Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Mühacir bazarının baş dəllalı kimdir? ANALITIK

Mühacir bazarının baş dəllalı kimdir? ANALITIK
Və ya müxalifət bu barədə nə düşünür?

Zaman-zaman AXCP sədri Əli Kərimlinin təsiri altında baş tutan “Milli Şura”nın mitinqlərinin bir sıra maraqlarla yanaşı, mühacir biznesinə də xidmət etdiyi kimsəyə sirr deyil. Məhz şəxsi mənfəətlərini artırmaqdan ötrü xarici ölkələrə köç etmək istəyənlərin arzularını reallaşdıracağını vəd edən Ə.Kərimli həmin insanlar qarşısında bir şərt qoyur – gəl mitinqə, şəkil çəkdir, polislə mübahisə et, təxribatçı hallara rəvac ver və…Şengen vizası cibindədir!

Əli Kərimli isə bu bazarın bazarkomu rolunda, daha dəqiq desək baş dəllalı çıxış edir...

Beləliklə, ilk nəzərə çarpan amil budur ki, uzağı 1000-1200 nəfərin yığışdığı və aksiyanın keçirildiyi məkanın dolmadığı bir yerdə istər Ə.Kərimlinin, istərsə də yan-yörəsindəki adamların hakimiyyətə qarşı etdikləri çıxışları arxasında dayanan əsas məsələ mühacir biznesində daha çox sifarişçi əldə edib, onlardan maddi gəlirlər əldə etməkdir. Yəni, “Milli Şura”nın mitinqləri siyasi deyil, bazar məqsədi güdür. Ə.Kərimli isə bu bazarın bazarkomu rolunda, daha dəqiq desək baş dəllalı çıxış edir və onu da qeyd etmək yerinə düşərdi ki, bu kimi faktları yalnız ictimai-siyasi hadisələri izləyərək, onları təhlil edən jurnalistlər deyil, elə müxalifət partiyalarına sədrlik edən şəxslər də deyirlər.

MDHP sədri Fərəc Quliyev: “Dəfələrlə göstərilib ki, konkret hansı partiya sədrləri nə qədər pulun müqabilində saxta üzvlük vəsiqələri düzəldir, saxta arayışlar verirlər…”

Misal üçün, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev sözügedən məsələ ilə bağlı mətbuata açıqlamasında deyib ki, əslində mühacir biznesi vasitəsilə maddi gəlir əldə edən radikal müxalifət partiyalarının sədrləri bir çox hallarda insanları aldatmaqla da məşğuldurlar. Daha doğruru, ortada dələduzluq faktları da var.

“Bir insan mitinqə gəlib şəkil çəkdirməklə xaricə gedə bilməz”-deyə qeyd edən MDHP sədri sözlərinə əlavə olaraq deyib ki, ora (hər hansı Qərb ölkəsinə-red.) gedənləri kamplarda yerləşdirəndə hansı təşkilata üzv olmaları barədə arayışlar və ya onların biletləri istənilir: “İndiyə qədər dəfələrlə mətbuatda göstərilib ki, konkret hansı partiya sədrləri nə qədər pulun müqabilində saxta üzvlük vəsiqələri düzəldir, saxta arayışlar verirlər…”.

Müxalifətçi deputata görə, məlum partiya sədrləri var ki, hansı işlərlə məşğul olduqları göz önündədir. O cümlədən, belə insanların getmələrinə saxta yollarla şəraitlər yaradan və özlərini müxalifətin “lideri” adlandıran kəslər bu işdə əsas günahkar hesab eidlməlidirlər: “Mitinqlər də məqsədli şəkildə keçirilir. Orada bir müddət iştirak edib, sonradan ölkəni tərk edib, xaricdə ölkəmiz əleyhinə fəaliyyət göstərənlər var. Onlar milli maraqlarını, dövlətini yaxşı bir həyata dəyişməkdə maraqlıdırlar”.

