Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Radikal müxalifətin mitinq “dalay-dalay”lığı

Radikal müxalifətin mitinq “dalay-dalay”lığı
Partiya sədrlərinin fikrincə, islahatların aparıldığı bir vaxtda radikallar nə ilə məşğul olacaqlarını bilmirlər

Ölkədə mövcud olan radikal müxalifət düşərgəsi demək olar ki, hər ay mitinq keçirmək üçün Başı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edir. Son olaraq, Milli Şura adlı qurum mayın 5-də mitinq keçirmək üçün BŞİH-ə müraciət edib və yəqin ki, keçirdikləri son aksiya zamanı ictimai asayişi pozmaları və bunun məsuliyyətini üzərilərinə götürmədikləri səbəbindən mitinqə icazə verilməyib. Əgər icazə verilsəydi, radikal müxalifət düşərgəsi mitinqdə hansı problemi qabardacaq, tələbi səsləndirəcəkdi? Çünki faktiki olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə müxtəlif sahələrdə ardıcıl şəkildə islahatlar həyata keçirilir. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında sazişin yaxın vaxtlarda imzalanacağı gözlənildiyi bir ərəfədə, hansı məqsədlə və məntiqlə radikal müxalifət düşərgəsi mitinq qərarı verir? İndiyədək cəmiyyətə yalan satan "lider”lər niyə cəmiyyətdən gələn sosial sifarişlərin həllini tapdığını etiraf etmək istəmirlər? Ölkədə köklü islahatlar aparılarkən mitinq keçirmək istəyi "aşığın sözü qurtaranda dalay-dalay” deyər məsəlini yada salır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, mitinq keçirmək niyyətində olan dağıdıcı müxalifət əslində nə istədiyini bəyan etməlidir: "Hər kəsə bəllidir ki, bu qurum xaricdə hazırlanıb və Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Məhz bunlar bəlli olduğu halda, belə bir qurumun nəinki mitinq keçirməsinə, ümumiyyətlə fəaliyyətinə icazə vermək lazım deyil. Onu da qeyd edim ki, bunların elə bir sosial bazası yoxdur. İndiki halda əmindirlər ki, icazə verilməyəcək, ona görə də, mitinq keçirmək istəyirlər. Əgər bilsələr ki, bunlara icazə veriləcək, onda mitinq tələbi ilə çıxış etməzlər. Çünki bilirlər ki, heç kim mitinq keçirilən meydana gəlməyəcək”. F.Quliyev əlavə etdi ki, hazırda Azərbaycan müharibə şəraitindədir. Mitinq istəyini bəyan edənlərin isə bu yöndə heç bir təklifləri, köməkləri, dəstəkləri yoxdur, baş verən hadisələri ancaq qara görmək istəyirlər: "Onların məsələlərə bu cür yanaşması yeni bir hal deyil. İndiyə qədər hansısa təkliflə çıxış etdiklərini görübsünüz, ya da bir kitab, məqalə yazıb ortaya qoyublar, təklilər paketi hazırlayıblar? Yalnız və yalnız qan düşmənçiliyi etməklə məşğuldurlar. Bunlara əhəmiyyət vermək lazım deyil. Hesab edirəm ki, indiki halda mitinqlərə heç bir ehtiyac yoxdur və normal şəkildə ortaya qoyulacaq hansısa tələb mövcud deyil. Bu gün onların ağlına gəlməyən məsələlər var idi ki, bu cəmiyyət tərəfindən gələn sosial sifariş idi. Onlar islahatlar paketi kimi həyata keçirilir. Bu dağıdıcı qüvvənin bəhanəsi qurtarandan sonra əvvəl korrupsioner, sonra isə siyasi məhbus adlandırdıqları adamların buraxılmasını istədilər. Artıq onlar da azadlıqdadır. Mənə elə gəlir ki, bunların nazı ilə çox oynamaq olmaz. Məhz başqa yerlərdə hazırlanan belə qurumların ölkədə fəaliyyət göstərməsinə imkan vermək lazım deyil. Söz azadlığı adı altında anarxist fəaliyyətlə məşğul olan bölücü və başqa dövlətlərə dəstəkçi olan qüvvələrə qətiyyən meydan vermək olmaz”.

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, kütləvi aksiyaların keçirilməsi Azərbaycan vətəndaşlarına istər konstitusiya, istərsə də digər qanunlarla verilən hüquqdur: "Yeri gəlmişkən, biz çağdaş tariximizə nəzər salsaq, görərik ki, bu hüquqdan yararlananlar da ən çox radikal müxalifət düşərgəsində olan siyasi partiyalardır. İndiyədək ən çox onlar mitinqlər, piketlər keçiriblər və bu gün də davam etdirirlər. Amma çox təəssüflər olsun ki, bu gün xarici mətbuata, beynəlxalq təşkilatlara yalandan "danos”lar yazan və guya onların bu hüququnun məhdudlaşdırıldığını deyənlər də elə bu radikal müxalifətdir. Həqiqətən də paradoksal bir hal yaranıb. Onlar başlarını quma soxub, ətrafı görməyən strausa bənzəyirlər. Elə bilirlər ki, yalan "danos”larla Azərbaycanın imicinə zərbə vuracaqlar. Əslində isə belə deyil. Azərbaycanla Avropa İttifaqı arasında sazişi Avropa qurumlarının rəhbərləri ona görə imzalayır ki, bizim ölkəmizə etimad edir və inandıqları tərəfdaş kimi davranırlar. Bu inamı formalaşdıran faktorlardan biri məhz Azərbaycanda insan haqlarının və digər əsas azadlıqların qorunması ilə bağlı məsələdir. Əgər belə olmasaydı, Avropa Azərbaycanla əməkdaşlığa can atmazdı. Çünki Avropa təsisatları Azərbaycana həm siyasi, həm iqtisadi baxımdan bir tərəfdaş kimi baxır. Belə olan halda, müxalifət sadəcə, nə ilə məşğul olacağını bilmir”. M.Səfərli vurğuladı ki, Prezident İlham Əliyev Azərbaycan xalqını narahat edən məsələləri ardıcıl olaraq həll edir: "Bu gün həqiqətən Azərbaycan inkişaf yolundadır. Belə olan halda, radikal müxalifət sadəcə olaraq, özünü gülünc vəziyyətə qoyur. Axı tələb edəcəyi nə var? Bununla nə əldə etmək istəyirlər? Belə görünür ki, radikal müxalifət gündəmdə qalmaq və Azərbaycanı sevməyən bəzi təşkilatlar, siyasi dairələrin arzularını yerinə yetirmək üçün belə qeyri-konstruktiv addımlar atırlar. Bunlar əksər hallarda da icazəsiz tədbirlərin keçirilməsinə meyl göstərirlər və bununla da belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya Azərbaycanda onların hüquqları pozulur. Lakin radikal müxalifət bir şeyi unudur ki, Avropanın, ABŞ-ın və digər demokratik ölkələrin Azərbaycanda səfirliyi var və onlar baş verən prosesləri yaxından izləyirlər. Ona görə də, bu gün radikal müxalifətin belə hay-həşirinə ehtiyac yoxdur və onlar bu addımları ilə özlərini bir daha biabır etmiş olurlar. Azərbaycan hüquqi dövlətdir və bu yolla da irəliləyir. Kimin nə deməsində asılı olmayaraq, bu yol bizim üçün əsasdır və ölkəmizi tərəqqiyə, inkişafa aparır və Azərbaycan Prezidenti də bunun qarantıdır”.

BƏXTİYAR