Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Dilimiz bütün səviyyələrdə tətbiq olunmalı və İranda dövlət dillərindən biri kimi status almalıdır”

Fərəc Quliyev: “Dilimiz bütün səviyyələrdə tətbiq olunmalı və İranda dövlət dillərindən biri kimi status almalıdır”
İranda məktəblərdə Azərbaycan dili tədris olunacaq - Verilən vədlər doğrulacaqmı...

Cari tədris ilindən İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq. Bu barədə İran mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 2017-ci ildə ikinci dəfə prezident seçilən Həsən Ruhani Təbrizdə yerli əhali ilə keçirdiyi seçkiqabağı görüşündə Şərqi Azərbaycan vilayətindəki məktəblərdə Azərbaycan dilinin tədris olunacağı barədə söz verib. Prezident seçki kampaniyasında verdiyi sözü tutaraq Azərbaycan dilinin tədrisinə icazə verib.

Vilayətin rəhbəri Cəfər Paşayi bildirib ki, təhsil nazirinin əmrinə əsasən, orta məktəblərdə şagirdlərə həftədə 2 dəfə Azərbaycan dili tədris olunacaq:“Bu il yeni dərs ilində Şərqi Azərbaycanın bəzi məktəblərində türk dilinin tədrisinə başlanılacaq və tələbələrə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.

Türk dili dərslərinin eksperimental tətbiqi təhsil nazirinin verdiyi sərəncama əsaslanır. Təhsil nazirinin əmrinə əsasən, ibtidai məktəbin dördüncü və orta məktəbin doqquzuncu siniflərində məktəblər üçün xüsusi proqram nəzərdə tutulub. Bu proqramların məzmunu və saatı əyalət məktəblərindən asılıdır. Biz bu saatlardan istifadə edərək türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlayacayıq".

Cəfər Paşayi vurğulayıb ki, məktəblərdə türk dilinin tədrisi ilə bağlı xüsusi komitə yaradılıb. Komitə dərslərin zamanı, müəllimləri və tədris tərzi ilə bağlı Təhsil İdarəsinin şura mərkəzində müzakirələr aparacaq. Proses təkmilləşdikdən sonra layihənin icrasına başlanılacaq.

Qeyd edək ki, uzun illərdir İranda milyonlarla Azərbaycan türkü öz ana dilində təhsil almaq hüququ uğrunda mübarizə aparır. Bununla bağlı dəfələrlə etiraz aksiyaları keçirilib.

Bəs bu dəfə verilən vədin yerinə yetirilməsi nə dərəcədə real ola bilər?

Milli vəkili Fərəc Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili atılan addımın təqdirəlayiq olduğunu deyib:

“Lakin hesab etmirəm ki, bu təkcə İran rəhbərliyinin xoşməramlı olmasından irəli gəlib. On illərdir ki, orada yaşayan xalqlar öz mədəniyyəti uğrunda mübarizə aparır və İran rəhbərliyi təpkilərin fərqində idi. Azərbaycan türkləri İranda milli azlıq deyil, çoxluqdur. Əslində orada dövlət dillərindən biri Azərbaycan türkcəsi olmalı və bütün Azərbaycan bölgələrində ana dili tədris edilməlidir. Həmçinin bütün universitetlərdə Azərbaycan dili fakültələri açılmalıdır.Amma indi belə bir addımın atılması onu göstərir ki, ya zəlzələdən, ya da vəlvələdən İran rejimi əvvəl-axır milli iradəni qəbul etməli, o istəkləri həyata keçirmək üçün addımlar atmalıdır.

Qeyd edim ki, dəfələrlə İran parlamentində azərbaycanlı deputatlar bu məsələni gündəmə gətirmişdi. Xüsusən də milli fəallarla olan istənilən tədbirdə milli haqların tələb olunması nəticəsində İran tərəfinin seçimi olmadı. Son zamanlarda İran ağır vəziyyətdədir, ona sanksiyalar tətbiq olunur, bütün dünya onu bölgədə təhlükə yaradan dövlət kimi tanıyır, irimiqyaslı sazişlər pozulur və sairə. Belə bir vəziyyətdə ölkədə milli çoxluğun hüququnun pozulması təbii ki, İrana siyasi cəhətdən təzyiqlərə əsas verir. Beləliklə, rəhbərlik vəziyyəti qismən dəyişmək üçün belə bir addım atıb və hesab edirəm ki, bunun ardı milli çoxluğun təpkisi ilə artmalıdır. Dilimiz bütün səviyyələrdə tətbiq olunmalı və İranda dövlət dillərindən biri kimi status almalıdır".

(Hurriyyet.org)