Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Milli Məclisin yaz sessiyası başa çatsa da, növbədənkənar sessiya çağırıldı

Milli Məclisin yaz sessiyası başa çatsa da, növbədənkənar sessiya çağırıldı
Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirildi. Spiker Oqtay Əsədov bildirdi ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunacaq.

Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış etdi. Komitə sədri Azərbaycanın iqtisadi uğurlarından danışdı: “Bu gün artıq yeni yaradılan müəssisələrin dinamikasında müsbət meyllər var”.

Komitə sədri fəaliyyətini dayandıran müəssisələrlə bağlı həssas yanaşmaya ehtiyac olduğunu bildirdi: “Müvafiq qurumlar monitorinq aparsınlar ki, müəssisələrin bağlanmasının səbəbi nədir? Biz müvafiq araşdırmalardan sonra tədbirlər görməklə bağlanan müəssisələri minimuma endirə bilərik. Çünki hər bir fəaliyyətini dayandıran müəssisənin arxasında kollektiv durur”.

“Azərbaycan bu gün dünyada dinamik inkişaf edən ölkə kimi tanınır, mühüm qlobal layihələr həyata keçirir” deyən Z.Səmədzadə bildirdi ki, ötən il əhalinin adambaşına düşən gəlirləri artıb, inflyasiya təkrəqməli olub, manatın məzənnəsi sabit qalıb: “2018-ci ildə xarici ticarət dövriyyəmiz 30,9% artaraq, 31,8 milyard dollar təşkil edib. 20,3 milyard manat tədiyyə balansında müsbət saldo yaranıb. Burada qeyri-neft əmtəə ixracının 9,8% artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb. Dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib”.

Komitə sədri Azərbaycanın dövlət büdcəsinin icrası ilə bağlı müsbət fikirlər söyləyərək həmkarlarını qanun layihəsini təsdiqləməyə çağırdı.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabatını təqdim edəndən sonra büdcənin icrası ilə bağlı müzakirələr başladı.

Lakin iclasda büdcə qədər əhəmiyyətli məsələyə də geniş yer ayrıldı. Belə ki, Azərbaycan ordusunun tabor komandiri, mayor Aqil Ömərovun təmas xəttində şəhid olması barədə danışıldı, çağırışlar edildi.

Spiker Oqtay Əsədov dedi ki, məsələ diqqət mərkəzindədir: “XİN Minsk Qrupuna etirazını bildirib. Parlamentdə bizim beynəlxalq əlaqələrlə məşğul olan üzvlərimizə tapşırıq verilib ki, bu məsələni yüksək səviyyədə qaldırsınlar”.


Deputat Fərəc Quliyev Ermənistanın işğalına qarşı vətəndaşlardan ibarət hərbi qüvvələrin yaradılmasını təklif etdi. O dedi ki, Azərbaycanın kifayət qədər güclü ordusu var və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma işğal altındakı əraziləri yaxşı tanıyan insanlarımızdan ibarət qüvvələrin formalaşdırılması əlavə imkanlar yaradardı: “Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycan ordusu ilə yanaşı əlavə mobil qüvvələrdən də istifadə etmək olar”.

F.Quliyev bildirdi ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində müəssisələr, obyektlər tikirlər. Bunun qarşısının alınması yolları var. O, bu məqsədlə büdcədən əlavə vəsait ayrılmasını təklif etdi: “Həmin mobil qüvvələr üçün məcburi köçkünlərdən istifadə etmək daha məqsədəuyğundur. Çünki onlar həmin əraziləri daha yaxşı tanıyırlar. Əlbəttə ki, biz ordumuza inanırıq. Ancaq Türkiyə və digər dövlətlərin təcrübəsində də bundan istifadə edilir. Hesab edirəm ki, Azərbaycan da bundan istifadə etməlidir. Bunun üçün vəsait ayrılmalıldır”.

Ermənilərin Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı prosesləri həyata keçirdiyini, Kəlbəcərdə daş emalı zavodu yaratdığını deyən F.Quliyev torpaqların azad olunması istiqamətində görülən işlərlə bağlı əlavə vəsait ayrılmasını zəruri saydı.