını elektron məktublarla bombalamaq lazımdır. Bir də görürsən ki, 3-4 nəfər Avropa Parlamentində Azərbaycanla bağlı qərar qəbul edir. Biz isə dərhal əndişə keçirməyə başlayırıq. Bu məsələlərdə çox kasad bir davranış vardır. Ermənilər hakimiyyət dəyişən kimi yeni bir modellə çıxış etməyə başlayırlar. Hər şeyə sıfırdan start verirlər. Biz hər zaman şahmat termini ilə desək, qaralarla oynayırıq. Artıq ağlarla oynamaq zamanıdır. Ermənilər muxtariyyətdən danışanda biz Qərbi Azərbaycandan qovulan insanlarımızın statusları haqqında danışmalıyıq. Biz 1918-ci ilə İrəvanın verildiyi şərtləri gündəmə gətirməliyik. Şərtlərdən biri o idi ki, Azərbaycan türklərinə qarşı burada sıxışdırma olarsa, müqavilə qüvvədən düşmüş sayılacaq. Biz ən çox bu məsələnin üzərinə getməliyik. Bu və ya digər məsələlər XİN-in üzərinə düşən məsələlərdir. Açığı, XİN-in fəaliyyətindən razı deyiləm. Hesab edirəm ki, ölkədə xarici siyasətimizin irəliləyişi birbaşa prezidentin şəxsi fəaliyyətinə bağlı olan məsələ olub. Prezident koordinatordır, yönəldir. Zəhmət çəkib, hər struktur öz işini görməlidir. Ona görə də sadaladığım və xeyli sayda sadalamadığım məsələlər ərsəyə gəlməyincə, ortaya çıxmayınca, bu və ya digər nazirliklərdən razılıq edə bilmərəm".


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli indiyə qədər nazir olan iki şəxsə üstünlük verir: “Mən vəzifədə olarkən sona qədər Həsən Həsənovla birgə çalışmışam. O, mənim xatirimdə xarici işlər naziri kimi mükəmməl, intellektual, çox böyük iş enerjisi olan bir şəxs kimi qalıb. Rəhmətlik Heydər Əliyevlə onun tandemi çox gözəl alınırdı. Xarici səfərlərdə də bir yerdə olmuşuq. O səfərlər zamanı danışıqlar prosesində Həsən Həsənovun xeyli fəal olduğunun şahidi olmuşam. Elmar Məmmədyarova gəlincə, o, cənab prezident İlham Əliyevlə birlikdə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu qurtarıb. Onunla bir yerdə çalışmamışam. Sadəcə, müşahidə etmişəm. İş professionallığı baxımından müəyyən üstün keyfiyyətlərə malikdir ki, onu XİN rəhbəri təyin ediblər. Onun ən çox bir qüsuru var ki, Azərbaycan dilində çox bərbad danışır. Üstəlik, nazir olduğu son 15 ildə dilimizi tam şəkildə öyrənə bilmədi. Amma hər halda, onun professionallığı, fəaliyyəti ilə bağlı nöqsan və tənqid söyləməkdə çətinlik çəkirəm. Sözsüz ki, Həsən Həsənovla müqayisədə bu şəxsə daha çox üstünlük verirəm. Elmar Məmmədyarovun əvəzlədiyi Vilayət Quliyevi filoloq kimi tanıyıram. Xarici siyasət məsələlərində onun kifayət qədər yetkin bir şəxs olduğu qənaətində deyiləm. Xarici siyasət məsələlərinə rəhbərlikdə ciddi bir uğur qazana bilmədi. Amma Tofiq Zülfüqarov daha peşəkar diplomat hesab oluna bilər. Çox yüksək intellektual səviyyəsi var, prosesləri çox gözəl bilir. Zənnimcə, nazir işlərkən bu sahədə çox təcrübəli və kifayət qədər zəngin iş təcrübəsinə malik olan insan təsiri bağışladı. Ona görə də Azərbaycanın XİN rəhbərləri içərisində ən yaddaqalan Həsən Həsənov və Tofiq Zülfüqarovdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”