Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Erməniləri belə davranışlara sövq edən cəzasızlıq mühitidir” - Fərəc Quliyev

“Erməniləri belə davranışlara sövq edən cəzasızlıq mühitidir” - Fərəc Quliyev
İyunun 2-də ermənilər beynəlxalq qanunlara zidd olan növbəti addım atıblar. Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Bako Saakyan Azərbaycanın 27 ildir işğal altında qalan Kəlbəcər rayonu ərazisində istirahət zonasının açılış mərasimində iştirak edib.

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. “Ari Rezort” adlı kurort zonası Kəlbəcərin “Nor Qetaşen”(“Yeni Çaykənd”) adlandırılmış kəndlərindən birində təşkil edilib. B.Saakyan açılış mərasimindəki çıxışında bu kompleksin rejim ərazisində turizmin inkişafı üçün böyük stimul yaratdığını vurğulayıb.

Düşmənlərimizin işğal etdikləri ərazilərimizdən Şuşa, Laçın və Kəlbəcərdə istirahət zonalarına və bu tipli tikililərə daha çox önəm verdiklərinin zaman-zaman şahidi oluruq. Yaşayış məskənlərinin salınmasında da bu üç ərazimizə daha çox diqqət ayırdıqlarını deyə bilərik. Əvəzində isə digər işğal altında olan və dağıntılara məruz qoyduqları rayonlarımız demək olar ki, eyni vəziyyətdə qalıb. Bu da belə təəssürat yaradıb ki, ermənilər xülyalarla yaşayır və Şuşa, Laçın və Kəlbəcərin onlarda əbədi qalacağına ümid edirlər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, erməniləri belə davranışlara sövq edən cəzasızlıq mühitidir: “BMT-nin qətnamələri icra olunmur. Hərçənd ki, bu qətnamələrin icrası üçün mexanizmlər mövcuddur. Bunlar imkan verir ki, Ermənistana qarşı hərbi və qeyri-hərbi sanksiyalar tətbiq olunsun. Elə təzadlar var ki, hər zaman bildirirəm. Liviya ilə bağlı qərar verdilər və üç saatdan sonra icra etdilər. Amma 25 ildən çoxdur ki, BMT qətnamələri icra olunmur. Beynəlxalq subyektlər tərəfindən beynəlxalq hüququn işləməməsi, cəzasızlıq mühitinin olması burada əsas rol oynayır. Azərbaycan tərəfin taktikasının dəyişməsi artıq zəruridir. Biz bir çox məsələlərin həlli üçün kifayət qədər imkanlar yaratdıq. 2016-cı ilin aprel müharibəsində Rusiya bizə mane oldu və münaqişənin həll olunacağını bildirdilər. Amma heç bir tədbir görülmədi, əksinə ermənilərə fasilə verildi. Düşünürəm ki, konstitusiyamıza, beynəlxalq konvensiyalara, BMT-nin 4 qətnaməsinə istinad edərək, fərqli bir davranış ortaya qoymalıyıq. Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin son görüşü barədə mövqe bildirmişdim ki, bunlar bir “Xalq diplomatiyası” adı altında, xalqları inandırmaq kimi səylər göstərəcəklərsə, bu bizim mövqeləri zəiflədəcəkdir. 2016-cı ilin aprel savaşından sonra bizim mövqelər xeyli güclənmişdi və ermənilər geri çəkilməkdə artıq israrlı idilər. Amma bizim yumşaq mövqeyimizi görəndə nə olacaq? Demişdim ki, jurnalistlərimiz gedib orada nə görəcəklər? Görəcəklər ki, Qubadlı ərazisində yüz minlik şəhər salmaq istəyirlər, Kəlbəcərdə daş mədəni açmaq niyyətləri var, istirahət yerləri düzəltmək istəyirlər. İndi onların jurnalisti gəlib deyəcək ki, biz onlarla dostluq etmək istəyirik? Bu əhval-ruhiyyədən sonra ermənilər geri çəkilərlər? Məncə yox. Onu da bildirmişəm ki, ermənilər hərbi təlimlər keçmək üçün Ağdamda kamp düzəldiblər. Təsəvvür edin ki, işğal olunmuş ərazilərimizdə təlim keçirlər. Biz təlim keçəndə dəqiq hədəf vuruşları ilə işğal edilmiş ərazimizdə istədiyimiz yeri vura bilərik. Dəfələrlə parlamentdə bildirmişəm ki, ermənilər özlərini ərazilərimizdə rahat hiss etməli deyillər. Bako Saakyan və digərləri əllərini sallaya-sallaya ərazilərimizə gələrək, istirahət zonalarının açılışlarında iştirak edəcəklərsə, yaxud ora müxtəlif səbəblərdən gələcəklərsə, bu millətimizin aşağılanmasıdır. Onların strategiyası aydın məsələdir. Danışıqlarla, dinc yolla bu məsələ həll olunası deyil. Sülhə çatmaq üçün kapitulyasiya aktına onları imza qoydurmağa məcbur etmək lazımdır. Onlar həyasızcasına bildirirlər ki, Azərbaycanın digər ərazilərini da işğal edəcəyik. Bütün bunlardan sonra nəyə görə sakit durmalıyıq? Bu baxımdan taktikanın dəyişdirilməsi vacibdir”.

Deputat ermənilərin niyyətlərinin daha çox ərazilərimizdə məskunlaşma aparmaq olduğunu da qeyd etdi: “Məskunlaşandan sonra düşünürlər ki, Azərbaycan tərəfi dinc əhaliyə qarşı əməliyyat keçirməyəcək. Görürlər ki, biz tərəfdən bu istiqamətdə ciddi tədbirlər görülmür. Ona görə də bu proseslərə start veriblər və niyyətləri budur ki, gələcəkdə əməliyyatlar olanda göstərsinlər ki, Azərbaycan tərəfi dinc əhaliyə qarşı əməliyyatlar aparır. Vəziyyət get-gedə mürəkkəbləşir və çətinləşir. Bu baxımdan biz işğal altındakı ərazilərimizə gələn istənilən adamı məhv etməliyik. Azərbaycanın sərhəd olduğu ölkələr var. Sərhədi pozanlar dur əmrindən sonra davam edirlərsə, vurulurlar. Bunlar da bizim ərazilərimizdir. Tabe olmayacaqlarsa, vurmalıyıq. Onlar məskunlaşma işi aparandan sonra təbii ki, işimiz getdikcə çətinləşəcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”