Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Radikal antimillilər yumşalır, Temirxan təklənir, Prezident Əliyevə dəstək aksiyaları genişlənir - Avropada nə baş verir...

Radikal antimillilər yumşalır, Temirxan təklənir, Prezident Əliyevə dəstək aksiyaları genişlənir - Avropada nə baş verir...
“Artıq sübut olunur ki, Azərbaycan diasporu ilə Azərbaycan dövləti arasında qarşılıqlı himayə mexanizmi mövcuddur”

Son vaxtlar Avropada maraqlı proseslərin baş verdiyinin şahidi oluruq. Azərbaycan hakimiyyətinə qarşı çox radikal mövqeyi ilə tanınan və xaricdə mühacir kimi yaşayan şəxslərin İlham Əliyevə açıq dəstək ifadə etdiyini görürük. Bu günlərdə “Meydan TV” kimi radikal bir layihənin qurucusu Emin Milli sosial şəbəkələr vasitəsilə İlham Əliyevdən açıq üzr istədi. Bunu da belə əsaslandırdı ki, indiyə qədər qərəzli, kinli olub. Buna bənzər mövqeyi digər mühacir jurnalist Elnur Məcidli də sərgilədi.

Hiss olunur ki, artıq Avropa ölkələrinə sığınan mühacirlər bəzi oyunlardan tam xəbərdar olublar. Buna görə də nicatı öz dövlətlərində axtarmağa başlayıblar. Biz, eyni zamanda, görürük ki, bir vaxtlar özünü virtual “qəhrəmana” çevirən Orduxan Temirxanın videolarına baxanların sayı kəskin şəkildə aşağı düşüb. Onun ətrafında əvvəlki qələbəlik yoxdur. Çağırdığı aksiyalarda özündən başqa kimsə gözə dəymir. Eyni zamanda, əvvəllər İlham Əliyevin səfərləri zamanı hansısa etiraz aksiyalarının keçirilməsinə uğursuz cəhdlər olurdusa, bu da yoxa çıxıb, əvəzində isə Avropada İlham Əliyevə dəstək aksiyaları keçirilir. Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib. Aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyəti olub. Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində belə bir aksiyanın keçirilməsində məqsəd bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində kök salan ikili standartlara etiraz etmək, ölkəmizin demokratik prinsiplərə hərtərəfli yiyələndiyini bir daha diqqətə çatdırmaq olub.

Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz”, “Cənab Prezident, Sizi salamlayırıq” və s. kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. Onlar azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildiriblər.

Diaspor təşkilatlarının rəhbərləri və üzvlərinin çıxışlarında Azərbaycanın hər zaman ümumbəşəri dəyərlərə hörmətlə yanaşdığı, Avropa ölkələri ilə Azərbaycanın dostluq münasibətlərinin daim inkişaf edən xətlə getdiyi, gündən-günə daha da dərinləşdiyi diqqətə çatdırılıb, bütün bunlar ölkəmizin böyük uğuru kimi qiymətləndirilib.

Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər.

Aksiya Brüsselin məşhur Şuman meydanı yaxınlığında keçirilib.

Avropadakı soydaşlarımızın Azərbaycan dövləti, onun Prezidentinə bəslədiyi münasibət, hətta radikalların mövqeyindəki dönüş nəyin əlaməti sayıla bilər?

Fərəc Quliyev: “Bu mexanizmin işə düşməsi o deməkdir ki...”

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, atılan addımları təqdir etmək lazımdır:
“Hətta vaxtilə radikal müxalif mövqedə olan adamların bu gün Prezidentdən üzr istəməsində qəbahət nəsə görmürəm. Eyni sözü Prezidentin mövqeyini müdafiə ilə bağlı seçənlərlə də bağlı deyə bilərəm. İnsan kamil olmalıdır. Yaxşıya yaxşı, pisə isə pis deməyi bacarmalıdır. O insanlar Azərbaycanın maraqlarına uyğun olan siyasəti müdafiə etmək yolunu tutursa, demək ki, həmin adamlar vətənpərvərdir. Heç də mövqeləri fərdlərə qarşı olan qan düşmənçiliyi deyil. Vay o adamların halına ki, qaranı da ağı da bir rəngdə görürlər. Müxalif mövqeləri də problemlərə yox, şəxslərə qarşıdır. Bu cür adamlar çox təhlükəlidirlər. İkinci bir məsələ isə Avropadakı diaspor nümayəndələrimizin fəallığı və hakimiyyəti dəstəkləməsilə bağlıdır. Oradakı diaspor nümayəndələrimizin Prezidentə, onun Avropa ilə yenilənən siyasətinə dəstək verməsi o anlama gəlir ki, aralarında bir-iki mənfi elementin olmasına baxmayaraq, diasporumuz sağlamdır. Artıq sübut olunur ki, Azərbaycan diasporu ilə Azərbaycan dövləti arasında qarşılıqlı himayə mexanizmi mövcuddur. Necə ki, Azərbaycan dövləti diasporumuza təmənnasız dəstək verir, eyni zamanda, onlar da bu dəstəyi öz dövlətlərinə verirlər. Bu mexanizmin işə düşməsi o deməkdir ki, heç kim Azərbaycan dövləti ilə onun diasporu arasındakı qarşılıqlı himayə mexanizmini pozub bizim gücümüzü bölə bilməz. Bu cür örnəklər cəmiyyətə yaxşı nümunə kimi sirayət edəcək”.

Məhəmmədəli QƏRİBLİ