Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Alışanov dövrünün AzTV-si: İndi nələr dəyişib? – MÜQAYİSƏ

Alışanov dövrünün AzTV-si: İndi nələr dəyişib? – MÜQAYİSƏ
Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir neçə ay əvvəl həyata keçirilmiş sədr dəyişikliyindən sonra adıçəkilən telekanlda müşahidə olunan pozitiv yeniliklər müsbət qiymətləndirilir. R. Məmmədovun kadr islahatları, proqramların istər dekor, istər digər baxımdan müasirliyə cavab verməsi burada inkişafın olduğundan xəbər verir. Əvvəllər dövlət televiziyasını yalnız rəsmi gündəmlə tanışlıq məqsədilə izləyənlər artıq bu gün AzTV-də günün tələbləri ilə səsləşən, dövlətin və cəmiyyətin maraqlarını ehtiva edən, real müzakirələrin aparıldığı tok-şouların, milli-mənəvi dəyərləri ilə bağlı verilişlərin hazırlandığını görürlər. Halbuki keçmiş sədrin dövründə AzTV sözün əsl mənasında hərtərəfli inkişaf baxımından ağsayır, heç bir irəliləyiş olmadığı üçün acınacaqlı hal almışdı.

Yuxarıda qeyd etdiyimiz məqamlarla bağlı Sonxeber.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov fikirlərini bölüşüb.
Təvəkkül Dadaşov hazırda AzTV-də müəyyən yaradıcı yeniliklər müşahidə olunduğunu vurğuladı:

"Bu yeniliklər verilişlərin keyfiyyətininin daha da artırılmasına, yeni yaradıcılıq nümunələrinin ərsəyə gəlməsinə, müzakirə proqramlarında mövzuların seçilməsində operativlik və dinamikliyin təmin edilməsinə xidmət edir. Digər tərəfdən, kanalda yaradıcı yeniliklərlə yanaşı, həm gəncliyin enerjisindən, həm də yaşlı və orta nəslin təcrübəsindən bəhrələnmək kimi yaxşı bir nümunə ortaya qoyulur. Dövlət kanalında yaradıcı yeniliklərin ortaya çıxması ümumilikdə müsbət qarşılanır. Bunun davamlı olması məqsədəuyğun olardı. Xüsusilə də qanunvericiliyin bir sıra tələblərinə kanalda riayət edilməsi gözləntilərdəndir. Məsələn, teleradio yayımı haqqında qanunvericiliyə görə, AzTV insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Lakin çox təəssüf ki, hazırda bu tələbə kanal tərəfindən tam şəkildə riayət edilmir. Bundan başqa, teleradio yayımı haqqında qanunvericiliyə görə, karlar və zəif eşidənlər üçün tədris və yaxud da informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır. Təəssüf ki, AzTV-nin efirində bu cür sosial yayımlara da rast gəlinmir. Ümid etmək olar ki, bu problemlər qısa müddətdə aradan qaldırılacaq".

Millət vəkili Fərəc Quliyev Alışanov dövrünün AzTV-si ilə yeni sədr R. Məmmədovun rəhbərlik etdiyi kanalı müqayisə edərək, AzTV-də köklü dəyişiklərin olduğunu bildiridi:

"AzTV bugünkü gündə artıq əsl televiziya kanalı olaraq daha da baxımlıdır. Əvvəl daha çox keçmişin materialları yayımlanırdı. Kanalda artıq operativlik təmin edilib. Üstəlik, bu gün ciddi məsələləri ortaya qoymaq iqtidarındadır. Dövlətçiliklə bağlı məsələlərdə ciddi təbliğat işini qurmağa başlayıb. Parlamentdən yalnız birbaşa translyasiya deyil, eyni zamanda münasibət bildirə bilir. Quruluş baxımından yaxşı mənada yeniliklər var. Mahiyyətcə gündəlik məsələlərə yanaşmada modern sistemə keçirilib. Buna görə yeni rəhbərliyi təbrik edirəm".

Azər NƏSİBOV