Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Hakimiyyət dəyişikliyi olacaqsa, o hakimiyyətdə mənim partiyam təmsil olunacaq”

Fərəc Quliyev: “Hakimiyyət dəyişikliyi olacaqsa, o hakimiyyətdə mənim partiyam təmsil olunacaq”
“Yeni Müsavat” son saylarında bir sıra tarixi faktları üzə çıxardı. Müsavat Partiyasının başqanı Arif Hacılının Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında 1993-cü ilin fevralında etdiyi videoçıxışını feysbuq profilində paylaşmasının ardından AXC iqtidarında baş nazir olmuş, AXP sədri Pənah Hüseyn qəzetimizə açıqlama verdi.

Sabiq baş nazir gündəmi silkələyəcək ilginc faktlar açıqladı. O, 1993-cü ildə 9 fevralda qəbul olunan bəyanatın televiziyada səsləndirilməsinin ardından həmin bəyanatda xəyanətkar elan olunan, mərhum prezident Əbülfəz Elçibəy hakimiyyətində müdafiə naziri olan Rəhim Qazıyevin ona zəng edərək, Prezident Aparatını bombalayacağı ilə bağlı hədələr yağdırdığını qeyd etdi. R.Qazıyev isə öz cavabında P.Hüseynin dediklərini təkzib etdi, sadəcə, onunla telefonda sərt formada danışdığını bildirdi.

Bütün bunlardan sonra bəzi müzakirələr açıldı. Müzakirələrin əsasını isə AXC iqtidarında təmsil olunanların bir-birinə qarşı münasibətləri, mərkəzdənqaçma meyllərinin o dövrdə nə qədər güclü olduğu və digər bu kimi məsələlər təşkil etdi. Şərti olaraq haqlı suallar meydana çıxıb ki, həmin dövrdə iqtidarda təmsil olunanlar yenidən hakimiyyətə gəlsələr, eyni vəziyyət yaranarmı?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev gedən müzakirələrə bu cür şərh verdi: “25 il əvvəlki hadisələrə qayıtmaq, onlarla uğraşmaq fikrində deyiləm. Hesab edirəm ki, bu gün Azərbaycan siyasətinə təsir edə bilməyən insanlar, Arif Hacılı kimi birisi 1993-cü ildəki videoçıxışını paylaşıb gündəmə gəlmək istəyir. Yəni şərtlər, zaman dəyişib, siyasi palitrada müəyyən qüvvələr yerlərində dəyişiklik ediblər. O dönəmdəki Azərbaycan Xalq Cəbhəsi yoxdur. İndi Xalq Cəbhəsi adı altında fəaliyyət göstərən müxtəlif təşkilatlar var. O zaman da təşkilatın daxilində müəyyən fraksiyalar var idi. Elçibəyi qəbul etməyən qüvvələr özlərinə partiya düzəltdilər. İndinin özündə həmin qüvvələr hakimiyyətə gəlmək üçün mübarizə aparmır, fəaliyyət göstərmirlər. Hakimiyyətə gəlmək perspektivləri də yoxdur. Birlikdən danışmaq isə ümumiyyətlə, mümkün deyil. Məni Azərbaycanın taleyi və gələcəyi düşündürdüyünə görə keçmişə səyahət etmək fikrində deyiləm. Hakimiyyət dəyişikliyi olacaqsa, o hakimiyyətdə mənim partiyam təmsil olunacaq”. (“Yeni Müsavat”)