“Onları ifşa etmək mümkündürsə, buna laqeyd yanaşmaq doğru deyil”

“Azərbaycan mübarizə aparan bir ölkədir”deyən F.Quliyev fikirlərinə əlavə olaraq xatırladıb ki, Aprel Müharibəsi vaxtı kənardan çoxsaylı insanlarımız, hətta təhsillərini yarımçıq qoyub döyüşmək üçün gələnlər oldu. Bu baxımdan, ölkənin imicinə xaricdən zərbə vuranlar qədər onların gedişinə şərait yaradanlar günahkardır: “O şəraiti də partiya sədrləri saxta arayışlar verməklə yaradırlar. Bunu artıq sistem halına salıblar. Onları ifşa etmək mümkündürsə, buna laqeyd yanaşmaq doğru deyil. Belə olanda digərlərinin əl-ayaqları açılır. Hesab edirəm ki, Baş Prokurorluq da daxil olmaqla, hüquq-mühafizə orqanları bu məsələlərdə yarımçıq iş görməli deyillər. Belə şəxslər mütləq cəzalandırılmalıdır. Hətta xaricə gedib, özlərini erməni kimi təqdim etməkdən çəkinməyənlər də var. Belə faktlar da var. “Hansısa bir ölkə bizi qınayar” kimi məsələ ortaya qoymaq lazım deyil. Prinsipial mövqe nümayiş etdirmək lazımdır. Ölkənin maraqlarından üstünü yoxdur. Hüquq-mühafizə orqanlarının bundan sonra bu məsələlərin üstündə ciddi şəkildə durmağının tərəfdarıyam”.
Göründüyü kimi, MDHP sədri, deputat F.Quliyev ortada konkret ad çəkməsə də, fakt budur ki, mühacir biznesi ilə məşğul olan AXCP sədri Ə.Kərimli və sairləri bilavasitə cinayət əməlinə yol vermiş olurlar və bunun qarşısını almaq artıq bir zərurətə çevrilib.

“Ağ Partiya” sədri Tural Abbaslı: “Belə halların qarşısı alınmalı və insan taleləri ilə alver edən istər siyasi, istər ictimai xadimlər cəzalandırılmalıdır”

Onu da qeyd edək ki, ortada konkret cinayət halının olmasını yalnız MDHP sədri F.Quliyev deyil, eyni zamanda digər müxalifətçi partiya sədrləri də etiraf edirər. Misal üçün, sabiq müsavatçı funksioner, “Ağ partiya” sədri,Tural Abbaslı da belə düşünür ki, saxta yollarla mühacirətə gedənlərin əsas yardımçıları radikal düşərgənin “liderləridir”.

“Artıq heç kəsə sirr deyil ki, mühacirətə saxta yolla gedən bir çoxları getdikləri dövlətlərin aidiyyəti qurumlarına rəsmi sənədlər təqdim edirlər”-deyən T.Abbaslıya görə, adətən bu sənədlər saxta və pul qarşılığında əldə edilmiş sənədlər olur: “Belə halların qarşısı alınmalı və insan taleləri ilə alver edən istər siyasi, istər ictimai xadimlər cəzalandırılmalıdır”.
Nəticə olaraq isə belə qənaətə gəlmək olar ki, bu gün AXCP sədri Ə.Kərimli “Milli Şura”nın adı altında maddi maraqlarını sözügedən biznesini inkişaf etdirirsə, bu faktın özü hüquqi olaraq qiymətləndirilməldir. Əks halda, bu bazarın bazarkomu, yaxud baş dəllalı öz biznes şəbəkəsini daha da genişləndirib, böyük cinayətlərə əl ata bilər. Xüsusilə, Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu artıqca, Ə.Kərimlinin iştahası izafi şəkildə çoxalır. Ona görə də, mühacir bazarının bazarkomunun və baş dəllalının həmin iştahasını vaxtında kəsmək lazımdır…

Rövşən RƏSULOV